”Bu gün nədənsə bir çoxları türkçülük və azərbaycançılığı qarşı-qarşıya qoyur”

”Bu gün nədənsə bir çoxları türkçülük və azərbaycançılığı qarşı-qarşıya qoyur”

"Müasir İnkişaf" İctimai Birliyinin sədr müavini, tədqiqatçı Aqşin Atalızadə ilə müsahibə:

- Aqşin bəy, bəzən belə fikir eşidirik ki, qlobollaşan dünyada milli ideologiya öz əhəmiyyətini itirir və onun elədə təsir imkanları qalmır. Sizin bu haqda düşüncələrinizi eşitmək maraqlı olardı.

- Bu suala cavab vermək üçün ilk növbədə qloballaşmanın mahiyətini və ümumiyyətlə reallıqda belə bir prosesin nə dərəcədə mövcud olub-olmamasını üzə çıxarmaq lazımdır.

Ümumən götürdükdə mahiyyət etibarilə bu proses dünya miqyasında inteqrasiya anlayışından daha çox dünyanın bir qütbünün öz xüsusiyyətlərini, dəyərlərini digərlərinə qəbul etdirmək xarakteri daşıyır və buna fərqli adlar geydirilir. Qloballaşma adlanan proseslər müxtəlif aspektlərdən cərəyan edir ki, onlardan bəzilərinin timsalında sualınıza cavab verməyə çalışaq. 

Birincisi, dəyərlərin qloballaşmasından söhbət gedirsə, burada qeyd etdiyimiz bir qütbün dəyərlərinin digərlərinə qəbul etdirmək cəhdindən söhbət gedə bilər. Bunun Azərbaycanın simasında reallaşma imkanını nəzərdən keçirsək görərik ki, cəmiyyətin yalnız kiçik bir hissəsi, mən deyərdim daha çox maddi maraq xatirinə bu “ümumbəşəri” dəyərləri qəbul edir, böyük əksəriyyət isə ona qarşı çıxış edir. Deməli, dəyərlərin qloballaşması prosesi daxili dəyərlərlə ziddiyyət təşkil edirsə, burada heç bir qloballaşmadan söhbət gedə bilməz. Bu daha çox milli dəyərlərin məhv edilməsi ssenarisi daşıyır.

İkincisi, hüquqi aspektdən yanaşsaq söhbət  bütün milli qanunvericiliyin beynəlxalq-hüquqi aktlara uyğunlaşdırılmasından gedə bilər. Bəli, Azərbaycan Respublikasının Konstitusiyası beynəlxalq hüquqi aktları qanunvericiliyin tərkib hissəsi kimi tanıyıb, hətta insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edib. Lakin, dövlətimiz Konstitusiyanın yəni, dövlətin ali sənədini və referendumla, yəni Azərbaycan xalqının ümumi iradəsi ilə qəbul edilmiş aktları istənilən beynəlxalaq aktdan üstün sayır. Bu o deməkdir ki, Azərbaycan dövlətinin ümummili maraqları və Azərbaycan xalqının istək və tələbatları istənilən beynəlxalq tələbdən üstündür. Heç təsadüfi deyil ki, Konstitusiyamıza edilən son düzəlişlərdən sonra dövlətin ali məqsədi kimi həm də Azərbaycan xalqının rifahının təmin edilməsi bəyan edilib.

Üçüncüsü, geosiyasi aspekdən, daha doğrusu dövlətlərin vahid ittifaqı aspektindən yanaşsaq görərik ki, bütün dünyanın vahid bir siyasi mexanizminin mövcud oması üçün vahid qütbün olması zəruridir. Birləşmiş Millətlər Təşkilatının (BMT) bütün dövlətlərin vahid iradə məkanı kimi qəbul etsək görürik ki, heç onun fəaliyyətində də obyektivlik və vahidlik yoxdur. Əgər dünyada vahid siyasi mərkəz, vahid qütb mövcud olsaydı, o heç bir müqavimət olmadan öz maraqlarını bütün qalan qismə tabe etdirərdi. Lakin, bugünkü dünyamızda qərbyönlü siyasi qütb ilə yanaşı Rusiya, Çin kimi güclü qütblər, zəif olsa da müsəlman dünyası qütbü də mövcuddur ki, onlar da heç də dünyanın vahid mərkəzdən idarə olunması ilə razılaşan deyillər.

