Dayanacaqlara məsul şəxsin müəammalı mühafizəsi
Paytaxtda və bölgələrimizdə müasir görkəmdə marşrut dayanacaqlarının
tikilməsinə külli miqdarda dövlət vəsaiti xərclənir. Ancaq həmin
dayanacaqların nəzarətsiz qalması, mühafizə olunmaması bu gün çox
acınacaqlı vəziyyətə gətirib çıxarıb.
Məsələn, ən böyük
şəhərlərimizdən biri olan Sumqayıtda marşrut dayanacaqlarının hazırkı
durumu çox bərbaddır. Həmin dayanacaqların hamısı sanki böyük bir zibil
qutusunu, reklam lövhəsini xatırladır. Dayanacaqların içi-çölü
zibilxanaya çevrilib, divarları isə yapışdırılan kağız-kuğuzla
"bəzədilib”. Burada masajçı, kisəçi reklamından tutmuş, iş axtaran, ev
satan elanına qədər hər növ məlumat var. Bu geniş "funksiyalı”
dayanacaqlar, göründüyü kimi, şəhər sakinlərinə həm də "elan, reklam”
"xidməti” göstərir. Bu "rəngarəng” dayanacaqlar demək olar ki, şəhərin
bütün küçə və prospektlərini "bəzəyir”. Təbii ki, dayanacaqları zibil
qutusuna, reklam lövhəsinə çevirən insanlarımızın günahı çoxdur. Ancaq
cavabdeh kəslər bu biabırçı duruma biganə qalmamalıydılar. Uzunmüddətli
müşahidələrimiz göstərir ki, dayanacaqlara heç vaxt nəzarət edilmir, bu
acınacaqlı vəziyyəti nəzərə alan yoxdur. Ancaq hər halda inanırıq ki,
başı "vacib məsələlərə” qarışan aidiyyatı təşkilatlar qəflət yuxusundan
ayılacaq. İnanırıq ki, nəhayət həmin dayanacaqlarda təkcə elan və reklam
oxumaqla kifayətlənməyəcək, təmizlik işləri ilə də məşğuı olacaqlar.

Onu
da qeyd edək ki, marşrut dayanacaqları Dövlət Avtomobil Nəqliyyatı
Xidmətinin Sumqayıt Regional şöbəsinin tabeçiliyindədir. Bu gün regional
şöbədə olan əməkdaşımız, dayanacaqlara səhlənkar yanaşan bu idarənin
mühafizəsinin çox güclü təşkil edildiyinin şahidi olub. Sərəncamında
mühafizə polisi saxlayan şöbə rəisi Anar Səfərlinin kimdən və nədən
qorunduğu isə bizim üçün müəmmalıdır.