"Dünyadakı problemlərin əsas səbəbkarı ABŞ-dır"
Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Məclisinin 70-ci sessiyası artıq
bir neçə gündür ki, öz işinə başlayıb. Oktyabrın 3-ə kimi davam edəcək
sessiyada çoxsaylı dövlət və hökumət başçısı, xarici işlər nazirləri
çıxış edərək müxtəlif siyasi proseslərə münasibətlərini bildirib, vacib
məsələləri qaldırıblar. Sessiya çərçivəsində ABŞ prezidenti Barak Obama
da BMT-nin ali tribunasından dünyadakı ümumi siyasi vəziyyətlə bağlı
özünəməxsus mövqe sərgiləyib. Özünü azadlıq carçısı, ABŞ-ı
demokratiyanın beşiyi sayan prezident sanki dünya jandarmı imiş kimi
müxtəlif siyasi çağırışlar da edib.
B.Obamanın BMT ali
tribunasından səsləndirdiyi fikirlərə, Yaxın Şərq və digər ərazilərdə
tüğyan edən müharibələrə, insan qətliamına dolayısı ilə haqq
qazandırmasına münasibət bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının
(MDHP) sədri, deputat Fərəc Quliyev Baş Məclisin sessiyasında əksər
çıxışları dinlədiyini bildirib. Qeyd edib ki, dövlət başçıları arasında
Belarus prezidenti Aleksandr Lukaşenkonun çıxışı daha optimal
yanaşmaları özündə ifadə edirdi. Onun sözlərinə görə, Belarus prezidenti
BMT-nin ikinci dərəcəli quruma çevrilməsini, ikili standartların tətbiq
edilməsini, bəzi hallarda isə laqeydliyini tənqid edib. Konkret ABŞ
prezidentinin sessiyadakı çıxışına gəlincə, F.Quliyev deyib ki, hansısa
dövlət, yaxud da prezident özünü dünyanın jandarmı kimi aparmağa cəhd
edə, fövqəldövlət kimi görünə bilər. Amma müəyyən dəyərlər var ki,
onlara hər bir dövlət böyük və kiçikliyindən asılı olmayaraq hörmətlə
yanaşmağa borcludur: "Vaxtilə "ərəb baharı” adlandırılan inqilablar baş
verəndə Hillari Klinton çox maraqlı bir açıqlama vermişdi. O: "Biz bu
"ərəb baharı”nı başlatdıq, ancaq sonunun nə ilə nəticələnəcəyini
bilmirik”, - deyə etirafda bulundu. Hadisələrin gedişatından da aydın
oldu ki, Qərb tərəfindən Şərq ölkələrində, ərəb dünyasında başladılan bu
prosesin nə ilə nəticələnəcəyi bəlli deyil. Əgər burada məqsəd müstəqil
dövlətləri dağıtmaq, suverenliyini və ərazi bütövlüyünü pozmaq,
müsəlman dünyasını məhv etmək idisə, təbii ki, bu, doğru yanaşma deyil. O
sivilizasiya, o dövlət böyükdür ki, bəşəriyyətin ümumi dəyərlərinə
xidmət edir, ədalətli mövqe sərgiləyir. Azərbaycan timsalında ciddi bir
ədalətsizlik yaşanır. Ölkəmizin 20 faizi Ermənistan tərəfindən işğal
olunub. Bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə
çevrilib. Amma dünya birliyi, xüsusən də özünü fövqəldövlət kimi aparan
ABŞ, eləcə də digər böyük dövlətlər bu işğala, ədalətsizliyə göz
yumurlar. İndi Avropa miqrantlarla bağlı problemlər yaşayır, onları
qəbul etmək istəmir. Amma 25 ildən artıqdır ki, Azərbaycan bir milyona
yaxın qaçqına qucaq açıb, onların sosial problemlərinin həlli ilə
məşğuldur. İndiyə qədər dünya birliyi bu problemdən danışmayıb, işğalçı
Ermənistana qarşı hər hansı səviyyədə təzyiq göstərməyə cəhd etməyib”.
Partiya
sədri BMT-nin bir çox məsələləri həll etmək üçün öz iradəsini ortaya
qoymamasına da toxunub. Bildirib ki, 20 ildən artıqdır ki, BMT
Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin boşaldılması ilə bağlı
qəbul etdiyi 4 qətnamə Ermənistan tərəfindən icra olunmur. Lakin buna
görə Ermənistana hər hansı formada təzyiq göstərilmir, qətnamələrin
icrasına məcbur edilmir: "Halbuki bir neçə il bundan qabaq elə həmin
qurumun Liviya ilə əlaqədar qəbul etdiyi qətnamənin mürəkkəbi qurumamış
icra olundu. NATO qüvvələri Liviyanı bombaladı. İkili yanaşma,
ədalətsizlik buradan da qabarıq şəkildə özünü göstərir. Bu gün işğalçı
Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmur. Başqa dövlətlərin
ərazisinə hərbi müdaxilə edən dövlətlər həqiqətən də azadlıq,
demokratiya, insan haqları qoruyucusudurlarsa, Ermənistana qarşı da
güclərini, təzyiqlərini göstərməlidirlər. Lakin biz bunu müşahidə
etmirik. Ona görə də BMT ali tribunasından böyük iddialarla edilən
çıxışlar, odlu-alovlu fikirlər ancaq ritorika hesab olunur, acı gülüş
doğurur, ciddiyə alınmır. Hesab edirəm ki, BMT və sair bu kimi
beynəlxalq təşkilatlara, supergüc dövlətlərə güvənmək əvəzinə, yalnız
milli və dövlətçilik maraqlarına söykənərək siyasət yeritmək ən doğru
yoldur. Biz bütün dövlətlərlə, o cümlədən ABŞ kimi böyük ölkələrlə də
ikitərəfli münasibətlərə hər zaman hazırıq. Heç bir halda bu
münasibətlər həmin dövlətlərin Azərbaycan üzərində ağalığı, nəzarəti və
sair kimi qəbul edilməli deyil. Azərbaycan Amerika, Avropa dövlətləri
ilə dost və strateji tərəfdaş kimi davranmağa çalışır. Lakin həmin
dövlətlərdən adekvat cavab görmürük. Hər bir dövlət bilməlidir ki, bizim
üçün milli maraqlar hər şeydən üstündür. Milli maraqlarımıza cavab
verməyən istənilən əməkdaşlıqdan, münasibətdən imtina edirik. Hesab
edirəm ki, demokratiyanı, bəşəri dəyərləri, ədalət prinsiplərini əməldə
ayaqlar altına atmaq, sözdə isə fərqli münasibət ortaya qoymaq keçərli
deyil. Artıq XXI əsrdir və dünyada hansı oyunların getdiyini hər kəs
yaxşı bilir”.
avropa.info