Gələk bu vəziyyətdə Azərbaycanın mövqeyinə. Ölkəmiz 3 sivilizasiyanın: türk dünyası, islam dünyası və Rusiyanın simasında qərb dünyasının kəsişmə nöqtəsində yerləşir. Bu üç anlayış şərti xarakterlidir, çünki türk dünyasında həm də islam faktoru(amili), məsələn İranın simasında islam dünyasında və Rusiyanın özündə isə müəyyən qədər türk faktoru var. Elə Rusiyanın iştirakı olmadan da qərbin ölkəmizə nüfuz cəhdləri mövcuddur. Bu nüfuz isə elə hər üç sivilizasiyanın müqaviməti ilə rastlaşır. Deməli bu üç qüvvənin hər biri digərinin ölkəmizə qarşı tamamilə nüfuz etməsinə imkan verməyəcək. 

Bütün bunları nəzərə alsaq görərik ki, qloballaşma deyən prosesin özündən daha çox güclü adı mövcuddur. Azərbaycana münasibətdə isə bu proseslər heç də təbliğ edildiyi kimi getmir, əksinə həm cəmiyyət, həm də dövlət tərəfindən müqavimətlə rastlaşır. Bu baxımdan elə milli ideologiyanın formalaşdırılması məqsədlərindən biri kimi də məhz qloballaşma prosesi zəminində milli özünümövcudluğun qorunması çıxış edir. Yuxarıda göstəridiyimiz kimi, bu qorunma həm Azərbaycan xalqının istəklərinə, həm də dövlətimizin maraqlarına uyğundur. Buna görə də Milli ideologiya labüddür.

- Ümumiyyətlə, Siz milli dövlət modelini necə görürsünüz?

- Bu suala cavabı elə birinci sualda axtarmağa çalışaq. Milli dövlət modeli Azərbaycan xalqının istək və tələbatları ilə Azərbaycan dövlətinin maraqlarının uzlaşdırılması üzərində qurulmalıdır. 

Bu müxtəlif səviyyələrdə fərqli cərəyan edir. Məsələn xarici siyasətdə birinci sualınızda qeyd etdiyimiz kimi, müxtəlif xarici qüvvələrin nüfuzu zəminində balansı qorumaq və bütün mümkün vasitələrlə Azərbaycan Respublikasının müstəqilliyini qorumaq və möhkəmlətmək üzərində qurulmalıdır. Hazırda bu sahədə dövlətimizin siyasəti optimaldır. Azərbaycan dövləti həm türk dövlətləri ilə inteqrasiya siyasəti başılaca aktorlarındandır(önəmli), həm İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür, həm də beynəlxaql miqyaslı digər təşkilatların fəaliyyətində fəal iştirak edir. Eyni zamanda dünya qütbləri arasında da tarazlaşdırıcı siyasət yürüdərək öz müstəqilliyini qoruyub saxlayır.

Milli dövlət modelində dövlət idarəçilik formasının seçilməsinə gəldikdə isə burada da Azərbaycan xalqının istək və tələbatları həlledici rol oynayır. Açıq deyək, bəlkə də müqayisə yersizdi, tam uyğun gəlməyə bilər, ancaq xalqımız hər nə qədər vətənsevər olursa-olsun Yusif Sərracları, oliqarxları, pərakəndəliyi, zəifliyi, özbaşınalığı sevmir. Xalqımız güclü, nüfuzlu, qətiyyətli, xarizmatik (görnüşlü) eyni zamanda xalqına qarşı məhəbbət bəsləyən dövlət başçısı istəyir ki, bunu da hazırki prezidentin simasında görür. Bu halda dövlət başçısının hakimiyyətinin neçə il sürməsi ikinci dərəcəli məsələdir.  Buna görə də respublikamızda hələ uzun müddət geclü Prezident respublikasının mövcudluğu labüddür.

