Azərbaycanda psixi xəstələrin sayı açıqlanıb.
Vətəninfo.az Modern.az-a istinadla xəbər verirki, Dövlət Statistika Komitəsinin məlumatına görə, psixi xəstələtin sayı azalıb.
Rəsmi statistikaya görə, Azərbaycanda 2014-cü ildə ilk dəfə qoyulan diaqnozla qeydə alınmış psixi xəstələrin sayı 4276 nəfə olub. Bu, psixi xəstələrin sayında azalma müşahidə olunduğunu göstərir. Belə ki, ilk dəfə qoyulan diaqnozla qeydə alınmış psixi xəstələrin sayı 2000-ci ildə 6907 nəfər, 2005-ci ildə 5621 nəfər, 2010-cu ildə 4984, 2012-ci ildə 4948, 2013-cü ildə isə 4904 nəfər olub.
Bildirilir ki, ötən il
müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan psixi xəstələrin
sayı 102807 nəfər təşkil edib, halbuki, 2013-cü ildə bu rəqəm 124134
olub.
Amma bəzi psixoloqların fikrincə, rəsmi statistika
gerçəkliyi əks etdirmir. Bu, onunla əsaslandırılır ki, psixi xəstələrin
heç də hamısı rəsmi qeydiyyata düşmür.
Psixoloqlar psixi
xəstələnmənin səbəblərindən bir kimi insanların sosial-iqtisadi
vəziyyəti göstərirlər. Psixoloq Aytən Əhmədova deyir ki, ümumi götürəndə
insanlara ictimai-siyasi, sosial-iqtisadi vəziyyət çox güclü təsir
edir.
"İndiki zəmanədə olan ədalətsizlik və haqsızlıqların olması,
sağlamlığın kifayət qədər təmin olunmaması da insanlara mənfi təsir
göstərir”.
Psixoloq psixi xəstələrin çoxalmasını həm də digər
amillərlə də əlaqələndirir: "İnsanların yaxınlarını itirməsi üzündən
şəxsi faciələrin baş verməsi, qaçqın və bəzi ailələrin ağır şəraitdə
yaşaması, işsizlik, sosial problemlərin artması, ailələrdə olan
münaqişələr, insanların informasiya bolluğuna düşməsi də psixi
xəstələnmələrə səbəb olur”.
A.Əhmədova gənclər arasında psixi
pozğunluğun artmasından narahatdır: "Gənclərin müəyyən bir iş yeri tapa
bilməməsi onlarda əsəb gərginliyi yaradır. Bundan başqa onların iradəsi
və sinir sistemi zəifləyir, daim həyacan içərisində olurlar. Nəticədə
onlarda sinir sistemi pozulur”.
Müsahibimiz yaşlı təbəqə
arasında da bu cür halların olduğunu bildirir. Onun sözlərinə görə, bəzi
insanlar indiki dövrə uyğunlaşa bilməkdə çətinlik çəkirlər: "Bəziləri
yaşamaq, qalib gəlmək və pozitiv hisslər ətrafında hərəkət etmək
istəmirlər. İnkişafın belə bir dəyişkən vəziyyətinə insanlar hamısı
hazır deyil. Bu da sonda gərgin vəziyyətə gətirib çıxarır”.
Qeyd edək ki, Azərbaycandakı psixiatriya (ruhi) xəstəxanalarına
pasiyentlər ilk növbədə şizofreniya, şizoid tipli və sayıqlama ilə
müşayiət olunan xəstəliklərlə əlaqədar qəbul olunurlar.