"Daha böyük təhlükə bu rayonun icra başçısıdır”- Fazil Mustafa
"İcra başçısı pis əməlləri ilə özündən əvvəlkinə rəhmət oxutdurur”
Millət vəkili Fazil Mustafa bazar günü – fevralın 14-də bir yas mərasimində iştirak etmək üçün getdiyi Tərtər rayonunda qarşılaşğıdı mənzərələrdən dəhşətə gəldiyini bildirir.
"Bu gün Tərtərə dostum Zülfüqar bəyin qızının vəfatı ilə əlaqədar ailəsinə baş çəkməyə getmişdim. Şəhərin içindəki mərkəzi küçələrin vəziyyəti məni dəhşətə gətirdi. Ötən il də eyni mənzərə idi”. Miq.az saytı xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa bildirib.
Millət vəkili bildirir ki, hər yer qazıq-qazıq, yağış yağanda camaat nə zülüm çəkir, təsəvvür etmək mümkündür: "Ötən dəfə Avropa Şurasında ermənilərin Sərsəng su anbarı vasitəsi ilə törədə biləcəyi ekoloji təhlükə ilə bağlı ciddi bir sənəd qəbul etmişdik. Bu gün Tərtərdə olanda əmin oldum ki Sərsəng su anbarından daha böyük təhlükə bu rayonun icra başçısıdır. Şəhər əməlli-başlı xarabazara çevrilib və bu səviyyədə biganəliyi heç bir rayonda müşahidə etmədim. Xüsusilə də, sərhəddə yerləşən və ermənilərə sona qədər dirəniş göstərən, bu gün də bütün sıxıntılara rağmən doğma ocağında yaşamağa davam edən bu fədakar Tərtər camaatının ümumiyyətlə icra başçısı sarıdan bəxti heç gətirməyib. Yeni təyin olunan da pis əməlləri ilə özündən əvvəlkinə rəhmət oxutdurur. Məncə, ermənilərlə təmas xəttində olan rayonlarımızda icra başçısının doğru seçilməsi, bu bölgələrimizin həm də təhlükəsizliyinin təminatıdır”.
Xatırladaq ki, Tərtərin icra başçısı Müstəqim Məmmədovdur. O, 7 may 2014-cü ildə Tərtərin icra başçısı təyin edilib. Onun barəsində mətbuatda çoxsaylı tənqidi materiallar dərc olunub…
Bir müddət əvvəl deputat Fazil Mustafa hazırda həbsdə olan Zülfüqar İbrahimovun Tərtər rayon icra hakimiyyətinin başçısı tərəfindən şərlənərək həbs olunduğunu, şikəst qızının isə aylarla ata həsrəti çəkdikdən sonra dünyasını dəyişdiyini deyib. Belə demək mümkünsə, deputat Fazil Qəzənfəroğlu Tərtərin icra başçısını hətta ölüm işində ittiham da etmişdi...
Miq.az