Ermənistanın "atom silahı"nın sonuna çıxmaq lazımdır
Bir müddət əvvəl Ermənistanın müdafiə naziri Seyran Ohanyanın, aprelin 29-da isə Ermənistanın keçmiş baş naziri və hazırda Ermənistan Milli Konqres Partiyasını Ermənistan Parlamentində təmsil edən deputat Hrant Baqratyan Ermənistanın xüsusi təyinatlı gizli silaha və ya "nüvə silahına" malik olmaları barədə açıqlamalar veriblər. Bu açıqlamalar ciddi suallar və narahatlıq doğurur. Lakin maraqlısı budur ki, İranı adicə nüvə enerjisinə görə gözümçıxdıya salan, İraqı olmayan kimyəvi silaha görə yerlə-yeksan edən, "kütəvi qırğın silahı ola bilər" deyə Suriyanın gününü qara edən dünya ictimaiyyəti, xüsusilə Qərb dövlətləri və müvafiq beynəlxalq qurumlar Ermənistan məsələsində elə bil ağızlarına su alıb susurlar.
Bununla bağlı məsələni Milli.Az-a şərh edən təhlükəsizlik və regional geosiyasət məsələləri üzrə ekspert Arzu Nağıyev bildirib ki, əslində, bu, ermənilər tərəfindən ortaya atılmış növbəti cəfəng fikirdir: "Bu, əslində, ermənilərin təxəyyülünün məhsuludur. Ermənistan ərazisində kütləvi qırğın silahının komponentlərindən başqa hər hansı bir nüvə silahının olması mümkün deyil. Əgər bu gün bütün dünya atom silahı, nüvə başlıqları ilə mübarizə aparırsa, istənilən supergüclərin, ABŞ-ın və digər böyük dövlətlərin kəşfiyyat orqanları bununla bağlı mütləq məlumatlı olardı. Sadəcə, Azərbaycana və Türkiyəyə mesaj göndərmək istəyirlər ki, bizdə bu silah var və ondan istifadə edə bilərik. Lakin onların söykənəcəyi heç bir fakt və ya arqument yoxdur".
Ekspert qeyd edib ki, əgər belə bəyanatlar hətta ermənilərin təxəyyülünün məhsulu olsa belə, beynəlxalq təşkilatlar və xüsusi xidmət orqanları dərhal müvafiq tədbirlər görməlidirlər: "Dünya Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE və ya AEBA), eyni zamanda müvafiq xüsusi xidmət orqanları bu işlə məşğul olmalı, buna dərhal reaksiya verməli, təftiş aparmalıdırlar. Heç bir bəyanat verməyən İranda və İraqda nüvə silahları axtaran dövlətlər, təşkilatlar Ermənistanda səslənən bu bəyanatlarla bağlı araşdırma aparıb müvafiq qərarlar qəbul etməli, məsələnin sonuna çıxmalıdırlar".
A.Nağıyevin fikrincə, ermənilərin bununla Metsamor Atom Elektrik Stansiyası (AES) ilə bağlı müəyyən siyasi oyunlar oynayıb gəlir əldə etmək istədikləri də istisna olunmur: "Ermənistan Metsamor AES-in sökülməsi üçün Avropa Birliyindən külli miqdarda vəsait əldə etmək istəyirdilər. Onlar isə 3 milyard təklif edirdilər. Lakin ermənilər regionda təhlükənin qarşısının alınması bəhanəsi ilə 6-7, hətta 10 milyard tələb edirdilər. Bundan əlavə, Gürcüstanda qeydə alınan kriminal hadisələrdən sonra bəlli olur ki, Ermənistan rəhbərliyi kütləvi qırğın silahlarının qaçaqmalçılığı ilə məşğul olan cinayətkar dəstə ilə əlaqəli olduğunu deməyə əsas verir".
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də bununla bağlı mətbuata açıqlamasında fikirlərini bildirib: "Ermənistan tərəfindən sistematik şəkildə həyata keçirilən radioaktiv materialların qaçaqmalçılığı hallarının, habelə Azərbaycana qarşı qisas hissi ilə köklənən Ermənistanın rəsmi şəxslərinin "nüvə silahı" barədə təhdidlərinin AEBA tərəfindən ciddi şəkildə nəzarətə götürülməsi və araşdırılmasını zəruri hesab edirik. Bununla əlaqədar, Azərbaycan XİN rəsmi kanallar vasitəsilə AEBA-ya müraciət ediləcəkdir".
Onun fikrincə, Ermənistan Respublikasının bu əməlləri Nüvə Silahlarının Yayılmaması Müqaviləsi ilə bağlı təminatların tətbiq edilməsi barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə Ermənistan arasında imzalanmış Saziş, Nüvə Materiallarının Fiziki Mühafizəsi haqqında Konvensiya və ona Düzəliş, Nüvə Təhlükəsizliyi haqqında Konvensiya, Nüvə Terrorizmi fəaliyyətinə qarşı Beynəlxalq Konvensiya, AEBA-nın "Radioaktiv Mənbələrin Təhlükəsizliyi üzrə Davranış Məcəlləsi" və "Radioaktiv Mənbələrin İxracı və İdxalı Qaydaları", habelə BMT Təhlükəsizlik Şurasının nüvə, kimyəvi və bioloji silahlar və onların çatdırılma vasitələrinın yayılmasının qarşısının alınması barədə 1373 və 1540 saylı qətnamələri çərçivəsində Ermənistanın öhdəlikləri ilə ziddiyyət təşkil edir. /Milli.az/
Miq.az