Erməni general-leytenant təmas xəttində yaralanıb?- Diviziya komandiri və daha bir zabit...
General Levon Mnatsakanyan, diviziya komandiri və daha bir zabit təmas xəttində necə yaralandı
Xəbər verdiyimiz kimi ötən gün bəzi erməni KİV-ləri qondarma "DQR müdafiə naziri”, general-leytenant Levon Mnatsakanyanın təmas xəttində yaralandığı və hospitala aparıldığı haqda məlumat yayıb. "DQR müdafiə naziriliyi”, daha sonra Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan tələsik məlumatı təkzib ediblər.
Bəs general Levon Mnatsakanyanın yaralanması barədə məlumatın qaynağı hansı sayt olub?
Virtualaz.org saytının araşdırmasına görə, bu xəbər ilk dəfə shamsyan.org adlı (bloqqer Şəmsiyanın saytı) saytda yer alıb. Orada deyilir ki, general Mnatsakanyan, Dağlıq Qarabağ "ordusunun” diviziya komandiri və yüksək rütbəli daha bir zabit təmas xəttində yaralanıblar və birbaşa Stepanakert (Xankəndi) hospitalına aparılıblar. Bunu sayta Mnatsakanyanı qospitala aparıldığının şahidi olan mənbə deyib. Məlumata görə yaralıların həyatı üçün təhlükə yoxdur və yüngül yaralanıblar. Həmin məlumatı Lragir.am saytı və daha bir neçə sayt tirajlayıb. Shamsyan.org bilavasitə hadisə şahidlərinə istinadən xəbərlər yayan saytdır.
Bu xəbərlərin yayılmasından sonra shamsyan.org saytı fəaliyyətini dayandırıb, Mnatsakanyanın yaralandığı haqda xəbəri yayan digər saytlar isə onu səhifələrindən siliblər.
Xatırladaq ki, erməni mənbələri Levon Mnatsakanyanın martın 15-də təmas xəttinin Xocavənd istiqamətində yerləşən mövqelərə baş çəkdiyini və əsgərləri mükafatlandırdığını xəbər vermişdi. Ehtimal ki, o və digərləri həmin vaxt Azərbaycan ordusunun erməni mövqelərinə endirdiyi cavab zərbəsi zamanı yaralanıblar.
Miq.Az