Ozon qatı günəşdən gələn
ultrabənövşəyi şüaları udur, onların Yer səthinə çatmasına mane olur.
Ozon qatının dağılmasında "antropogen faktorun” rolu daha çox
elmi-dairələrdə təhlükə mənbəyi kimi müzakirə olunur. İnsanın təsərrüfat
fəaliyyəti nəticəsində atmosferdə ozondağıdıcı maddələrin (ODM) miqdarı
daha da artmaqdadır.
Havanın qütblərə doğru aktiv axını ilə əlaqədar ozonun tərkibinin ən
böyük qiyməti Kanada, Şimali Avropa və Rusiyanın Arktikaya yaxın
hissəsində qeyd olunur. Ulduzlu yaya qədər orta en dairələr üzərində
ozonun konsentrasiyası da yüksək səviyyədə qalır. Belə meteoroloji
şəraitin və böyük miqdarda kimyəvi aktiv xlorun olması Antarktika qitəsi
üzərindəki ozon qatının dağılmasına səbəb olur.
Ozon təbəqəsinin müşahidəsi ilə ABŞ-ın Milli Aeronavtika və Kosmik
Agentliyi (NASA), Ümumdünya Meteorologiya Təşkilatı kimi mötəbər
təşkilatlar, həmçinin Kanada, Böyük Britaniya, Yeni Zelandiya və s.
ölkələrin çoxsaylı təşkilatları müntəzəm olaraq məşğul olurlar. Ozon
qatının dağılması ekvator zonasında planktonların, flora və faunanın
məhvinə, okeanın biogenezinin dağılmasına, insanlarda göz və xərçəng
xəstəliklərinin artmasına, eləcə də insan və heyvanların immun
sisteminin zəifləməsi nəticəsində müxtəlif xəstəliklərin yaranmasına
gətirib çıxarır.
Stratosferdə ozonun ümumi miqdarının çox olması həyat üçün nə qədər
effektli hesab olunursa, troposferdə ozonun miqdarının artması canlı
orqanizm üçün bir o qədər zərərlidir. Təxminən 1970-ci ildən başlayaraq
stratosfer ozonun- Antarktika üzərindəki ozon təbəqəsinin miqdarının
qlobal azalmasını Yeni Zellandiyanın Milli Su və Atmosferin Tədqiqi
İnstitutu müşahidə edib. Müşahidələrə görə Antarktika üzərində ozon
təbəqəsində əmələ gələn ozon qatının çox aşağı konsentrasiyalı zonası
ölçüləri son illərdə Afrika qitəsinin sahəsinə müvafiq olub.
Ozonun ümumi miqdarının azalması buzlaqların əriməsinə səbəb olur, digər
tərəfdən son yüz ildə Yer kürəsində orta illik temperaturun 0,8
dərəcəyə qədər artması "Qlobal istiləşmə” problemi yaradıb. Yer kürəsinə
düşən UB şüalanmanın artması nəticəsində buzlaqların ərimə tempi yüksəldiyindən son yüz ildə
okean sularının səviyyəsi 15-17 sm artıb. 1982-ci ilin yanvar ayında
BMT-nin Ətraf Mühit Proqramı "Ozon qatının qorunması haqqında Qlobal
Konvensiya” layihəsinin hazırlanması üçün xüsusi hüquqi və texniki
ekspertlər qrupunun ilk müşavirəsi keçirilib. Ümumdünya Meteorologiya
Təşkilatı qoyulmuş problemin ətraflı elmi xülasəsinin hazırlanmasında və
Konvensiya üçün prinsipial əsasların müəyyən edilməsində böyük rol
oynayıb.
Konvensiya 1985-ci ilin mart ayında 3 illik aktiv danışıqlardan sonra
Vyana şəhərində qəbul edilib. Konvensiyanın 21-ci maddəsində ozon
qatının dağılması ilə əlaqədar əmələ gələn təsirlərdən insan
sağlamlığının qorunmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsində
ölkələrin məsuliyyət daşıdıqları qeyd olunub. 1987-ci ilin sentyabr
ayında Monreal şəhərində ozon qatını dağıdan maddələr haqqında tarixi
protokol imzalanır ki, bu protokola ozon qatını dağıdan maddələrin
istehsal və istifadəsinin mərhələlər üzrə azaldılmasının tənzimlənmə
tədbirləri daxil edilib.
Azərbaycan Respublikası da müstəqil bir dövlət kimi dünyanın aparıcı
dövlətləri sırasına qoşularaq, ümumbəşəri ekoloji problem olan ozon
təbəqəsinin mühafizəsi haqqında Vyana Konvensiyasının (1985), Monreal
Protokolunun (1987), London (1990), Kopenhagen (1992) və Monreal (1997)
düzəlişlərinin ratifikasiya edilməsi haqqında Qanun, 2012-ci ildə isə
Monreal Protokolunun 25 illik yubileyində Pekin düzəlişinə qoşulub.
Ratifikasiyadan sonra Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit və
İnkişaf Proqramlarının dəstəyi ilə "Çinar” soyuducu və Sumqayıt
kompressorlar zavodlarında, yanğınsöndürmə idarələrində istifadə olunan -
İnsanın təsərrüfat fəaliyyəti nəticəsində atmosferdə ozondağıdıcı
maddələrin - ODM-in istifadədən çıxarılması, sənayenin müxtəlif sahələri
və məişətdə istifadə olunan ODM olan soyuducu agentlərin bərpası,
yenidən istifadəsi, bu sahədə təlimatçı və texniklərin öyrədilməsi,
Monreal Protokolunun yerinə yetirilməsi üçün təşkilatı strukturların
möhkəmləndirilməsi üzrə layihələr həyata keçirilib. Azərbaycan
Respublikası ozon təbəqəsinin qorunması üzrə dünya ictimaiyyətinin bütün
səylərini dəstəkləyir və beynəlxalq razılaşma əsasında qəbul etdiyi öhdəlikləri ardıcıl olaraq
yerinə yetirməyə çalışır. Ölkəmiz bir sıra ozondağıdıcı maddələrin
istifadədən çıxarılması və həmin maddələrin atmosferə atılmasının
qarşısının alınması üzrə dünya birliyinin həyata keçirdiyi tədbirlərdə
fəal iştirak edir. 2008-ci ildə ozon qatının davamlı müşahidəsinin
aparılması məqsədi ilə BMT-nin Ətraf Mühit Proqramı (UNEP), Qlobal Ətraf
Mühit Fondu (GEF) və Ümumdünya Meteorologiya təşkilatına ozonometrin
alınması üçün layihəyə təklif verilib.
2010-cu ildə "Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində Ozon qatının
qorunması sahəsində fəaliyyətlərin gücləndirilməsi” regional texniki
layihə çərçivəsində İqlim Dəyişmələri və Ozon Mərkəzində ofis
avadanlıqları quraşdırılmış və lokal şəbəkə yaradılıb. Layihə
cərcivəsində fəaliyyətlər davam etdirilərək ozondağıdıcı maddələrin
iqlim dəyişmələrinə daha az təsir göstərən yeni maddələrlə əvəz edilməsi
məqsədilə layihə təklifi hazırlanıb GEF-ə təqdim edilib. Layihə üzrə
fəaliyyətlərə 2015-ci ilin əvvəlindən başlanılıb. Azərbaycan
Respublikası bu sahədə qarşısında duran vəzifələri yerinə yetirəcək və
gələcəkdə nəzərdə tutulan tədbirlərdə fəal iştirak etməklə problemin
ümumbəşəri (qlobal səviyyədə) həllinə öz töhfəsini verəcəkdir.