"Azərenerji"də islahatların keçirilməsinə və strukturlaşmaya ciddi ehtiyac yaranıb - Etibar Pirverdiyevin adı yenidən gündəmə gəlib
Bəzi dövlət qurumlarının külli miqdarda vergi borcunun yaranması
məsələsi dəfələrlə ölkə mediasının gündəminə gəlib. Dövlətə
vaxtlı-vaxtında vergi verməyən qurumların rəhbər şəxsləri tənqid edilib
və onların barəsində müvafiq ölçü götürülməsi təklif olunub. Nazirlər
Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident
İlham Əliyevin vergilərin yığılması ilə bağlı məsələyə diqqət çəkməsi bu
problemin hələ də aktual olduğunu xatırlatdı. Xarici sərmayələrin
daxili sərmayələri üstələdiyini, neft gəlirlərinin azaldığını,
vergilərin tam ödənilmədiyini, bu zamana qədər vergi ödənişi ilə bağlı
dövlətin güzəştli mövqe sərgilədiyini qeyd edən dövlət başçısı yeni
mərhələdə fərqli yanaşma olacağını bəyan etdi: "Mən giriş sözümdə qeyd
etdim ki, son bir neçə il ərzində bəlkə ilk dəfədir, xarici sərmayə
daxili sərmayəni üstələyib. Nəyə görə? Ona görə ki, daxili
investisiyalar azalıb. Daxili investisiyaların böyük hissəsi dövlət
büdcəsi, yaxud da ki, Dövlət Neft Fondu hesabına formalaşıb. Bu,
reallıqdır, bunu hamı bilməlidir. Belə olan halda əlbəttə, hər bir
hökumət qurumu baxmalıdır ki, bizim rezervlərimiz haradadır. Biz bu
rezervləri aşkar etmişik. Görmüşük ki, bir çox hallarda vergilər
ödənilmir, burada yayınmalar baş verir. Bunu hamı - sahibkarlar da,
cəmiyyət də bilir. Yəni əfsuslar olsun, vergivermə mədəniyyəti bizdə tam
şəkildə, şəffaf qaydada formalaşmayıb. Vergiləri dövlət qurumları
verir. Əlbəttə, o vergini almaq böyük məharət tələb etmir. Dövlət Neft
Şirkətində hər şey şəffafdır. Bu, dövlət qurumudur". Bildirək ki,
dövlətə külli miqdarda vergi borcu yaranan qurumlardan biri də
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətidir (ASC). Xatırladaq ki, bir neçə ay
əvvəl "Fitch Ratings" reytinq agentliyi ASC-də cərəyan edən proseslərlə
bağlı maraqlı məlumatlar açıqlayıb. Reytinq agentliyinin məlumatına
görə, ASC-nin yeganə səhmdarı Azərbaycan Respublikasıdır və 100 faiz
dövlətə məxsusdur. "Fitch" "Azərenerji"ni elektrik enerji istehsalı və
paylaşdırılması bazarında inhisarçı şirkət hesab edir. Belə ki, ölkənin
elektrik enerji paylaşdırılmasının 55 faizi məhz dövlət şirkətinə
məxsusdur. Amma Etibar Pirverdiyevin rəhbərlik etdiyi şirkət artıq
bundan məhrumdur. Çünki bildiyiniz kimi, şirkətin səlahiyyətlərinin
böyük hissəsi yeni yaradılan "Azərişıq"a verilib. Buna görə də ASC
səlahiyyətlərinin əsas hissəsindən məhrum olub. Məlumata görə,
"xərclər-plus" mexanizmi ilə tariflərin müəyyənləşdirilməsi şirkətlər
üçün əlverişli olsa da, sosial siyasət baxımından məhdud modeldir:
"Elektrik enerjisinin qiyməti tez-tez dəyişilmir, sonuncu dəfə 2007-ci
ildə artırılıb. Yanacaq xərcləri "Azərenerji"nin əməliyyat xəclərinin
demək olar ki, yarısını təşkil edir. 2013-cü ilin dekabrında 48 faiz
artaraq bir milyon m3-u 80 min manata qaldırıldı. 2014-2017-ci illərdə
enerji və qaz tariflərinin dəyişməz olaraq qalacağı gözlənilir. 2014-cü
ildə elektrik və qaz tarifləri arasında artım tempi arasında uyğunsuzluq
var və bu da müəyyən risklər yaradır. Şirkət bunu kompensasiya etmək
üçün dövlətin investisiya vəsaitindən istifadə edəcək. "Azərenerji"nin
vergi borcu 2013-cü ilin sonuna kimi 700 milyon manat təşkil edib.
