Cahangir Hacıyev əfv olunması üçün ərizə yazdı

Cahangir Hacıyev əfv olunması üçün ərizə yazdı

Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyev əfv olunması üçün ərizə yazıb.

"Yeni Müsavat”ın yaydığı məlumata görə, sabiq bankir səhhəti ilə əlaqədar əfv edilməsini istəyir.

C.Hacıyevin vəkili Aqil Layıcov isə bildirib ki, müvəkkilinin əfv olunması üçün ərizə yazması haqda məlumatı yoxdur: "Türkiyədəyəm, sonuncu dəfə həftənin 1-ci günü Bakı İstintaq Təcridxanasında görüşmüşük. Səhhəti əvvəl olduğu kimidir. Əfv məsələsi onun şəxsi işidir, mənim bu haqda məlumatım yoxdur. Əfvlə bağlı aramızda müzakirə olmayıb”.

A.Layıcov müvəkkilinin hazırkı mərhələdə əfv oluna biləcəyini də istisna etmədi: "Şəxsin əfv olunması məhkəmənin istənilən mərhələsində ola bilər. Qanun bunu qadağan etmir”.

C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. C.Hacıyev və digər 7 şəxsin – Mərkəzi filialın direktorları işləmiş Y.Ələkbərov və A.Sultanov, Mərkəzi filialın müdiri işləmiş İ.Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən "İnter Security” MMC-nin baş direktoru İ.Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş K.Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri olan M.Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş A.Cavadovun Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilmiş və iş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iyulun 19-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il, Y.Ələkbərov 8 il 6 ay, K.Orucov 7 il 6 ay, İ.Hüseynov 7 il 23 gün, M.Cahangirov 7 il 6 ay, A.Cavadov 10 il 11 ay, A.Sultanov 7 il 6 ay və İ.Abdullayev 6il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az