Dəfn olunmuş diaspor siyasətimiz !!

Dəfn olunmuş diaspor siyasətimiz !!

Ənvər BÖRÜSOY

Diaspor Komitəsi milli hədəflərimizin strategiyasını hələ də anlamır

Soyuq Savaş bitdikdən sonra, dünyanın əksər xalqlarında milli səfərbərlik siyasəti də güclənməyə başlamışdır. Hər bir dövlət özünün milli siyasət doktrinasını qəbul etməklə strateji hədəflərini ortaya qoymuşdur. Bununla həm ölkə daxilində, həm də yurd dışında uzlaşma nöqtələrinə uyğun qloballaşan dünyada öz yerini də müəyyən etmişdir. Min dəfələrlə təəssüflər olsun ki, Azərbaycan milli diaspor siyasətinin doktrinasına hələ də malik deyil. Bu yöndə cəmiyyətin strateji beyinlərini belə səfərbər etməmişdir. Milli hədəflərin elmi təsnifatı haqqında belə heç bir təsəvvür belə ortaya qoyulmamışdır. Çünki, bütün maraqlar Dəmir Feliksin dönəmindən qalmış təfəkkür tərzi hələ də keçmiş komsomol və kommunyak qavramında çözülür. Avropa, Qafqaz, Türküstan və xüsusilə Güney Azərbaycan məsələsində Dövlət Diaspor Komitəsinin bəlirli strategiyası olmadığı üçün ümummilli diaspor prosesi də inkişaf etmir.

Milli strategiyanın yolu və uğuru

Rusiya Federasiyasının tərkibində olan Adıgeydə yerli adıyelilər əhalinin 25 faizini təşkil edirlər. Ancaq, respublika hökuməti hər il Türkiyə, İordaniya, İsrail, Misir, ABŞ və digər dövlətlərdə 150 il öncə Qafqaz Savaşı nəticəsində mühacirətə üz tutmuş soydaşlarını bu gün də unutmamışdır. Adıgey diasporunu təmsil edən balaca uşaqlar üçün belə yay tətili münasibətilə xüsusi düşərgələr yaratmışdır. Burada bu balaca uşaqlara ana dilinin öyrənilməsi, vətən və tarixi torpaqlara sevgilər də aşılanır.

Bu sətirlərin müəllifi 1991-ci ildə yaradılmış Ümumdünya Tatar İctimai Özəyi təşkilatının 20 qurultayından 17-də iştirak etmişdir. Paytaxt Kazanda bu qurumun tərkibində alimlər dünya tatarları, tarixi Tatarıstan və milli hədəflər üzrə xüsusi proqramlar hazırlayırlar. Məhz bu proqramlar əsasında ümumdünya tatar milli siyasəti həyata keçirilir. Onlar heç zaman demirlər ki, filan ölkədə bu qədər sayda tatar diasporu yaşayır. Hər bir ölkədə yaşayan tatar Tatarıstana və tarixi tatar torpaqlarına nə kimi xeyir verə bilər strateji hədəfləri əsasında fəaliyyət göstərirlər. Belə bir hədəflər əsasında indi Güney Koreya, Finlandiya, Yaponiya, Kanada, Türkiyə, Macarıstan, Polşa, ABŞ və digər dövlətlərdəki diasporu təmsil edən tatar aydınları və işadamlarının sayəsində Tatarıstan sürətlə inkişaf edir. Diasporun sayəsində Tatarıstana yönəldilən investisiya siyasətinin tərkib hissəsi kimi burada qurulmuş iqtisadi stukturlar illik gəlirlərinin iki faizini bu qurumun hesabına köçürürlər. Həmin vəsaitlə bütün dünya tatarlarının dinləyə biləcəyi “Vatanım Tatarıstan” radiosu və “Kazan Utları” (odları) dərgisi isə diaspor arasında pulsuz yayılır.

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin 1992-ci ildə qəbul etdiyi qərarda açıq şəkildə belə qeyd olunur: “Qazax millətini təmsil edən hər bir vətəndaş Qazaxıtanın vətəndaşı ola bilər”. Məhz bu tarixi qərardan sonra, İran, Əfqanıstan, Çin, Monqolustan, Türkiyə, Rusiya və digər ölkələrdən 300 min nəfər yaxın qazax Qazaxstana köçdü. Eyni zamanda dövlət siyasəti olaraq, yurd dışında yaşayan hər bir qazax öz tarixi yurdunda dövlət hesabına ali təhsil almaq hüququna malikdir.

İranın Həmədan vilayətində Şah Abbas Səfəvi dönəmindən yaşayan gürcülər üçün hər il Gürcüstan hökuməti tarixI, dil və ədəbiyyat üzrə ixtisaslı müəllimlər və keşiş göndərir. Bu yöndə Ukrayna, Türkmənistan, Rusiya və digər respublikaların diasporla bağlı siyasi hədəfləri barəsində çox ciddi örnəklər sadalamaq olar. Belə bir yanaşma Azərbaycanın diaspor siyasətində hələ ki, yoxdur.

