Azərbaycanda 4 ana niyə öldü?

Azərbaycanda 4 ana niyə öldü?
Anaların ölüm səbəbləri açıqlandı

Bu il Azərbaycanda baş verən ana ölümlərinin səbəbləri müəyyən edilib.  Yanvar ayının 1-dən bu günə qədər ölkədə 4 ana ölümü faktı qeydə alınıb.

Ana ölümləri Tovuz, Goranboy, Ağcabədi rayonları və Bakının Qala qəsəbəsində qeydə alınıb. İstiPress-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin baş həkimi, baş mama-ginekoloq Sevinc Məmmədova bildirib.

Tovuzda qeydə alınan ana ölümünə səbəb həkimə gec müraciət olunması nəticəsində başlayan qanaxma olub. Goranboydakı ana inkişafdan qalmış hamiləlik səbəbindən dünyasını dəyişib. Paytaxtın Qala qəsəbəsindəki ana ölümü isə evdə doğuş zamanı olub: "Həkimə bir dəfə müraciət edilib, lakin həkim sancı olduqda müraciət etməyi məsləhət görüb. İki həftədən sonra qadının evdə sancısı tutub. Qohumları isə onu vaxtında həkimə gətirmək əvəzinə, tam açılışın olmasını gözləməyi məsləhət biliblər. Əvvəldən anemiyası olan qadın vaxtında həkimə müraciət etmədiyindən müalicə almayıb. Evdə sancını sona kimi gözləyib, nəticədə su kisəsi açılmayıb, belə olan halda ciftin vaxtından əvvəl qopması baş verib. Nəticədə isə qanaxma baş verərək ölümə səbəb olub”.

Bu il qeydə olunan sonuncu ana ölümü Ağcəbədidə olub. Səbəb isə ağır preklamsiya (ağır və fəsadlaşmış hamiləlik) olub:"Əvvəldən bu qadının böyrəyində problem olub. Doğuşdan sonra böyrək fəaliyyətini dayandırıb. Zahılığın 34-cü günündə böyrək ağrısı ilə həkimə müraciət edib. Məlum olub ki, on günə yaxındır böyrəyi süzmürmüş. Xəstə dərhal Respublika Kiliniki Xəstəxanasına göndərilib. Ona nə qədər yardım göstərilib dializə qoşulsa da, həyatını xilas etmək mümkün olmayıb".

Sevinc Məmmədova bildirib ki, qeydə alınan bütün hamiləliklərin hamısının təkrar hamiləlik, qadınların da yaşların 30-dan yuxarı olub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az