Xidmət rəisi "Təhlükəsiz iş aylığı" çərçivəsində maarifləndirmə tədbirlərinə də xüsusi önəm veriləcəyini qeyd edib: "Bakıda və respublikanın regionlarındakı avtomobillərə texniki xidmət və avtoyuma məntəqələrinin işçilərinin, habelə işəgötürənlərin iştirakı ilə maarifləndirmə xarakterli seminar-müşavirələrin, dəyirmi masaların, görüşlərin keçirilməsi də nəzərə tutulur. Bu tədbirlərdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin və onun regional bölmələrinin əməkdaşları tərəfindən əmək qanunvericiliyinə, o cümlədən əməyin mühafizəsinə dair geniş məlumatlandırma işləri aparılacaq, onların sualları cavablandırılacaq".
F.Əlizadə ilk dəfə olaraq ötən ilin sentyabrında Azərbaycanda "Təhlükəsiz iş həftəsi", sonralar bu ilin yanvar-fevral aylarında "Təhlükəsiz iş ongünlüyü", aprel ayında isə "Təhlükəsiz iş aylığı"nın keçirildiyini diqqətə çatdırıb: "Həmin tədbirlər çərçivəsində işəgötürənlərin və işçilərin müvafiq mövzu ilə bağlı dolğun şəkildə məlumatlandırılması, habelə istehsalat qəzası riski yüksək olan iş yerlərində əməyin mühafizəsi vəziyyətinin araşdırılaraq, aşkar olunan nöqsanların aradan qaldırılması üçün məqsədyönlü işlər görülüb. Ümumiyyətlə, həm dövlət nəzarətinin gücləndirilməsi, həm də qeyd edilən tədbirlər çərçivəsində aparılmış işlər müsbət nəticələrini verir. Məsələn, bu ilin birinci yarımilində əmək qanunvericiliyinin pozulması faktlarının sayı 2014-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 12,8 faiz, həmçinin istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 42,1 faiz, bu hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 2 dəfə, xəsarət alanların sayı isə 48,8 faiz azalıb. Əminik ki, növbəti "Təhlükəsiz iş aylığı" da bu sahədə müsbət göstəricilərin daha da artmasında mühüm rol oyanayacaq".