"Bu gün mətbuatın
cəmiyyətimizdə tutduğu yer çox əhəmiyyətlidir. Onun üzərinə böyük
missiya düşür. Bu gün dövlət siyasəti də ona yönəlib ki, Azərbaycan
mətbuatı inkişaf etsin, öz işini yeni dövrün tələblərinə qura bilsin.
Bununla yanaşı, mətbuat da öz məsuliyyətini artırmalı, bu gün müzakirə
etdiyimiz məsələlərlə bağlı bir çox aspektlərə diqqət yetirməlidir.
Əminəm ki, Azərbaycan mətbuatı bu vəzifələrin öhdəsindən gələcək, 140
illik missiyanı bundan sonra da uğurla davam etdirəcək". Trend xəbər
verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi
məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev "Azərbaycan mətbuatı
və milli-mənəvi dəyərlərimiz" mövzusunda keçirilən konfransda deyib.
PA
rəsmisinin sözlərinə görə, "Azərbaycan mətbuatı və milli-mənəvi
dəyərlərimiz" mövzusu Azərbaycan mediasının keçdiyi tarix böyu aktual
mövzu olub və geniş şəkildə işıqlandırılıb. Mətbuat həmişə milli
özünüdərk məsələsinə xüsusi diqqət yetirib: "Mətbuat səhifələrində
"Əkinçi"dən başlayaraq Azərbaycanın ailə dəyərləri, əxlaqi-mənəvi
dəyərlər, həyat tarixi, davranış, mədəniyyət, folklor və digər mövzular
müxtəlif dövrlərdə öz əksini tapıb. O dövrdən başlayaraq bu günədək
müşahidə edirik ki, mədəniyyət, dünyagörüş, milli-mənəvi dəyərlər həmişə
geniş şəkildə işıqlandırılıb".
Ə.Mehdiyevin
fikrincə, müstəqillik illərində bu mövzu xüsusilə aktuallaşır:
"Müstəqillik illərində rastlaşdığımız problemlər, informasiya
texnologiyalarının inkişafı, qloballaşma, ucqar kəndlərdə belə
informasiyanın əldə etmək imkanının genişlənməsi mədəniyyətlərin inkişaf
etməsinə geniş imkan açır. Əgər biz dünyanı daha yaxşı dərk edə
biliriksə, mədəniyyətlərin maneəsiz yayılması ilə də üzləşirik. Bunlar
ölkəmizin milli-mənəvi dəyərlər toplusuna da öz təsirini göstərir. Biz
isə öz növbəmizdə xalq üçün önəmli olan və gələcəyə addımlaması üçün
həlledici rol oynayan dəyərləri qoruyub saxlamağa çalışırıq. Bunların
əsas təməl baza kimi rolunu qoruyub saxlayırıq. Təəssüf ki, elə olur ki,
bizim üçün dəyərli olan prinsipləri, dəyərləri bu və ya digər şəkildə
itiririk. Bu da hardasa obyektiv prosesdir. bu mənada gənclərin
yetişdirilməsində, xalq, millət olaraq mövqeyimizin qorunub
saxlanmasında mətbuatın rolu böyükdür".
Şöbə
müdirinin müavini qeyd edib ki, həm mühüm mənbə rolunu oynayan, həm də
təbliğat, maarifləndirici, təsir qüvvəsinə malik vasitə kimi mətbuat
orqanlarının rolu böyükdür: "Bu gün biz müharibə şəraitində yaşayırıq.
Azərbaycanın varlığını, həmrəyliyini, tolerantlığını qorumağı, gənclərin
milli ruhda böyüməsini prioritet vəzifə olaraq önə çıxarmalıyıq. Bu
məsələ bu gün dövlətin həyata keçirdiyi siyasətdə də öncül yer tutur.
Bizə saxta, yad olan ünsürlərin aradan qaldırılması tam mümkün olmasa
da, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, torpaqlarımızın
azad edilməsi vacilbliyinin qabardılmasını daha da gücləndirməliyik. Bu
mənada mətbuatın peşəkarlığı mühüm rol oynayır".
Qeyd
edək ki, Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bağlı
hazırlanmış tədbirlər planına uyğun olaraq keçirilən tədbirin
təşkilatçıları Azərbaycan Respublikasının Prezidenti Administrasiyası,
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondu (KİV DF) və Mətbuat Şurasıdır.