Bakıda çökmüş yolda zirzəmi aşkarlandı - Açıqlama

Bakıda çökmüş yolda zirzəmi aşkarlandı - Açıqlama
İlkin araşdırma zamanı məlum olub ki, bu, əvvəllər sözügedən ərazidə söküntüsü tam həyata keçirilməmiş və tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmi hissəsidir.

Bu barədə AAYDA-dan Miq.az-a Cəlil Məmmədquluzadə küçəsində çökmüş ərazi barədə danışarkən deyiblər.
Bildirilib ki, aparılan qazıntılar zamanı yol səthindən təqribən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb:
"Şərti adı "B-04" olan metro stansiyasınının tikinti ərazisi Cəlil Məmmədquluzadə küçəsinə düşdüyü üçün 2012-ci ildə küçənin sözügedən hissəsi hərəkət üçün bağlanaraq hasarlanıb. Bakı Metropoiteni QSC-nin sifarişi ilə boş ərazidə alternativ olaraq müvəqqəti yol salınıb.
Müvəqqəti yol hissəsi söküntüsü tam həyata keçirilməmiş, tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmisinin üzəri ilə çəkildiyindən və həmin zirzəminin 6-7 ildir ki, torpaq altında qalaraq korroziyaya uğramış mərtəbələrarası beton tavası ötən gün gecə saatlarında sındığından müvəqqəti yolda çökmə baş verib.
Hazırda ərazidə geoloji-kəşfiyyat işləri aparılır.
Çökmə qeydə alınan hissə Bakı Metropoiteni QSC-nin sifarişi ilə alternativ olaraq və müvəqqəti salındığı üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında deyil.
Çökmə ərazisində aparılan işlərlə bağlı ətraflı və daha geniş məlumatlar veriləcək” – məlumatda bildirilir.
Qeyd edək ki, C.Məmmədquluzadə küçəsində çökmüş ərazidə aparılan qazıntılar zamanı təqribən yol səthindən 5-6 metr dərinlikdə tunel tipli boşluq aşkarlanıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Feysbuk səhifəsində məlumat paylaşaraq, bunun əvvəllər mövcud olmuş, sonradan söküntüsü yarımçıq həyata keçirilmiş binanın divarları olduğunu ehtimal edib.
O bildirib ki, yolun çökməsinin səbəbi də məhz torpaq qatının həmin boşluğa çökməsidir.
Agentlik məsələ ilə bağlı bu gün geniş açıqlama yayacaqlarını bildirmişdi.
 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az