Azərbaycanın sürücülük vəsiqələri xarici ölkələrdə niyə tanınmır? - Qüsurlar var

Azərbaycanın sürücülük vəsiqələri xarici ölkələrdə niyə tanınmır? - Qüsurlar var

Azərbaycanda verilən sürücülük vəsiqələrində iki 2 qüsur var.


Milli.Az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib. Onun sözlərinə görə, birinci qüsur vəsiqələrdə bəzi hərflərin latın əlifbası ilə olmaması ilə bağlıdır: 


""Yol hərəkəti haqqında" 1968-ci il Vyana konvensiyasının 6 saylı əlavəsinin 6-cı (köhnə redaksiyada 3-cü) bəndində qeyd olunur ki, milli sürücülük vəsiqəsində bütün məlumatlar latın əlifbasının hərfləri ilə yazılmalı, başqa əlifba ilə yazıldıqda isə latın hərfləri ilə transliterasiya edilməlidir (yəni təkrar yazılmalıdır). Bizim əlifbadakı 7 hərf latın hərfi olmadığına görə vəsiqələrimizdə bu hərflər olacağı təqdirdə həmin vəsiqə Konvensiyaya uyğun sayılmayacaq, çünki bizim vəsiqələrdə belə sözlər təkrarlanmır".

İkinci qüsur vəzisəqədəki məlumat sıralaması ilə bağlıdır: "Konvensiyanın 6 saylı əlavəsi 2004-cü ildə yeni redaksiyada verilib və həmin yeni redaksiya 2011-ci ildə qüvvəyə minib. Yeni redaksiyada vəsiqədə məlumatların bəndlər üzrə sıralanması da bizim vəsiqələrdə pozulub. Həmin sıralamanın pozulması da vəsiqələrimizi xarici ölkələrdə yararsız hesab edir".

Hüquqşünas qeyd edib ki, düzdür, bəzi ölkələrdə bunun fərqinə xüsusi varmırlar, amma elə ölkələr var ki, orada qanunvericiliyin bir hərfində də güzəşt etmirlər, ona görə də bizim vətəndaşlar problemlə üzləşirlər.

 

Ə.Hüseynovun fikrincə, bu qüsurlar xaricdə vəsiqənin dəyişdirilməsi və ya avtomobil icarəyə götürəndə də problemlər yaradır: "Ən ciddi problem bizim vəsiqəmizi xarici ölkədə yerli vəsiqəyə dəyişəndə yaranır. Yolda xidmət edən polis qeyd etdiyim uyğunsuzluqları əhəmiyyətsiz saysa da, həmin ölkənin vəsiqə verən məmuru Konvensiya ilə uyğunsuzluğu görür və dəyişməkdən imtina edir.

Bəzi ölkələrdə isə avtomobil icarəyə verənlər bizim vəsiqəni yaxına buraxmırlar. Onlar isə adətən sığortadan qorxurlar, çünki belə vəsiqə ilə sürən adam qəza törədəndə sığorta şirkəti bizim vəsiqənin həmin uyğunsuzluğunu rəhbər tutub deyir ki, buna niyə avtomobil vermisiniz, ödəniş etmirəm".

Ekspert hesab edir ki, problemdən çıxış yolu var və çox sadədir: "Hazırda verilən vəsiqələrin blankını (şablonunu) Konvensiyaya uyğunlaşdırıb, camaata normal vəsiqə verilməlidir. Özü də "Yol hərəkəti haqqında" Qanunun 35-ci maddəsinin VIII hissəsinə əsasən, sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə bağlı olduqda dövlət rüsumu ödənilmir".



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az