Ədliyyə Nazirliyi Əli Kərimlini AXCP sədri kimi tanımayıb və onun qurultay sənədlərini geri qaytarıb. O, bu barədə Azadlıq qəzetində və öz facebook səhifəsində məlumat verib.
VİZUAL.az xəbər verir ki, AXCP-nin qeyri legitim sədri qeyd edib ki, Ədliyyə Nazirliyi bu qərarını AXCP sədri Razi Nurullayevin də Ədliyyə Nazirliyinə AXCP "Etimad qurultayı” adı ilə sənəd təqdim etməsi ilə əsaslandırıb:
"Ədliyyə Nazirliyi təqdim etdiyimiz qurultay sənədlərini geri qaytarıb. Bəhanə ediblər ki, Razi Nurullayev də Ədliyyə Nazirliyinə AXCP "Etimad qurultayı” adı ilə sənəd təqdim edib. Ədliyyə Nazirliyi də "eyni hüquqi şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə bir-birinə zidd olan müraciətlərin daxil olduğunu nəzərə alaraq” təqdim etdiyimiz sənədləri geri qaytarıb. Təkilif edib ki, "mübahisəli məsələni” həll etmək üçün məhkəməyə müraciət edək”.
Məsələyə AXCP sədri Razi Nurullayev də münasibət bildirərək, bu qərarın ədalətli olduğunu deyib: "Əli Kərimlinin qurultay sənədləri Ədliyyə Nazirliyi tərəfindən haqlı olaraq geri qaytarılıb. Qanunlara hörmət qoymayan bu hökumət ömründə heç olmazsa bir dəfə doğru qərarlardan birini verib. Biz bu çəkişməni udmaq niyyətimizi öncə də demişdik. Haqlı olduğumuzu bilirdik. Əsl AXCP-ni biz təmsil edirik Əli Kərimli artıq Azırbaycan siyasətində unudulmuş birisidir. Özü deyib özü eşidir. Beyni yuyulmuş ətrafı ona tərif deyir, o da ətrafı ilə fəxr etdiyini. Lokal hava interneti şəbəkəsi kimi 30-40 kv məsafəni əhatə edirlər. Bu da daralır və 2016-cı ildə o adlı siyasətçi haqqında məlumatları kifsəmiş və əzik-üzük Azadlıq qəzetinin əski nömrələrindən oxuyacaqlar. Xalq uğursuz və nəticəsiz siaysətçiləri sevmir. Əsl AXCP, Əbülfəz Elçibəyin ruhunun olduğu AXCP-ni biz təmsil edirik. Əli Kərimliyə təklif edirəm ki, siyasətdən getdiyini açıqlasın və bəlkə, 2016-cı ilə az da olsa hörməti qala. Siaysətə gəlməyi bacaran adam zamanında da getməyi bacarmalıdır. İqtidarı uzun müddət kresloya yapşmaqda ittiham edən şəxs özü onilliklərlə kresloya yapşıbsa xalq bunu düzgün qiymətləndirməz. Biz də onu kreslsoundan qopartdıq və hələ də bu illər ərzində onun yaratdığı xaosu və intizamsızlığı təmizləyə bilmirik”.
Qeyd edək ki, Əli Kərimlinin rəhbərlik etdiyi AXCP sentyabrın 27-də keçirdiyi qurultayla bağlı müvafiq məlumatların dövlət reysterinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etmişdi. AXCP-nin qanuni yolla seçilmiş sədri Razi Nurullayev isə əsl AXCP-nin onun rəhbərliyi ilə yarandığını bəyan edib və 18 oktyabrda qurultay keçirərək bununla bağlı sənədləri Ədliyyə Nazirliyinə təqdim etmişdi.|Qafqazinfo.az