“Bu, insanlarımızın Avropa dəyərlərinə inamını sarsıdır"
"Avropa
Parlamentində Azərbaycan ilə bağlı qəbul edilmiş qətnaməni qərəzli,
ədalətsiz və yersiz hesab edirəm. İnsanda belə bir təəssürat yaranır ki,
Avropanın bu mötəbər qurumu sanki, anti-Azərbaycan xəstəliyinə tutulub.
Azərbaycanın postsovet məkanının, eləcə də Avropanın özünün ən uğurlu
dövlətlərindən biri olduğunu sözügedən qətnamənin qəbul olunmasına səs
vermiş parlament üzvləri yaxşı bilirlər. Onların çoxu ayrı – ayrı
vaxtlarda Bakıda olmuş, Azərbaycanın qısa zaman kəsiyində nə qədər
sürətlə inkişaf etməsindən, yeniləşməsindən və iqtisadi cəhətdən
güclənməsindən heyrətə gəldiklərini dilə gətirmişlər”.
Vətəninfo.az-ın
xəbərinə görə, bunu Azərbaycan Respublikası baş nazirinin müavini,
YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov Avropa Parlamentinin
Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni AZƏRTAC-a şərh edərkən
bildirib.
Azərbaycan vətəndaşlarının Avropa Parlamentinin anti -
Azərbaycan mövqeyindən dərindən təəssüfləndiyini bildirən Əli Əhmədov
deyib: "Bu, insanlarımızın Avropa dəyərlərinə inamını sarsıdır. Onsuz da
Avropa dəyərləri çətin anlarını yaşayır, aşınır. Avropanın da yaxından
iştirakı ilə həyata keçirilən Orta Şərq siyasətinin qurbanları olan
qaçqınlara, uşaq və qadınlara sərgilənən münasibət bunun əyani
misalıdır. Avropanın Avropa Parlamentində müzakirəyə çıxarılmalı olan
kifayət qədər ciddi problemləri var”.
YAP-ın sədr müavini
vurğulayıb ki, Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasətin
kökündə dövlətin və xalqın mənafeyi dayanır: "Milli mənafelər
Azərbaycanın təmsil olunmadığı qurumun qəbul etdiyi qərəzli, ədalətsiz
qətnamədən daha vacib və daha əhəmiyyətlidir”.