Gəncənin icra başçısından SİYASİ SƏHV
"Bu gündən etibarən aksizli malların plastik kartlarla satışı dayandırılıb”
Miq.az xəbər verir ki, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov AZTV-ə müsahibəsində deyib. Onun sözlərinə görə, sahibkarlar tərəfindən məsələ ilə bağlı Prezident İlham Əliyevə çox saylı müraciətlər olub.
Sənədləşmə işləri ilə bağlı Prezident İlham Əliyev aksizli malların, spirtli içkilərin kartla satışı ilə bağlı qərarın icrasının müvəqqəti dayandırılması ilə bağlı tapşırıq verib: "Sənədləşmə ilə bağlı məsələlər var. Həm bizə, həm də Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, cənab Prezidentə çoxsaylı müraciətlər daxil olub ki, bu sənədləşmə işlərinin başa çatdırılmasına müəyyən zaman tələb olunur. Bütün bunları nəzərə alaraq, cənab Prezident həmişəki kimi, yenə də sahibkarlığın inkişafına öz dəstəyini göstərir və tapşırıq verilib ki, bu qaydaların tətbiqi müvəqqəti olaraq dayandırılsın”.
Qeyd edək ki, S.Ələkbərovdan öncə Gəncə şəhər İcra Hakimiyyəti bu barədə qərar verdiklərini açıqlayıblar.
Prezident spirtli içkilərin kartla satışını ləğv etdi başlıqlı manşet xəbərlərindən qabaq tirajlanan "Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevin spirtli içkilərin satışı ilə bağlı yeni qərarı” birinci xəbəri kölgədə qoydu. Devalvasiyanın və məmur özbaşınalığının insanların əsəblərini tarıma çəkdiyi bir vaxtda bütün diqqətlər prezidentə və onun atacağı addıma yönləndiyi halda, Gəncə şəhər icra başçısının atdığı bu addım heç də başadüşülən deyil. Daha doğrusu, adama elə gəlir ki, paytaxt Gəncə, Bakı isə əyalətdir...
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev spirtli içkilərin satışı ilə bağlı yeni qərar verib.
Gəncə şəhər İcra Hakimiyyətin-dən daxil olan məlumata görə, tapşırığa müvafiq olaraq bu gündən etibarən iaşə və ticarət obyektlərində tütün məmulatları və spirtli içkilərin satışı nağd və ya nağdsız (kartla) həyata keçirilə bilər.
Bu isə kuryoz hadisədir. Belə ki, bu barədə qərarlar mərkəzi hakimiyyət tərəfindən verilir və ayrı-ayrı bölgələrin müstəqil qərar vermə hüququ yoxdur. Görünən odur ki, Elmar Vəliyev və ya işçiləri Gəncənin də muxtar respublika olduğunu düşünüb.
Ölkədə son vaxtlar manatın devalvasiyası və işbazların neqativ hərəkətləri cəmiyyətdə ikrahla qarşılandığı bir vaxtda bəzi icra başçılarının düşünülməmiş addımları prezidentin adına və onun siyasətinə kölgə salır. Bu yaxınlarda Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun da atdığı bəzi addımlar başadüşülən deyil. Zakir Fərəcovun da atdığı addımıarın hakimiyyət əleyhinə nə qədər işlədiyinə növbəti yazımızda aydınlıq gətirəcəyik!
Miq.az olaraq, bütün icra hakimiyyətlərinin və yerli icra orqanlarının, güc strukturlarının nəzərinə çatdırmaq istəyirik ki, ölkədə üçüncü qüvvələr və görünməyən əllər məqam axtarır ki, situasiyani dərinləşdirsinlər. Bu məqamda diqqətli olmaq lazımdır. Artıq kriminal hadisələr sayənizdə orta məktəblərdə tüğyan edir, cənablar!!!
Yenə başa düşmədiniz?
Miq.az