“Bilirdim ki, Heydər Əliyev Konqresdən çıxıb, ürək əməliyyatına gedəcək"

“Bilirdim ki, Heydər Əliyev Konqresdən çıxıb, ürək əməliyyatına gedəcək

"Müstəqil dövlətçiliyin əsasını Heydər Əliyev qoyub. Ondan qabaq dövlət barəsində danışmaq mümkün deyildi. Bu, əsas mirasdır”.

Bu sözləri keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov mərhum Heydər Əliyevin xatirə günü ilə bağlı deyib.

O, mərhum prezidentlə yaddaqalan xatirələrinin çox olduğunu, ancaq birini daha təsirli saydığını söyləyir: "1999-cu il idi. ABŞ-da səfərdə idik, mən də nazir kimi prezidenti müşayiət edirdim. NATO çərçivəsində onun bir neçə görüşü vardı. O zaman artıq bəlliydi ki, rəsmi görüşlər bitəndən sonra Heydər Əliyev ürəklə bağlı cərrahiyyə əməliyyatına yollanacaq. Təbii ki, hamımız narahatıydıq, həyəcanlıydıq, başa düşürdük ki, təhlükəlidir. Amma mənə təsir edən o oldu ki, son görüş Konqresdəydi, həmin görüşü əvvəldən axıradək özü apardı, sözünü dedi, hətta xəritələri də konqresmenlərə özü payladı. Görüş bitəndən sonra təyyarəyə minib əməliyyata yollandı. Bu cür iradə sahibi olması, vəzifəsinə yüksək səviyyədə yanaşması, Azərbaycanın, dövlətçiliyin maraqlarını yüksək qiymətləndirməsi mənə görə çox təsirli idi. Hamımız insanıq. Diş həkiminə gedəndə belə narahat oluruq, ancaq onda söhbət ürək əməliyyatından gedirdi. Əliyevsə son görüşü də başa çatdırdı, sonra yola düşdü. Bu, yaddaşımda qalan ən təsirli xatirədir”.

Zülfüqarov ata Əliyevin hər zaman iş haqqında düşündüyünü söyləyir: "Məsələn, Türkiyə Cümhuriyyətinin yaranmasının 70 illiyi münasibətilə İstanbuldaydıq. Günün sonunda İstanbulda gəzinti də proqrama daxil edilmişdi. 2 saat yarım davam edən gəzinti zamanı Türkiyənin baş naziriylə əvvəldən axıra Azərbaycanla bağlı söhbət etdi, yəni nə sağa baxdı, nə də sola. Həmişə iş barəsində, Azərbaycan haqqında düşünürdü. İradəli insan idi. Allah qəni-qəni rəhmət etsin.

Heydər Əliyev istəsəydi, Dağlıq Qarabağ münaqişəsini həll edə bilərdimi? Keçmiş xarici işlər naziri deyib ki, bu problemin həllindən ötrü aradan uzun bir zaman keçməlidir: "Münaqişənin həlli bir şəxsiyyətdən asılı məsələ deyil”.(Azadlıq radiosu)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az