Şirkət qalan vergi borclarını daha böyük həcmli dövlət subsidiyaları
hesabına və ya əlavə borclar cəlb etməklə ödəyə bilər. Bu, onun
kreditödəmə qabiliyyətinə neqativ təsir göstərir". Qeyd edək ki,
"Azərenerji" kimi iri şirkətlərin vergi borcunun haradan yaranması
indiyə kimi müzakirə olunan əsas mövzulardan biridir. Şirkət rəsmiləri
bunu özlərinə sərf edən formada şərh etsələr də, mütəxəssislər tamam
başqa fikirdədir. Ekspertlərin açıqladığı fikirlər Etibar Pirverdiyevin
ASC-yə ayrılan subsidiyaları düzgün xərcləmədiyini və bu şirkətdə
lazımsız xərclərin çoxluq təşkil etdiyini göstərir. "Şirkətlərin
ödənişlərinə baxdıqda məsələn, "Azərenerji" də, "Azəriqaz" da kifayət
qədər yüksək səviyyədə yığırlar. Həmin xidmətlər üzrə qiymətlər də
bahalaşıb, ancaq keyfiyyətdə heç bir irəliləyiş olmayıb. Ancaq bu
təşkilatlar hökumət qarşısındakı öhdəlikləri vaxtlı-vaxtında yerinə
yetirmirlər. Hesab edirəm ki, bu, xüsusi araşdırma mövzusudur. Borclu
şirkətlərin indiki strukturda fəaliyyəti səmərəli deyil. Yeganə çıxış
yolu ondan ibarətdir ki, həmin sektorlarda islahatlar getməlidir. Bu
xidmətləri həyata keçirən şəbəkələr özəlləşdirməyə, ya da uzunmüddətli
dövrdə istifadəyə verilməlidir. Müəyyən rəqabətli mühit yaratmaqla
problemin həllinə yardım etmək olar. Ancaq özəlləşdirmənin şəffaf və
ədalətli aparılması çox vacibdir. Borcların silinməsi son nəticədə pis
ənənə yaradır, arxayın olurlar ki, yəqin yenə də onların borcları
silinəcək və bu problemin həlli yollarını tapmaq istəmirlər. Amma borcun
silinməsi bütövlükdə problemin həlli deyil. Problemin həlli üçün mütləq
islahatlar keçirilməlidir, yenidən strukturlaşma aparılmalıdır". Məlum
olduğu kimi, dövlət tərəfindən iri vergi ödəyicilərinə, eləcə də
"Azərenerji" ASC-nin rəhbərliyinə bir neçə dəfə güzəşt edilib. Lakin
sözügedən qurumun dövlətə olan vergi borcu hər il bir qədər də artır.
Bu, "Azərenerji"də islahatların keçirilməsinə və yenidən strukturlaşmaya
ciddi ehtiyac yaradıb. Başqa sözlə desək, şirkətin dövlətə olan borcu
Etibar Pirverdiyevin görəvdən alınmasına gətirib çıxara bilər. Əldə
etdiyimiz məlumatlara görə, dövlətə borcu olan, lakin ödəməyən iri vergi
ödəyiciləri yaxın vaxtlarda cəzalandırılacaq.
Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.