Maliyyə yardımı göstərmək istədikləri QHT və ya media strukturuna vəsaiti birbaşa ödəyə bilmədikləri üçün Qərb dairələrində müxtəlif adlı mükafatlar təsis etmələri praktikası yeni deyil.
Növbəti belə təcrübədən bu dəfə deyəsən Niderland yararlanmaq istəyir.
Belə ki, Niderland Xarici İşlər Nazirliyi "İnsan Hüquqları Tülpanı” adlı mükafat təsis edib. Bu mükafata layiq görüləcək namizədlər sırasında "Meydan TV”-nin rəhbəri Emin Milli də var.
Bununla bağlı NİDA Vətəndaş Hərəkatının Facebook səhifəsində elan yerləşdirilib və səsvermə üçün təbliğat aparılır, səs sayını artırmaq üçün çağırışlar edilir.
Bildirilir ki, tələb olunan səs toplanılacağı halda qalibə 100 000 avro mükafat veriləcək.
Maraqlısı NİDA-nın təbliğatı və Emin Millinin namizədlər sırasında olması deyil. Maraqlısı "Meydan TV”nin yeni "Fanfan Tülpan”ın adını indidən bilməsi, yəni mükafatın məhz Emin Milliyə veriləcəyinə əmin olmasındadır.
Onlar da bir az uzağa gediblər. Alınacaq pulun necə xərclənməsi haqda qərar qəbul edərək bunu da sosial şəbəkələrdə yerləşdirib.
Əslində son illərin tendensiyası da göstərir ki, Qərb ölkələrinin jurnalistika və insan hüquqları sahəsində mükafatlarına iddiaçı nominantlar siyahısında azərbaycanlı "əzabkeşlərin” adlarının daxil olunması onların qələbəsi üçün kifayət edir.
Yəni "Meydan TV”-nin əminliklə, 100 min avronu necə xərcləyəcəyi barədə planlar qurması üçün praktiki zəmin var.
Qarşıya maraqlı suallar çıxır: bu mükafat Emin Milliyə hansı xidmətlərinə görə veriləcək və onun pərdə arxasında nələr dayanır?
Xatırladaq ki, İlk Avropa Oyunlarının açılışından 2 gün əvvəl Niderland hökuməti oyunlara ikinci ev sahibliyi etməkdən imtina etmiş və bunu maliyyə problemləri ilə izah etmişdi.
Görəsən, beynəlxalq əhəmiyyətli bir idman yarışına maliyyə ayıra bilməyən Niderland 100 min avroluq mükafat təsis etmək üçün maliyyəni haradan alıb.
Qəribə olan odur ki, "Meydan TV” Avropa oyunları əleyhinə ən aktiv təbliğat aparan KİV-lər siyahısında idi. Belə çıxır ki, Avropa Oyunlarını keçirməyə "pul tapa bilməyən” ölkələr bu oyunlara qarşı qaralama kampaniyasının aktivlərini maliyyələşdirməyə pul tapırlar.
Azərbaycanla bağlı olan hər şeyi və hər kəsi tənqid bə təhqir obyekti seçmiş Meydan TV-nin yadda qalacaq, xüsusi qeyd ediləcək media uğuru olmasa da, görünür Niderland XİN və ya onlara diqtə edən dairələrin marağı belə bir informasiya vasitəsinin yaşayıb, fəaliyyətini davam etdirməsindədir. Belə isə, 100 minlik mükafatın da əvəzi nə iləsə ödəniləcək. Bunun əvəzi nə olacaq yaxın zamanlar Meydan TV-nin efiri özü göstərəcək.
Gün.Az