Azərbaycanda bir adam nə qədər qaz və işıq “israf” edir? - Bir ayın statistikası

Azərbaycanda bir adam nə qədər qaz və işıq “israf” edir? - Bir ayın statistikası
"Rəsmi statistikaya görə, hazırda Azərbaycanda 1.9 milyon ev təsərrüfatı təxminən 2.8 milyard kubmetr təbii qaz istehlak edir”.
 
Miq.az BakiPost.az-a istinadən  xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev məlumat verib. Bildirib ki, bu, bir ev təsərrüfatına ayda təxminən 120 kubmetr təbii qaz istehlakı deməkdir: "Bizim rəsmi statistika "orta statistik ailə" dedikdə orta hesabla hər 100 ailəyə 450 nəfər nəzərdə tutur. Bu rəqəmdən çıxış etsək, bir nəfər üçün orta aylıq istehlak 27 kub edir. Nazirlər Kabinetinin təsdiq elədiyi minimum kommunal xidmət normativinə görə isə, bir nəfərin minimal aylıq istehlakı 21 kub təşkil etməlidir”.
 
Digər rəsmi statistikaya görə isə, hazırda Azərbaycanda 2.3 milyon ev təsərrüfatı təxminən 8 milyard kV-saat elektrik enerjisi istehlak edir: "Bu, bir ev təsərrüfatına ayda təxminən 290 kV-saat elektrik istehlakı deməkdir. Yenə də rəsmi statistikanın "orta hesabla hər 100 ailəyə 450 nəfər" rəqəmindən çıxış etsək, bir nəfər üçün orta aylıq istehlak 64 kV-saat təşkil edir. Nazirlər Kabinetinin təsdiq elədiyi minimum kommunal xidmət normativinə görə isə, bir nəfərin minimal aylıq istehlakı 50 kV-saat elektrik enerjisi təşkil etməlidir. Yəni, həm təbii qaz, həm də elektrik enerjisinin faktiki istehlak səviyyəsi hökumətin rəsmi təsdiq elədiyi minimum səviyyəyə yaxındırsa, burda israfçılıqdan danışmağın yeri qalmır”.
 
R. Ağayevin sözlərinə görə, Azərbaycanda adambaşına elektrik enerjisi istehlak səviyyəsi inkişaf etmiş ölkələrlə müqayisədə təxminən 2 dəfə azdır: "İnkişaf etməkdə olan ölkələrlə isə eyni səviyyədədir. Ümumiyyətlə, dünyada hazırda orta hesabla 1 ev təsərrüfatına elektrik enerjisi istehlakı 3.5 min kV-saat ətrafındadır. Azərbaycanda da bu qədərdir. Böyük Britaniya, Fransa və ABŞ-da isə 6.5-7 min kV-saat ətrafındadır. Bu baxımdan bizim ev təsərrüfatlarını istehlak səviyyəsi "israfçı" standartına uyğun deyil”.
 
Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az