Dərmanların yeni qiymətlə satılacağı vaxt açıqlandı

Dərmanların yeni qiymətlə satılacağı vaxt açıqlandı
"Dərmanların yeni satış qiymətləri sentyabr ayının 15-dən qüvvəyə minəcək".
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
Onun sözlərinə görə, hazırlıq işlərinin, o cümlədən əczacılıq subyektləri tərəfindən dərman qutularının üzərində yeni qiymətlərin qeyd olunması, dərman qalıqlarının yenidən qiymətləndirilməsi, istehsalçılarla hesablaşmaların aparılması və digər hazırlıq işləri müəyyən zaman tələb edir.
Qərar qüvvəyə mindikdən sonra tənzimlənən siyahıya daxil olan dərman vasitələrinin 20%-nin qiyməti 3 dəfədən çox, 40%-dən çoxunun qiyməti isə 2 dəfədən çox aşağı salınacaq.
Ümumilikdə isə tənzimlənən dərman vasitələrinin 90%-nin qiyməti düşəcək.
"Beləliklə, Azərbaycanda aptek şəbəkəsinin fəaliyyəti artıq tamamilə yeni müstəviyə keçir ki, bu da əczacılıq müəssisələrinin dərmanların qiyməti ilə deyil, xidmət keyfiyyəti ilə rəqabət aparmalarına şərait yaradacaq".
Onun sözlərinə görə, Tarif Şurasının qərarı ilə dərman preparatlarının qiymətinin tənzimlənərək aşağı salınması dövlət müəssisələri tərəfindən bu preparatların alınmasına çəkilən xərclərin optimallaşdırılmasına, əldə edilən qənaət hesabına güzəştli kateqoriyadan olan və stasionarda müalicə alan əhaliyə pulsuz verilən dərmanların çeşidinin artımına şərait yaradacaq. Bu isə, öz növbəsində, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına, həmçinin tibb müəssisələrinin aparıcı farmakoloji şirkətlərin istehsal etdiyi daha müasir dərman vasitələri ilə təchiz olunmasına müsbət təsir edəcək.
Nazir müavini "Tarif Şurasının qərarı hansı xəstəliklərin müalicəsi üçün nəzərdə tutulmuş dərmanları əhatə edir?" sualına cavabında bildirib ki, ilkin mərhələdə bu siyahıya əhali arasında ən çox rast gəlinən xəstəliklərin müalicəsi üçün dərman preparatları daxil edilib.
"İlin sonuna qədər Tarif Şurası tərəfindən Səhiyyə Nazirliyində qeydiyyatdan keçən dərman preparatlarının böyük əksəriyyətinin, gələn ilin mart ayına kimi isə bütün preparatların qiymətlərinin tənzimlənməsi tamamlanacaq".
E.Ağayevin sözlərinə görə, Səhiyyə Nazirliyi "Dərman vasitələri ilə təchizatın yaxşılaşdırılması və əczaçılıq fəaliyyəti sahəsində nəzarətin gücləndirilməsi üzrə Tədbirlər Planı” təsdiqləyib. Bura Tarif Şurası ilə sıx əməkdaşlığın davam etdirilməsi, apteklərə daxil olan həkim reseptlərinə nəzarətin təmin edilməsi, standart formaya uyğun olmayan reseptlər üzrə dərmanların satışının qadağan edilməsi, ən vacib dərman preparatlarının və tibbi ləvazimatların siyahısına yenidən baxılması və çeşidinin genişləndirilməsi barədə təkliflərin qısa zaman ərzində hazırlanması daxildir.
Eyni zamanda, tədbirlər planında dərman vasitələrinin keyfiyyəti və təminatı sahəsində olan müraciətlərin qəbulu üçün Elektron səhiyyə, "qaynar xətt” və digər vasitələrlə gələn müraciətlərin dərhal təhlil olunaraq müvafiq tədbirlərin həyata keçirilməsi və sair tədbirlər nəzərdə tutulub.
Vətəninfo.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az