Daxili mənəvi sferaya gəldikdə dövlətimizin təməli olan türkləşmək, islamlaşmaq, müasirləşmək tezislərinin sistem halında mövcud olması və bir-birini tarazlaşdırması zəruridir. Bu tarazlığın azacıq da pozulması üstün cəhəti təmsil etdiyini bildirən xarici qüvvənin daxilə nüfuz edib dövlətin əsaslarına zərbə vurmasına şərait yarada bilər. 

Milli dövlət modelimizdə ölkəmizin qarşısında duran əsas problemlərin, məsələn Qarabağın azad olunmasının də hədəf kimi göstərilməsi zəruridir. Bu amil ilk növbədə bütün Azərbaycan xalqının ortaq dərdidir, ki, ümumi dərd də insanları daha da bir-birinə yaxınlaşdırır.

Bu barədə çox geniş danışıb konkret sferaları, iqtisadi¸sosial modeli, qanunvericiliyi və s. göstərmək olar. Mən yalnız əsas hesab etdiyim tərəfləri qeyd etdim. 

Soruşa bilərsiniz bəs milli dövlət modelini necə formlaşdıraq? Çox sadəcə məsəl var deyərlər çay axar özünə cığır tapar. Ola bilsin dövlətimiz öz müstəqilliyini bərpa edərkən onun təsis sənədlərində bu məqsədlər əksini tapmasın. Ancaq, dövlətimiz yaşadıqca və fəaliyyət göstərdikcə özü özünə lazım olan istiqaməti müəyyənləşdirir. Xalqın istəkləri də əvvəl axır özünü büruzə verir. Demək istədiyim budur ki, milli dövlət modelimiz öz-özünə konkret fəaliyyətdə formalaşmaqdadır. Bu proses müəyyən bir ümumiləşmə dövrünə çatdıqda isə onun konkret sənəddə təsbit olunması zəruri olacaqdır. 

- Bir zamanlar ölkədə türkçülük hərəkatı daha güclü idi və indi isə tamam başqa proseslər getməkdədir. Ekspertlər bunu belə əsaslandırırlar ki, artıq romantik türkçülüyü praqmatik türkçülük əvəz edib. Sizcə, deyilən fikirlər nə qədər həqiqəti özündə əks etdirir?

- Mən həm romantik həm də praqmatik türkçülük anlayışlarını olduqca köhnəlmiş və gerçəkliyi əks etdirməyən anlayışlar kimi qiymətləndirirəm. Bir tədqiqatçı kimi bu məsələləri araşdırmışam və hesab edirəm ki, həmin anlayışlar 100 il keçmişdə qalıb. 

Romantik türkçülük anlayışını ümumiyyətlə qəbul etmirəm. Daha çox öz tədqiqatlarımda mədəni və siyasi türkçülük anlayışlarından istifadə etmişəm. Mənim üçün türkçülük türklərin, o cümlədən  Azərbaycan türklərinin milli özünüdərk forması, bir millət kimi formalaşması prosesini əks etdirən anlayışdır. Bu halda isə heç bir romantikadan söhbət gedə bilməz. Bəlkə də Osmanlı dövlətinin bütün türkləri bir hökmarın hakimiyyəti altına birləşdirmək siyasətini romantik türkçülük adlandırmaq olardı.

Azərbaycanda isə hələ Axundovdan başlayan milli özünüdərk prosesi artan xətt üzrə inkişaf edib və Azərbaycan Xalq Cümhuriyyəti dövründə bizim üçün ən yüksək nöqtəyə çataraq siyasi türkçülük şəklinə keçib. Artıq bu dövrdən sonra isə Azərbaycan türkləri üçün türkçülük anlayışı xüsusi forma olan Azərbaycançılıq-Azərbaycan türklərinin digər azərbaycanlılarla birlikdə öz müqəddəratını həll etməsi və milli dövlətçiliyin inkişafı şəklini alıb. Hələ Cümhuriyyət dövründə  M.Ə.Rəsulzadə “Müsavat” fraksiyasının (birliyi) Parlament bəyanatında bildirmişdi ki, Azərbaycanın müstəqilliyinin bərqərar olması fraksiya ilə öz siyasi proqramının böyük bir qisimdə həyata keçirmişdir. O,  Rusiyanın yenidən təşkil olunaraq milli ərazi birliyi əsasında bərpa olunacağı halda da  demokratik Rusiya və onun ərazisində yaranmış digər xalqlarla ilə yenidən ittifaq bağlana biləcəyini də qeyd etmiş və bildirmişdi ki, bununla da azərbaycan türkləri ilə din və dil baxımından qohum olan  Türküstanlılar, qırğızlar, başqırdlar, Volqaboyu və Krım tatarları ilə ittifaqa girmiş olar. Lakin, əvvəlki dövrlərdən fərqli olaraq, bu zaman həmin ittifaq müqaviləsini artıq azərbaycanlılar deyil, müstəqil Azərbaycan dövləti bağlamış olacaqdı.