Soydaşlarımıza ögey münasibət

Bu gün Ermənistan, Gürcüstan, Dağıstan, Çeçenistan, Kabarda-Balkar, Adıghey, Qaraçay-Çərkəz respublikalarının dövlət universitetlərində diasporu təmsil edən minlərlə gənc dövlət büdcəsi hesabına təhsil alırlar. Halbuki, bu respublikaları çox ağır maliyyə problemləri ilə üz-üzədirlər. Hər il bu respublikalarda diasporu təmsil edən mədəniyyət cəmiyyətləri tarixi yurdlarında xüsusi proqramlarla iştirak edirlər. Diasporu təmsil edənlər tətil və ya məzuniyyət müddətini öz doğma torpaqlarındakı turizm mərkəzlərində normal qiymətə dincəlirlər. Beləliklə həmin insanlarda vətən sevgisi şüurlu şəkildə inkişaf edir. Onların istirahət etdikləri məkanlarda alimlər, yazıçılar, mədəniyyət xadimləri ilə görüşlər keçirilir. Ana dilini zəif bilənlər üçün xüsusi kurslar təşkil olunur. Turizm milli diasporun sayəsində beləcə inkişaf edir. Öz doğma torpaqlarını ildə ən azından bir dəfə ziyarət edən diaspor nümayəndələri vətənlə bağlı xatirələri onlara göstərilən bu davranışların sayəsində inkişaf edir.

İndi baxalım, görəlim gözəlimiz Azərbaycanın Xaricdə Yaşayan Soydaşlarla Əlaqələr üzrə Dövlət Disapor Komitəsi indiyə kimi belə bir addımların atılmasında təşəbbüslər göstəribmi? Əsla xeyir! Çünki, bu komitə xaricdə yaşayan soydaşlarımızın iqtidara və müxalifətə bölmək, hansısa ölkələrdə heykəllər, parklar yapmaqla, hansısa aksiyaların keçirilməsi üçün dövlət büdcəsindən ayrılan dövlət vəsaitlərinin şübhəli tərzdə sağa-sola xərclənməsi, savadsız, şit və bayağı mahnıların ifaçısı olan manısların konsertlərini təşkil etməklə məşğul olmuşdur. Yarandığı gündən indiyə kimi diasporla bağlı hansısa elmi konfransın keçirilməsini belə təmin etməmişdir. Bizim milli diasporumuz ictimai və sosial düşüncə tərzinə görə fərqli baxışlara malik olan zümrələri əhatə edir. Onların milli siyasətimizə yönəlik baxışlarının inkişaf etməsi ən böyük strateji hədəfimiz biri olmalıdır. Fərqli ictimai formasiyalarda yetişmiş diasporumuzu təmsil edən soyadaşlarımız ölkədə mövcud olan totalitar rejimin fəsadlarına, demokratiyanın olmamasına, formalizm tipli bəlalara görə bir araya gəlməkdə çox çətinlik çəkirlər. Diaspor Komitəsində çalışan və Borçalı regionu üzrə cavabdehlik daşıyan birisi Borçalının xəritədə yerini belə göstərə bilmir. Borçalıdakı etnokulturoloji, tarixi, mədəni proseslərdən belə xəbəri yoxdur. Gürcü və ermənilərin tarixən bu regionda antitürk siyasətlərni hansı məcrada apardıqlarının izlərindən haqqında təsəvvürləri yoxdur. Bütün bunları bilməyən bu sorumlu şəxs və ya vətəndaş Borçalı siyasətinin inkişaf etdirilməsi hədəflərini heç zaman irəli sürə bilməz. Bu örnəyi diaspor komitəsinin digər sahələr üzrə mütəxəssisləri haqqında da söyləmək olar.

Xaricdə yaşayan soydaşlarımızın Azərbaycana yönəlik baxışlarının inkişaf etdirilməsi, bu yöndə milli-mənəvi dəyərlərə olan münasibətlərində diaspor komitəsi tərəfindən indiyə kimi samballı elmi əsər ortaya qoyulmamışdır. Digər xalqlarda diaspor siyasəti sahəsində milli tarixi, mədəniyyəti, etnologiyanı və sosiologiyanı mükəmməl bilən alimlərdən ibarət xüsusi şuralar yaradılır və onların birgə hazırladıqları fundamnetal tədqiqatlar əsasında həmin siyasət dövlət tərəfindən həyata keçirilir. Azərbaycanın bir dövlət olaraq öz diasporuna münasibətində bütün bunların yeri hələ də boşdur. Çünki, diaspor komitəmizin hər şeyə komprador və kommunyak baxışları ögey münasibətlərin anatomiyasını təşkil edir. Milli siyasət və milli hədəflər də beləcə bəlirsiz bir biçimdə yayğınlaşdırılır.

