Azərbaycana da uğur gətirən müğənni-Ruslana

Azərbaycana da uğur gətirən müğənni-Ruslana

Ukraynanın məşhur müğənnisi Ruslana Stepanovna Lıjiçko 24 may 1973-cü ildə Ukraynanın Lvov şəhərində anadan olub. Onun anası Nina Arkadiyevna əvvəllər Lvov neftkimya institutunda işləyirdi. Amma sonralar qızının musiqi sahəsində karyerasının yüksəlişi onun peşə fəaliyyəti istiqamətinin dəyişməsinə səbəb oldu. Hal-hazırda müğənninin anası qızına məxsus “Lyüksen Studiya” prodüser mərkəzində baş media meneceri vəzifəsində çalışır. Ruslananın atası Stepan İvanoviç isə hal-hazırda bizneslə məşğul olur. Əvvəllər o da müğəninin anası ilə birlikdə Lvovda neftkimya institutunda çalışırdı. Artıq uzun illərdir ki, Ruslananın valideynləri birgə yaşamırlar. Onlar 1981-ci ildə rəsmən boşanıblar. Ruslanın Anna adlı bir bacısı var. Anasının təşəbbüsü ilə Ruslana balaca yaşlarında musiqi məktəbinə gedir və çox keçmədən o müxtəlif musiqi qruplarında – “Horizont”, “Orion” və “Ulıbka” uşaq ansamblında çıxış etməyə başlayır. Lvov şəhərində yerləşən 52 saylı orta məktəbi bitirdikdən sonra Ruslana Lvov Konservatoriyasına daxil olur və 1995-ci ildə bu ali təhsil ocağını müvəffəqiyyətlə başa vurur. Ruslana peşəkar musiqi karyerasına 1996-cı ildə “Slavyan bazarı” festivalında iştirak etməklə başlayır və bu festivalın qalibi olur. Ümumiyyətlə, 1996-cı il onun üçün olduqca uğurlu il olur. Belə ki, həmin il Ruslana ölkəsində “İlin müğənnisi” seçilir və onun ifa etdiyi «Дзвінкий Вітер» mahnısına çəkilmiş klip “Ən yaxşı Video” nominasiyasında qalib elan olunur. Bu uğurların qazanılmasında onun prodüseri və mahnılarının müəllifi olan və 1995-ci ilin sonlarında müğənni ilə ailə həyatı qurmuş Aleksandr Ksenofontovun xüsusi rolu olur. 1997-ci ildə müğənni «Рождество с Русланой» adlı telelayihə üzəridə çalışmağa başlayır. 1998-ci ildə Ruslanın «Дзвінкий Вітер» adlı ilk musiqi albomu işıq üzü görür və albom mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. 1998-ci ildə isə müğənninin ifa etdiyi «Світанок» mahnısı «Золотая Жар-птица 98» müsabiqəsində “İlin ən yaxşı mahnısı” mükafatına layiq görülür. 2003-cü ildə Ruslana «Дикі Танці» adlı albomunu buraxdırır. 500 min ədəd tirajla buraxılan bu albom olduqca böyük uğur qazanır. 2004-cü ildə bu albomun ingilis versiyası hazırlanır və əksər Avropa ölkələrində satışa buraxılılr. Elə həmin il Rumıniyada bu albom “Ən yaxşı xarici albom” mükafatını alır. 2004-cü il də Ruslanın yaradıcılığında olduqca uğurlu bir il olur. Belə ki, İstanbulda keçirilən “Eurovision-2004” Beynəlxalq Mahnı Müsabiqəsində «Wild Dances» mahnısı ilə Ukraynanı təmsi edən müğənni əvvəlcə yarımfinalda ikinci nəticə əldə edərək finala vəsiqə qazanır. 16 may 2004-cü il tarixdə keçirilən final yarışmasında isə 280 xal toplayan Ruslana müsabiqənin qalibi olur. İsveçrədən başqa yarışmada təmsil olunan bütün ölkələrdən Ruslanaya xallar verilir. Bu möhtəşəm qələbədən sonra o, “Ukraynanın xalq artisti” fəxri adına layiq görülür. “Eurovision-2004” mahnı müsabiqəsi Ruslananı daha da şöhrətləndirir. O, qalib kimi 2005-ci ildə keçirilən müsabiqənin «Heart on Fire» mahnısı ilə açılışını edir, qonaq qismində isə «The Same Star» mahnısını ifa edərək tamaşaçılara xoş anlar bəxş edir. 2006-cı ildə Alman TV-si Ruslanaya qalibiyyət gətirən «Wild Dances» mahnısını “Eurovision” müsabiqəsi tarixinin ən yaxşı mahnısı olduğunu elan edir. 2008-ci ildə müsabiqəyə ilk dəfə qatılacaq Azərbaycanda keçirilən milli seçmə turlarının açılışını da Ruslana edir. Yeri gəlmişkən, müğənninin ayağı düşərli olur. Müsabiqəyə uğurla qoşulan Azərbaycan təmsilçiləri ildən-ilə daha yüksək nəticələr əldə edərək qısa müddətdə, yəni 2011-ci ildə keçirilən yarışmada Eldar Qasımov-Nigar Camal cütlüyü ilə müsabiqənin qalibi oldular. Musiqi fəaliyyəti ilə yanaşı Ruslana ölkəsinin ictima-siyasi həyatında da yaxından iştirak edir. O, əvvəlki prezidenti Viktor Yuşenkonun seçkiqabağı kampaniyasında olduqca fəallıq göstərmiş, 2006-cı ildə Ruslana “Bizim Ukrayna” Partiyasının siyahısı əsasında Ukrayna Ali Radasının xalq deputatı seçilmişdir. Lakin siyasi intriqalar müğənninin heç də ürəyincə olmadığından, az sonra o, mandatından imtina etmişdir. 

İnci

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az