"Bu düşüncəmizi anlayışla qarşılayacağınıza inanıram"
Millət vəkili Qənirə Paşayeva musavat.com-a məktub göndərib. Məktubda deyilir:
"Hörmətli "Deputat 2015 səhifəsi"nin adminləri, Dostlar facebookda
Deputat 2015 adlı səhifədə "Son 5 ilin ən yaxşı deputatı kimdir?” adlı
sorğu keçirildiyini bildirdilər. Baxdım. Orada səsvermənin ikinci
mərhələsi başladığını və orada millət vəkilləri həmkarlarım Azay
Quliyev, Fazil Mustafa, Adil Əliyev və Vahid Əhmədovla yanaşı mənim də
adımın olduğunu gördüm. Bu səhifənin idarəçilərini tanımıram amma sosial
şəbəkələrdə belə bir rəy sorğusunun keçirilməsinə marağı da anlayışla
qarşılayıram. Mənə dəstək olan və fəaliyyətimi qiymətləndirən hər kəsə,
xüsusilə də seçicilərimə öz minnətdarlığımı bildirirəm. Amma səhifədə
bəzi insanların bir sıra millət vəkili həmkarlarım olan insanların
ünvanına etikadan kənar ifadələr işlətməsini, təhqirləri doğru hesab
etmirəm. Bir az əvvəl millət vəkili həmkarlarım Azay Quliyev, Fazil
Mustafa və Vahid Əhmədovun səhifəyə müraciəti ilə bağlı mətbuatda gedən
məlumatları oxudum. Onların gətirdiyi arqumentlərlə tam razıyam və
onları təkrar vurğulamağa ehtiyac görmədən mən də həmkarlarımın bu
müraciətinə qoşuluram və mənim də adımın o sorğudan çıxarılmasını
səhifəni idarə edənlərdən xahiş edirəm. Bu düşüncəmizi anlayışla
qarşılayacağınıza inanıram."
Vətəninfo.az