Strateji hədəf yoxdursa

Azərbaycanda milli siyasət üzrə yetərincə mütəxəssislər olduğu halda, onlardan heç bir zaman dövlətin strateji hədəfləri üzrə istifadə olunmamışdır. Ən azından Milli Elmlər Akademiyasının elmi tədqiqat instututlarında çalışan alimlərin, universitetlərdə işləyən elm adamlarının, xaricdə yaşayan görkəmli mütəxəssislərin milli diaspor siyasətinə cəlb edilməsi prosesi ötən illər ərzində olmamışdır. Hər il dövlət büdcəsindən diaspor siyasəti üçün ayrılan milyonlarla vəsait sanki göyə sovrulur. Gürcüstan və Ermənistanda diaspor siyasətinə görə ayrılan vəsait Azərbaycandan fərqli olaraq düz üç dəfə azdır. Ahısqa Türklərinin, Krım Türklərinin, Qaqouz Türklərinin, İraq Türkmanlarının, Doğu Türküstan Türklərinin, Batı Trakiya Türklərinin ümumiyyətlə diaspor siyasətində dünyada heç kim bir qəpik də olsa yardım etmir. Ancaq, bu toplumların aydınları və elm adamları milli siyasət üzrə gərəkən strateji hədəfləri düzgün şəkildə ortaya qoya bildikləri üçün, milli səfərbərlik də istənilən nəticəni verir.

Heç bir hüquqi statusu olmayan Abxaziya, Adıgey, Kabarda-Balkar və Adıgeyə məxsus diasporu təmsil edən soydaşlar istənilən zaman tarixi torpaqlarında vətəndaşlıq almaq hüququna malikdirlər. Bu regionların universitetlərində pulsuz təhsil alırlar və onların müalicə olunmaq hüquqları vardır. Bu imkansız bölgələr işadamlarının və eləcə də dövlət büdcəsinin hesabına xaricdəki soydaşları üçün ana dilində tədris kitablarını dərc edərək onların arasında yayırlar. Hətta bu strateji hədəflərə uyğun olaraq müəllim belə göndərirlər. İndi İsrail, İordaniya, Suriya, Türkiyə, Misir, Almaniya, İsveç, Hollandiya və ABŞ-da dil, ədəbiyyat, mədəniyyət və tarix üzrə müəllimlər diaspor təşkilatları üçün milli dildə, çərkəzcə (adıge) lazım olan tədris siyasətini aparırlar. Bu uğurlu strategiyanın sayəsində indi “Dünya Çərkəzləri Konqresi” adlı qurum yaradılmışdır. Bütün dünya çərkəzlərini birləşdirən ümumi “Nart TV” kanalı da bu strategiyanı uzlaşdırmaqda və inkişaf etdirməkdədir. İndi dünyanın hansı nöqtəsində bir çərkəz insanının hüquqları tapdalanırsa, dərhal bütün soydaşlar hərəkətə keçirlər. Almaniya, İsveç, Belçika və ABŞ-da hətta diasporu təmsil edən çərkəz alimləri elmi araşdırma mərkəzlərini belə yaratmışlar.

Azərbaycanın diaspor komitəsinin heç yuxusuna belə girməz bütün bunlar. İndi dünyada yeni bir proses etnoloji və kulturoloji baxımdan inkişaf etməkdədir. Bu, yapon yapon kimi, alman alman kimi, ingilis ingilis kimi yaşamalıdır dəyərlərindən ibarətdir. Türkün Türk kimi yaşamaq dəyəri bir strateji hədəfə çevrilməyincə onun heç bir problemi də həll edilməyəcəkdir. Çünki, milli bütünləşmə, estetik, ekoloji və ekonomi bucaqların uzlaşan bucaqları çarpazlaşınca problemlər də öz-özünə çözülür. Bunun milli strateki hədəflərə çevrilməsi üçün diaspor komitəsinin müstəsna səlahiyyəti vardır. Onun büdcəsinə hər il dövlət milyonlarla vəsait ayırır. Həmin komitədə oturanların intellektual baxımdan milli hədəfləri ortaya qoymağa mənəvi səlahiyyətləri yoxdursa, ya bu komitə bağlanılmalı, ya da bütün kadrları tamamilə dəyişdirilməlidir. Neçə illərdir Nazim İbrahimov adlı birisi bu komitəyə başşılıq edir. Onun bu illər ərzində diaspor siyasəti üzrə hansısa səmərəli iş gördüyünü nə dövlətimiz, nə də diasporumuz görməmişdir. Çünki, ortada diasporla bağlı heç bir strateji hədəflər yoxdur.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az