Demək istədiyim budur ki, Xalq Cümhuriyyətinin yaranması ilə ölkəmizdə ümumi türkçülük anlayışı estafeti(ötürülməsi) xüsusi növü olan Azərbaycançılıq anlayışına verib. Bu anlayış isə mənim üçün türkçülüyün Azərbaycan hüdudlarında təzahürü kimi çıxış edir.

Dövrümüzə qayıdaq. Bugün nədənsə bir çoxları türkçülük və azərbaycançılığı qarşı-qarşıya qoyulur, sanki bir-birinə düşmən amillər kimi təqdim edilir. Bəzi qüvvələr türkçülüyü 100 il əvvəlki səviyyədə qəbul edir, digərləri isə azərbaycançılığı sırf azərbaycanlılıq-Azərbaycan Respublikasının vətəndaşlarının Azərbaycan dövlətinə bağlılığı kimi məhdud səviyədə qəbul edir. Birincilər sanki ikincilərin tükçülüyü inkar etməsi, ikincilər isə birincilərin milli azlıqları nəzərə almaması düşüncəsindədir. Əslində isə sistemli yanaşma mövcud problemləri həll edərdi.

Türkçülük probleminə Turan - türk dövlətlərinin ittifaqı mövqeyindən yanaşsaq isə bu ideya artıq Türk Şurasının simasında reallaşıb deyə bilərik. Bu prosesdə də Azərbaycan dövləti fəal iştirak edir.

- Bəlkə də cəmiyyət bu istiqamətdə özlərini göstərməyə çalışan, ideologiya xidmət etməkdən daha çox özlərinin tanıtımına çalışan və boşboğaz insanların simasını görməkdən yorulub. Çünki, bu fikirləri müntəzəm olaraq eşidirik... Ola bilərmi ki, gələcək proseslər hər şeyi öz yolunu qoysun?

- İdeologiyaya xidmət edən anlayışını mən 2 halda qəbul edərdim: Birinci halda şəxs ideologiya istiqamətində sanballı, obyektiv gerçəkliyi əks etdirən tədqiqatlar aparır və bu ideoloji tədqiqat cəmiyyətin əksər hissəsi tərəfindən qəbul edilir. İkincisi, hansısa dövlət mənsubu tələb olunan ideologiyanın tətbiqi istiqamətində əməli işlər görür. Ziya Gök Alp vaxtilə vurulamışdı ki, Mustafa Kamal Atatürkün simasında güclü dövlət başçısı olmasaydı onun “Türkçülüyün əsasları”ndakı fikirlərinin heç bir əhəmiyyəti olmazdı. Bugün Azərbaycanda Mustafa Kamalı əvəz edən şəxs olub, ancaq təəssüf ki onun yanında Ziya Gök Alp olmayıb. Ona görə də rəsmi ideoloji sənədimiz demək olar ki yoxdur və əksər ideoloji tədqiqatlar 100 il əvvəlki yazılardan köçürmədir. Qeyd etdiyimiz kimi, dövlətimiz inkişaf etdikcə onun real məqsəd və vəzifələri dəqiqləşdikcə mövcud tədqiqatlar ya buna müvafiq olaraq təkmilləşəcək və gerçək ideoloqlar formalaşacaqdır. 

Söhbətləşdi: Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az