Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş beynəlxalq “Qələbə estafeti”nin Türkmənistan nümayəndə heyətindən qəbul olunması ilə əlaqədar iki dəfə “Sovet İttifaqı Qəhrəmanı” general-mayor Həzi Aslanovun abidəsi önündə tədbir keçirilib.
Tədbirdə Böyük Vətən müharibəsinin, DSX-nin veteranları, bu qurumun hərbi qulluqçuları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə general-mayor Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə əklil qoyublar.
Dövlət himni səsləndirildikdən sonra estafetin qəbul olunması ilə bağlı tədbir keçirilib.
DSX rəisinin müavini, general-mayor Azad Ələkbərov tədbirdə çıxış edərək əlamətdar gün münasibətilə veteranlara təbriklərini çatdırıb. O, faşizm üzərində Qələbədən 70 il keçməsinə baxmayaraq, bu hadisənin tarixin yaddaşından heç vaxt silinməyəcəyini bildirib, MDB məkanında keçirilən “Qələbə estafeti”nin müstəqil respublikalar arasında dostluq və qardaşlıq ənənələrinin möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb. General-mayor Azad Ələkbərov Azərbaycan xalqının faşizm üzərində tarixi Qələbəyə böyük töhfələr verdiyini söyləyərək ulu öndər Heydər Əliyevin veteranlara göstərdiyi diqqət və qayğının bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Veteranlar çıxış edərək müharibədə göstərdikləri qəhrəmanlıq və şücaətlərdən, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında fəal iştiraklarından danışıblar.
Sonda “Qələbə estafeti”nin rəmzi təntənəli şəkildə Türkmənistan nümayəndə heyətindən qəbul olunaraq xüsusi hazırlanan avtomobillə Dövlət Sərhəd Xidmətinin Aparatına yola salınıb.
“Qələbə estafeti” mayın 22-də Azərbaycan-Rusiya dövlət sərhədində Rusiya Federasiyasının nümayəndə heyətinə təhvil veriləcək.
AZƏRTAC