Ermənistandan məğlubiyyət etirafı-Azərbaycan itirdiyi mövqeləri bərpa edir
Azərbaycan 1990-cı illərdə itirdiyi mövqeləri bərpa etməkdədir
Serj Sarkisyan və İlham Əliyevin bir-birinin ardınca Fransaya etdiyi səfərlər Bakının qələbəsi ilə başa çatıb.
Səfərlər barədə Ermənistan mətbuatı bu qənaətə gəlib. Ermənistanın populyar portallarından biri olan "Lragir”in məsələyə həsr etdiyi məqaləsində bildirir:
"Qarabağ nizamlanması üzrə növbəti fəal diplomatik raund başa çatdı və Bakı rahat nəfəs aldı. Aydın oldu ki, Fransa Azərbaycana qarşı sanksiyalara çağırmayacaq. Bundan rahatlanan İlham Əliyev işğalçı Ermənistana qarşı sanksiyalara çağırmağa başladı”,- deyə erməni şərhçi Naira Ayrumyan portalda dərc olunmuş məqaləsində bildirir.
Erməni portalının yazdığından belə çıxır ki, Sarkisyan Fransaya Azərbaycana qarşı beynəlxalq sanksiyalara nail olmaq üçün gedibmiş. Yəni erməni məntiqinə görə, Azərbaycan qoşunların təmas xəttində müşahidə qurğularının yerləşdirilməsinə icazə verməlidir və torpaqlarını müharibə yolu ilə azad etmək yolundan əl çəkməlidir, əks halda ona qarşı sanksiyalar tətbiq edilməlidir. Əslində, beynəlxalq hüquq və dövlətlərin ərazi bütövlüyünü əsas götürən Helsinki prinsipləri baxımından bu mümkün deyil. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa ərazisinin 20 faizi işğal edilmiş Azərbaycanın öz ərazi bütövlüyünün təmin etmək hüququna qarşı gedə bilməz.
Amma bu nəzəri belədir. 25 illik münaqişənin tarixi göstərir ki, erməni lobbisi qərb dövlətlərinin xristian təəssübkeşliyindən və Azərbaycan diplomatiyasının fərasətsizliyindən istifalə edərək Azərbaycana qarşı ədalətsiz sanksiyalara nail olmublar. Belə sanksiyalardan biri 1992-ci ildə qəbul edilmiş 907-ci düzəlişdir. Düzəlişin «Azərbaycan tərəfindən Dağlıq Qarabağın "işğalı" və Ermənistana qarşı blokadasını dayandırmaq məqsədilə» edildiyi bildirilir. Məhz 907-ci düzəlişə görə Azərbaycan ABŞ-dan silah və yardım ala bilmir.
Ermənilər eyni dəstəyi Fransadan da almaq istəyirlər. Ollandın Sarkisyanla görüşdən sonra ermənilər bir az ürəklənmişdilər. Çünki Olland onları şirnikləndirən sözlər bildirmişdi: "Biz lazımi siyasi qərara nail olmaq və son aylarda, son həftələrdə baş vermiş ağır toqquşmaların təkrarlanmasından qaçmaq istəyirik”.
Lakin Azərbaycan prezidenti İlham Əliyevin Fransaya səfərindən sonra Fransua Olland tamamilə fərqli fikir irəli sürdü və status-kvonun yol verilməzliyindən danışdı ki, bu da Ermənistan üçün heç də əlverişli deyil./İstiPress/
Miq.Az