Dövlət Gömrük Komitəsi GMO məhsulların Azərbaycana gətirilməsi barədə xəbərlərə aydınlıq gətirib

Dövlət Gömrük Komitəsi GMO məhsulların Azərbaycana gətirilməsi barədə xəbərlərə aydınlıq gətirib

Azərbaycanda geni dəyişdirilən məhsullarla əlaqədar qəbul edilən qanunlardan irəli gələn və gömrük orqanlarına aid edilən səlahiyyətlər çərçivəsində müvafiq tədbirlər həyata keçirilir və geni dəyişdirilən malların ölkə ərazisinə daxil olmasına yol verilmir.

 Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətinin məlumatına görə, bəzi KİV-də genetik modifikasiya olunan (GMO) məhsulların ölkə ərazisinə gətirilməsi ilə bağlı yanlış xəbərlər yayılıb.

 Mətbuat xidmətindən bildirilib ki, kənd təsərrüfatı məhsullarının, o cümlədən toxumların, əkin materiallarının ölkə ərazisinə gətirilməsi zamanı məhsulların növünə və xarakterinə uyğun olaraq mütləq qaydada zəruri olan sertifikatlar, icazə sənədləri, dövlət qeydiyyatında olmasını təsdiq edən sənədlər tələb edilir. Eyni zamanda, bitki nümunələri "GMO bitkilərinin beynəlxalq miqyasda tanınan siyahısı” ilə tutuşdurulur və qablaşdırılan taranın üzərindəki etiketlərə baxış keçirilir.

 "Malların genetik modifikasiya olmasına dair şübhə yarandıqda dərhal müvafiq rəylərin alınması üçün əlavə yoxlama prosedurları aparılır və laborator müayinələr keçirilməsi nəzərdə tutulur.

 Hazırda geni modifikasiya olunan məhsulların ölkə ərazisinə buraxılmaması sahəsində  müvafiq tədbirlər davam etdirilməklə yanaşı, gömrük orqanları səmərəli yoxlamaların aparılması üçün daha müasir stasionar laborator avadanlıqlarla, eləcə də ekspress PCR laborator cihazlarla təchiz olunur, bu sahədə səlahiyyəti olan digər qurumlarla əlaqələndirilmiş fəaliyyət həyata keçirilir, - deyə məlumatda bildirilir. 

APA



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az