Dərman bazarında "zəlzələ": Prezidentin göstərişi və qiymət siyasəti
Son günlər paytaxt əczaxanalarında satışda olan dərmanların qiymətinin ucuzlaşması müşahidə olunur.
Vətəninfo.az Gün.Az-a istinadla xəbər verir ki, ölkə başçısı İlham Əliyevin
göstərişinə əsasən, dərman vasitələrinin qiymətinin aşağı salınması
prosesi davam etdirilir.
Belə ki, Tarif
Şurasının iclasında sentyabrın 15-dən etibarən 1057 adda dərmanın
satışının yeni tariflərlə həyata keçirilməsinə qərar verilsə də, artıq
bir çox şirkətlər dərmanların qiymətlərinin dövlət tərəfindən
tənzimlənməsi ilə bağlı qərarın icra vaxtını gözləmədən ucuz qiymətlərlə
dərmanlarını satışa buraxıblar.
Qeyd edək ki,
dərmanların qiymətinin yüksək olması məsələsi iyulun 13-də prezident
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci
yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran
vəzifələrə həsr olunan iclası zamanı yenidən gündəmə gəlmişdi. Dövlət
başçısı bu məsələ ilə bağlı xüsusi irad və tapşırıqlarını bildirmişdi:
"Bəzi
hallarda dərmanların qiyməti bir neçə dəfə, bəzi hallarda on dəfə
şişirdilir. Yəni burada tamamilə özbaşınalıq və anarxiya hökm sürür”.
Elə
həmin iclasdsa dövlət başçısı dərmanlarla bağlı digər bir problemə də
toxunmuşdu ki, bu da həkimlərin məsuliyyətsizlik məsələsi idi.
Prezident qeyd edib ki, burada həkimlərin də məsuliyyətsizliyi və bəzi hallarda tamahkarlığı özünü göstərir.
"Lazım
olmayan reseptləri yazırlar. Resepti yazır, deyir ki, sən bu dərmanı
filan yerdən almalısan. Hətta reseptlə satılmayan vitaminlərə də resept
yazırlar. Bu, böyük bir biznes şəbəkəsidir. Bu biznes kimin hesabınadır?
Adi insanın hesabına. Adi insan da məcbur olub gedir ona verilən
reseptlə dərman alır. Heç bilmir nə alır. Sonra dərmanın ona kömək
edib-etməməsi ilə əfsuslar olsun ki, heç kim maraqlanmır”.
Yeri
gəlmişkən, qeyd edək ki, ötən ilin dekabrında "Dərman vasitələri
haqqında” qanuna edilmiş dəyişikliklərə əsasən dövlət qeydiyyatına
alınmış dərman vasitələrinin qiymətləri dövlət tənzimlənməsinə aid
edilib. Bu ilin mart ayında isə dövlət başçısının fərmanı ilə hökumətə
və Tarif (qiymət) Şurasına dərman vasitələrinin qiymətlərinin
tənzimlənməsi və qiymətlərə nəzarətin həyata keçirilməsi tapşırılıb.
Səhiyyə Nazirliyinin məlumatına əsasən, 801 dərman vasitəsi üzrə qiymətlər təsdiq edilib.
Daha əvvəl 256 dərman vasitəsinin qiyməti aşağı salınmışdısa, bu siyahıya daha 801-i əlavə olunub:
"Tarif
(qiymət) Şuranın 2015-ci il 25 avqust tarixində keçirilmiş növbəti
iclasında isə daha 801 dərman vasitəsinin qiyməti müəyyənləşdirilib.
Ümumilikdə elan olunmuş 25 təsiredici maddə üzrə 1057 dərman
vasitəsinin qiymətləri tənzimlənib ki, bunun nəticəsində hazırda satışda
olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46% dərman
vasitəsinin qiyməti 2 dəfədən çox, 24% dərman vasitəsinin qiyməti 3
dəfədən çox ucuzlaşdırılıb. Bütövlükdə isə, həmin tərkib üzrə satışda
olan dərman vasitələrinin 94%-i üzrə qiymətlər aşağı salınıb.
Bununla
da, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin təqribən 15%-nin
hazırkı qiymətlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olan satış
qiymətləri təsdiqlənib.
Böyük sosial əhəmiyyət
kəsb edən bu proses bütün dərman vasitələrinin qiymətləri
tənzimlənənədək intensiv şəkildə davam etdiriləcək və bu ilin sonunadək
əksər dərman vasitələri üzrə qiymətlərin tənzimlənməsi başa
çatdırılacaq.
Əvvəllər də elan edildiyi kimi,
25 təsiredici maddə (kombinə olunmuş dərman vasitələri istisna olmaqla)
üzrə 1057 dərman vasitəsinin təsdiq edilmiş qiymətləri 2015-ci il 15
sentyabr tarixindən qüvvəyə minəcəkdir. Şuranın qərarına əsasən, həmin
tarixdən etibarən qiymətləri təsdiq edilməyən qeyd olunan tərkibli
dərman vasitələrinin satışı yalnız qiymətlər təsdiq edildikdən sonra
həyata keçirilə bilər.
Milli Məclisin deputatı Tahir Rzayev bildirib ki, prezident İlham Əliyevin dərman
vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı tapşırığı çox
tədqirəlayiq addımdır:
"Dərman vasitələrinin
qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi çox vacib məsələdir. Çox
zaman dərmanların qiymətləri müəyyən işbazlar tərəfindən artırılırdı ki,
bu da əhalinin haqlı narazılığına səbəb olurdu. Bir çoxlarının bu
dərmanlara ehtiyacı var və ona görə də dərmanların qiymətinin normal
olması çox vacib şərtlərdən biridir. İşbazlar isə dərmanların
qiymətlərini özləri bildikləri kimi təyin edirdilər”.
T.Rzayev vurğulayıb ki, dərmanın qiyməti hər əczaxanada fərqli qiymətə satılırdı:
"Ona
görə də bu qiymətlərin sabitləşdirilməsi və eyniləşdirilməsi çox düzgün
bir addımdır və cənab prezident tərəfindən əhaliyə göstərilən qayğının,
diqqətin bir nümunəsidir. Əhali də bu addımı yüksək qiymətləndirir”.
Millət vəkili bildirib ki, bu addım eyni zamanda müəyyən mənada əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edəcək:
"İnsanlar
dərman vasitələrinə əvvəlkindən daha az vəsait xərcləyəcək və yerdə
qalan pulu digər ehtiyaclarının təmin edilməsinə yönəldəcək”.