Səlimov Həbib bəy Hacı Yusif oğlu — ADR ordusunun Baş Qərargah və dəftərxana rəisi, general-mayor.
Həbib bəy Səlimov Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarovun 26 fevral 1919-cu ildə, otuz nömrəli əmri ilə general-mayor rütbəsi ilə təltif olunub, 1920-ci ilin martında "Əsgəran müharibəsi" adı ilə məşhur olan cəbhənin qəhrəmanıdır.
1919-cu ilin iyul ayında briqada generalı Həbib bəy Səlimovun komandanlığı ilə Muğanda və Lənkəranda Azərbaycan milli hökumətini tanımaq istəməyən malakan və rus-erməni silahlı qüvvələri darmadağın edilmişdir. Düşməndən qənimət üçün götürdüyü bir təyyarəni, iyirmi dörd topu və altmış pulemyotu Azərbaycan Ordusuna təhvil vermişdir. Muğan və Lənkəranı ana yurdu Azərbaycana qaytaran Həbib bəy buraya qısa müddətə vali təyin edilmişdir.
1918-ci ildə Qafqaz İslam Ordusunun sıralarında Azərbaycanda olmuş türk podpolkovniki Rüştü bəy "Bakının böyük hərb yollarında" ("Hərbi məcmuə", 1934-cü il, №93) kitabında Həbib bəyi igid bir sərkərdə kimi xatırlayır: "Cəsur və döyüş texnikasını gözəl bilən türk ordusunun yüksək rütbəli zabitləri tərəfindən layiqincə qiymətləndirilən polkovnik Həbib bəy rus ordusunda yetişmiş azərbaycanlı zabitlərdəndir. Döyüşlərdə cəbhə iki yerə ayrılırdı: şimal və cənub qruplarına. Cənub qrupunun komandiri polkovnik Həbib bəy Səlimov idi".
Həbib bəy Səlimov daima ön cəbhədə olmuş və Azərbaycanı bolşevik-daşnak hərbi qüvvələrindən xilas etmk üçün mərdliklə vuruşmuşdur. Onun komandanlıq etdiyi cənub qrupu Nəvai və Ağbulaq stansiyalarını bolşevik-daşnak qüvvələrindən azad etdikdən sonra o, Nuru paşaya aşağıdakı məzmunda raport göndərdi.
"Birinci - bu gün Ağbulaq stansiyasını işğal edirəm. Yarın (1 avqust 1918-ci il) Ələti düşmən alsa da dəxi Allahın inayəti ilə işğal etmək üzrə irəliləyəcəyəm.
İkinci - mütəaqibən (sonra) Bakı istiqamətində hərəkət edəcəyəm. Fəqət qrupun suyu qətiyyən yoxdur. Susuzluqdan əfrad (bəzi adamlar) bayılmış bir haldadır. Sürətlə su gətirilməsi üçün icab edənlərə əmr bulunmasını təkrar-təkrar rica edirəm.
Üçüncü - Ələtdən sonra qaradan (torpaq yol) hərəkət edəcəyimdən bir minik avtomobilinin təhriki üçün əmr buyrulmasını rica edirəm".
...Avqustun birində cənub qrupunun komandanı Həbib bəy Səlimov Ordu komandanı Nuru paşaya göndərdiyi teleqramında bildirirdi ki, bu axşam Ələti işğal etdim. Dəfələrlə müraciət etməyimizə baxmayaraq, biz hələ də geridən içməli su almamışıq. Döyüşçülər susuz qaldığı kimi, lokomotivlər də su olmadığı üçün işləmir. Polkovnik Həbib bəy Səlimov susuzluğun qrupda ağır vəziyyət yaratdığını və su gətirilməyincə Ələtdən o yana hərəkət etməyin mümkünsüzlüyünü vurğulayır.
H.Səlimovun milli Azərbaycan Ordusunun formalaşdırılmasında da böyük tarixi xidmətləri vardır. Hələ 1918-ci ilin avqustunda Qafqaz İslam Ordusu komandanı Nuru paşanın əmri ilə Azərbaycan korpusu yenidən qurulmağa başlayanda hərbi təcrübəsinə və biliyinə görə bu korpusun qərargah rəisi təyin edilmişdi.
Gəncə-Bakı dəmir yolu ilə irəliləyən Cənub qrupunun komandiri kimi H.Səlimovun göstərdiyi təşkilatçılıq qabiliyyəti və igidliyi Azərbaycan hökuməti tərəfindən layiqincə qiymətləndirildi və elə bolşevik-daşnak qoşunlarına qarşı döyüşlərin gedişində ona polkovnik rütbəsi verildi.
1919-cu ildə Azərbaycan ordusundakı maddi çətinlikləri görən polkovnik Həbib bəy Səlimov hökumətin adına göndərdiyi raportunda ürək ağrısı ilə yazırdı: "Demək olar ki, bütün əsgərlər Azərbaycan əyalətlərində yerli əhalinin hesabına dolanır, yarıac, yarıtox həyat sürürlər. Hətta böyük və varlı şəhər olan Bakıda əsgərlərə yemək tapılmır. Nə polkun, nə də korpusların anbarları yoxdur. Əsgərləri həmişə "un şorbası" ilə yedirtmək olmaz ki... Onuncu polkun çoxlu əsgəri çəkməsiz və corabsızdır. Ordunu yeməksiz, paltarsız, atsız, təchizatsız yaratmaq olmaz. Yarıac, paltarsız əsgər əlbəttə ki, evə qaçmaq istəyəcək.
1920-ci ildə Həbib bəy Hacı Yusif oğlu Səlimovu bolşeviklər güllələdilər.