Son zamanlar Gürcüstanda yaşayan soydaşlarımız miqrasiya məsələləri ilə bağlı üzləşdikləri problemləri daha çox gündəmə gətirirlər. Onlar Azərbaycan hökumət üzvləri ilə görüşərək bu işdə onlara dəstək verilməsini xahiş edirlər. Gürcüstan parlamentinin üzvü Mahir Dərziyevlə söhbətimizdə bu və digər məsələlərə toxunduq.
- Gürcüstan və Azərbaycan dost ölkələrdir. Ancaq son dövrlər Gürcüstandakı Azərbaycan icmasını narahat edən bir sıra problemlər meydana çıxıb. Bizim əsas problemimiz miqrasiya məsələlərdir. Bununla bağlı Dövlət Miqrasiya Xidmətinin rəhbəri Firudin Nəbiyev və onun müavinləri ilə bir sıra vacib görüşlər keçirdik. Biz əvvəldən vurğuladıq ki, Azərbaycan dövlətinin maraqlarına və qanunvericiliyinə hörmətlə yanaşırıq. Kimliyindən asılı olmayaraq Azərbaycan Respublikasının ərazisinə daxil olan hər bir əcnəbi bu ölkənin qanunlarına hörmət etməli, leqal statusla yaşamalıdır. Amma bir məsələni də diqqətə çatdırdıq ki, xaricdə yaşayan azərbaycanlılar haqqında mərhum prezident Heydər Əliyevin 2002-ci ilin noyabrında imzaladığı “Xaricdə yaşayan azərbaycanlılarla dövlət siyasəti haqqında” qanun var. Gürcüstanla Azərbaycan arasında mövcud olan strateji əməkdaşlıq, dostluq, qardaşlıq münasibətlərini, Gürcüstanda böyük sayda azərbaycanlı icmasının yaşamasını əsas gətirərək, mövcud qanunda hər hansı dəyişikliyin edilməsini, ilk növbədə cərimə sanksiyalarının aradan qaldırılmasını xahiş etdik. Həmçinin Gürcüstanda hazırkı iqtisadi durum o qədər də yaxşı deyil. Elə ailələr var ki, həmin o cərimə sanksiyaları onlara tətbiq olunub. Bu ailələr bu cərimələri ödəmək iqtidarında deyil. Buradakı gürcüstanlılar yerli statusda yaşamayanda çoxsaylı maneələrlə üzləşirlər. Yəni, həkimə müraciət edə bilmirlər, doğulan uşaqlarının şəhadətnaməsini ala bilmirlər. Elementar hüquqi prosedurları həyata keçirə bilmirlər. Gürcüstan vətəndaşlarından 4260 nəfər Azərbaycanda müvəqqəti, 2059 nəfər daimi yaşamaq icazəsi alıb. Bu rəqəmlərdən qat-qat çox insan Azərbaycanda qeyri-leqal statusda yaşayır. Haradasa 50 minə yaxın vətəndaşımız öz dövlətinin qarşısında vətəndaşlıq vəzifələrini yerinə yetirə bilmir.
- Azərbaycanlıların torpaqlarının qaytarılması ilə bağlı ilkin addımlar atılıbmı?
- Bizim seçkiqabağı geniş platformamız mövcud idi. Biz məsələni milli zəmində yox, Gürcüstan vətəndaşı formasında qoyuruq. Kənddə yaşayan hər bir vətəndaşımız torpaqla təmin edilməlidir. Həmin torpaq sahəsini də becərmək üçün lazımi infrastruktur mövcud olmalıdır. Təəssüflər olsun ki, müəyyən obyektiv və subyektiv səbəblər üzündən problemlər meydana çıxdı. Torpaq islahatı düzgün aparılmadı, məmurlar özbaşınalıq etdilər, dövlət öz vətəndaşına sahib çıxmadı. Bu kimi səbəblər üzündən azərbaycanlılar məskunlaşan regionda – Kvemokartli bölgəsində torpaq problemi mövcuddur. Yeni iqtidar olaraq söz vermişik ki, bu problemi aradan qaldırcağıq. Təbii ki, məndən də soruşurlar ki, bu problemi hansı yolla həll edəcəksiniz? Bu, gələcəyin məsələsidir. Burada milliləşdirmə ola bilər, müəyyən qanun qəbul edilə və digər addımlar atıla bilər.
- Parlamentdə bu məsələlər müzakirə olunurmu?
- Gürcüstanda paradoksal vəziyyət yaranıb. Yəni yerli özünüidarəetmə orqanlarının təmsilçiləri də köhnə hökumətə aiddir. Biz, ancaq parlamentdə çoxluq əldə etmişik. Prezident də köhnə iqtidar mənsubudur və bundan da müəyyən problemlər qaynaqlanır. Amma sizi əmin edirəm ki, bizim dəqiq işlənmiş platformamız, proqramımız mövcuddur və biz həmin proqramı həyata keçiririk.
- Gürcüstanın baş naziri Bdzvina İvanişvilinin Azərbaycana səfərindən gözləntiniz nədir?
- Təbii ki, səfərin detalları ilə bağlı heç nə deyə bilmərəm. Yəni hər iki hökumətin müvafiq qurumları bu sahədə işləyirlər. Amma mən əmin edirəm ki, çox dolğun və məzmunlu bir səfər olacaq. Azərbaycanla Gürcüstan arasında olan dostluq, qardaşlıq, strateji əməkdaşlıq yeni bir səviyyəyə qalxacaq, yeni forma və məzmunla zənginləşəcək. Cənab Bdzvina İvanişvili də bununla bağlı bir sıra bəyanatlar verib. Onun Avropadan sonra ikinci səfəri Azərbaycandır və bu çox əlamətdardır.
-Azərbaycanlı ailələrə edilən basqınlarla bağlı hansı işlər görülüb?
- Bu hadisələrin əksəriyyəti təxribat xarakteri daşıyır. Orada məqsəd heç də soyğunçuluq və qarət olmayıb. Məqsəd əhalidə xof yaratmaq və yeni hökumətə qarşı etimadsızlıq mühiti formalaşdırmaqdan ibarətdir. Bu da iqtidarın maraqlı olduğu sabitliyi pozmaq istəyən qüvvələrin işidir. Təbii ki, sabitliyin bərqərar olmasında ən çox biz maraqlıyıq. Azərbaycan mətbuatında da bu və digər məsələ ilə bağlı müəyyən dezinformasiyalar yer alır. Bu gürcülərin azərbaycanlılara qarşı milli zəmində hücumu deyil. Azərbaycanda də cinayət hadisələri baş verir və bunu başqa millətin mənsubları törətmirlər. Oğrunun, qatilin milləti olmur. Əgər cinayət törədilibsə, cinayətkar mütləq cəzalanmalıdır. Sizi əmin edirəm ki, mən bu məsələni daim diqqətdə saxlayıram, polis rəisləri ilə mütəmadi olaraq bu barədə danışıqlar aparıram. Onu da deyim ki, bir neçə cinayət hadisəsi artıq isti izlərlə açılıb.
Firudin