bu gün Dağlıq Qarabağ məsələsinin həllində xalq diplomatiyası hansı rolu oynaya bilər, Rusiyada hakimiyyət dəyişikliyi bölgə üçün nələr vəd edir və s. ünvanladığımız sualları Köln Universitetinin doktorantı, beynəlxalq məsələlər üzrə analitik İbrahim Əhmədov “veteninfo”ya cavablandırır.
- İbrahim bəy, ümumiyyətlə, bu gün Dağlıq Qarabağ məsələsinin həllində “xalq diplomatiyası”nın aparılması münaqişənin həllinə hansısa bir formada müsbət təsirini göstərə bilərmi?
- İnternet kimi qlobal məlumat vasitələrin yayıldığı dövrdə “xalq diplomatiyası” dediyiniz fenomen bir seçim məsələsi deyil, labüdlükdür. Bu fenomenin həm müsbət, həm də mənfi nəticələri qaçılmazdır, lakin ənənəvi dövlət diplomatiyasının vasitəsilə müəyyən qədər mənfi nəticələrin qarşısını almaq mümkündür.
Xalq diplomatiyası bu deməkdir ki, xalq özü kimin dost, kimin düşmən olduğunu müəyyənləşdirir və dost/düşmən tərifini müxtəlif vasitələrlə öz hökümətinə və dünyaya bəyan edir. Siyasət xadimlərindən fərqli olaraq xalq, bir kütlə kimi, öz seçimində rasional maraqlardan daha çox ictimai kimlik və mənəvi dəyərlərə əsaslanır və bu səbəbdən adətən duyğu və emosiyalara tabe olur. Xalq siyasətinin müsbət tərəfi budur ki, daha açıq və səmimidir, yəni xalqın tarixi iradəsini birbaşa əks etdirir. Mənfi cəhəti isə budur ki, insanlar bəzən emosiyalara qapanıb, məlumatsızlız ucbatından qəflətən özlərinə zərər gətirə bilərlər. Hər bir xarici siyasətin uğurlu olması birbaşa dost və düşmən seçimindən asılıdır. Bu iş əsla bəsit deyil ki, məsələn güclü olanları özünə dost, zəifləri isə özünə düşmən seçib rahat yaşayasan. Çox vaxt güclü olan bir dövləti özümüzə dost seçəndə görürük ki, onun bizə qarşı davranışı səmimi deyil. Bu o deməkdir ki, özümüzə düzgün dost seçməmişik. Səmimi dostluq adətən maraqlar üzərində yox, ümumi dəyərlər üzərində qurulur, çünki maraqlar sürətlə dəyişir, kimlik və dəyərlər isə daha sabitdir. Bu gün bizə ruhən yaxın olan bir millət nisbətən zəif olsa da, sonradan güclənib, bizim üçün səmimi və eyni zamanda güclü bir müttəfiqə çevrilə bilər. Bir ictimanın dost və düşmən tərifi birbaşa onun siyasi kimliyindən qaynaqlanır. Beləliklə Azərbaycan xalqının diplomatiyası və Qarabağ münaqişəsinin çözülməsi onun özünü dərk etməsindən, yəni ictimai kimliyindən birbaşa asılıdır. Bu proses isə Azərbaycanda hələ də davam etməkdədir.
- Rusiyada yenidən Vladimir Putinin hakimiyyət başına gəlməsi münaqişənin həlli üçün nələr vəd edir?
- Tarixə nəzər salanda görürük ki, bəzi qısa məqamlar istisna olmaqla, Rusiyanın siyasəti Azərbaycana qarşı dəyişilməz olub. Hazırda cənubi Qafqazda mövcud olan siyasi durum məhz Rusiya tərəfindən yaradılmışdır. Azərbaycanı Qacar dövlətinin tərkibindən ayıran kimi, Rusiyanın həyata keçirdiyi ilk tədbir azərbaycanlıların yaşadığı əyalətlərdə süni olaraq, yəni mühacirət yolu ilə erməni əhalisinin sayını artırmaq olub. Gərək özümüzdən soruşaq, səbəb nədir ki, Rusiyanın siyasəti bizə qarşı əvvəldən bu çür olub? Çox güman ki, səbəb Rusiyanın azərbaycanlılara və digər müsəlman xalqlarına qarşı etimadsız baxmasıdır. Ermənilər tarix boyu müsəlman dünyasının “beşinci kolonnası” olublar. Deməli bu siyasətin kökündə duran ictimai kimlik və mənəvi dəyərlər arasında olan daimi fərq və ixtilaflardır. Hərhansı dövlət məmurunun dəyişməsi Rusiyanın xarici siyasətinə kəskin surətdə təsir etməz. Putinin hakimiyyətdə qalması da bunu vəd edir ki, Rusiyanın Qarabağ məsələsinə yanaşması dəyişməyəcək və çox güman ki Putindən sonra da dəyişilməz qalacaq.
- Bəzi qərbli ekspertlərinə görə, Amerika-İsrail İrana hücum edəcəyi təqdirdə, Azərbaycanın bu amildən istifadə edib, Dağlıq Qarabağda hərbi əməliyyatlara başlayacağını proqnozlaşdırırlar. Bu, proqnoz nə qədər gerçəkliyi əks etdirir?
- İsrailin İrana qarşı hücumunun Qarabağ münaqişəsinin inkişafına heç bir ciddi təsiri olmayacaq. Münaqişənin müharibə mərhələsinə keçməsinin əleyhinə olan İrandan daha çox, ATƏT-in Minsk qrupunun üzvləri və neft idxal edən ölkələrdir. İranda müharibə baş versə yaxud, məsələn, rejim dəyişilsə Ermənistan və Qarabağ ermənilərinə hərbi və maddi dəstək verən güvvələrin nüfuzundan zərrə qədər azalmayacaq. Əlbətdə biz arzu edirik ki, İran Ermənistanla sərhədini bağlayıb, bir müsəlman ölkəsi olaraq işğalçı dövlətdən bütün əlaqələrini kəssin. Bu baş versə müharibəyə belə ehtiyac qalmaz. Lakin İranda siyasi rejimin Qərb dövlətlərinin xeyrinə dəyişməsi bu məsələyə təsir etməyəcək, çünki Qərb dövlətlərinin Ermənistana qarşı münasibəti olduqca yaxşıdır.
- Bəs, münaqişənin sülh yoluya həll edilməməsi bölgədə müharibə təhlükəsinə şərait yaradırmı?
- Münaqişənin sülh yolu ilə həll edilməməsinin əsas mənfi təsiri müharibə təhlükəsi deyil. Əsas təhlükə budur ki, münaqişə gec həll olunsa iki xalq arasında normal qonşu münasibətləri bərpa olunmayacaq. Hazırkı statusun uzadılması Azərbaycan və Ermənistan xalqlarının arasında ədavətin şiddətlənməsindən başqa heç bir şey gətirməyəcək. Bu münaqişə hətta qan bahasına belə qısa zamanda həll olunsaydı, ədavət xalqın yaddaşından daha tez silinərdi və çox keçmədən iki dövlət arasında normal qonşu münasibətləri bərpa olunardı, necə ki İkinci Dünya müharibəsindən dərhal sonra Fransa ilə Almaniya ən yaxın müttəfiqlərə çevrildilər. Amma, məsələn İsrail ilə Fələstin arasında olan münaqişənin həll olunmaması iki xalq arasında ədavətin getdikcə artması ilə nəticələnmişdir. Bizi də təəssüf ki, bu yolun yolçusuyuq.
Elnur Eltürk