"O şəxs FETÖ-nun üzvü olub, bunu gizlətməyə lüzum yoxdur”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada öldürülən Rusiya səfiri Andrey Karlovun qatilinin Fəthullah Gülənin təşkilatı ilə əlaqəli olduğunu bildirib.
Ərdoğan bunu Ankarada mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, səfir A.Karlovun qətli ilə əlaqədar istintaqa rusiyalı müstəntiqlər də qoşulub:
"O adam FETÖ-nun üzvü olub, bunu gizlətməyə lüzum yoxdur. Açıq şəkildə etiraf etməliyik ki, polis strukturlarımız və ordu sıralarımızda bu çirkin təşkilatın üzvləri hələ də qalmaqdadır.
Terror təşkilatına qarşı mübarizə bundan sonra da davam etdiriləcək və dövlət qurumlar FETÖ-dən təmizlənəcək. Güman edirəm ki, yaxın müddət ərzində istintaqın gedişi ilə bağlı nəticələr əldə olunaraq ictimaiyyətə təqdim ediləcək”, deyə Türkiyə prezidenti əlavə edib.