Həftənin hadisəsi

Həftənin hadisəsi
Aydın CANIYEV

- Hilton hotelində həftəiçi keçirilən tədbirdə Qara dəniz-Xəzər hövzəsi ölkələrinin nümayəndələri ciddi qərarlar qəbul etdilər -

Bəri başdan qeyd edək ki, sanbalına və əhəmiyyətinə görə oktyabrın 4-də "Hilton Hotel"də keçirilən toplantı xüsusi məqamıyla diqqəti çəkirdi və bu tarix üçün gözəl bir töhfəydi: qeyri-dövlət və qeyri-siyasi xarakterli olaraq, iki dəniz regionu dövlətlərinin hüquq elminin qaymaqlarının dövlətə və siyasətə hüquqi aspektdən faydalı olmaq cəhdi. 

Toplantıya Azərbaycanla bərabər Rusiya, Türkiyə, Bolqarıstan, Serbiya, Yunanıstan, İran və Belarusun hüquq ictimaiyyətinin tanınmış simaları qatılmaqla tədbirin ciddiliyini sərgiləmiş oldular. Azərbaycan tərəfini Qara dəniz və Xəzər dənizi ölkələri Beynəlxalq Fondunun prezidenti, hüquqşünas, yazar Çingiz Abdullayev, professor Rüstəm Məmmədov, Azərbaycan ədliyyə nazirinin müavini Azər Cəfərov, Milli Elmlər Akademiyası İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafayeva və digər tanınmış simalar təmsil edirdi. Bolqarıstandan Hüquqşünaslar Birliyinin başqanı Vladislav Slavov, "Slavyane” Fondunun prezidenti Zaxari Zaxariyev, Rusiyadan Beynəlxalq Slavyan Elm, Təhsil, Mədəniyyət və İncəsənətlər Akademiyasının və Rusiya Hüquq Universitetləri Assosiasiyasının prezidenti Sergey Baburin, Türkiyədən ölkə prezidentinin hüquq məsələləri üzrə müşaviri Özləm Zəngin, Avrasiya Təşəbbüsləri və Əməkdaşlıq Assosiasiyasının prezidenti Toğrul Vəli, Türkiyə Hüquqşünaslar Birliyi İdarə Heyətinin sədri Gürşad Karakabey, Belarusdan Hüquqşünaslar Birliyinin sədri Viktor Kamenkov, Serbiya Təsərrüfat Palatası arbitrajının sədri Aleksandr Çiriç kimi beynəlxalq miqyasda tanınmış simalar  iştirak edirdi.

Hüquq elmləri doktoru, professor İlham Rəhimov məlumat üçün bildirdi ki, Qara dəniz sahili və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının yaradılmasında əsas məqsəd bu coğrafiyaya daxil olan ölkələrdə biznes mühitinin yaxşılaşdırılmasına hüquqi dəstək verməkdir. Qurum heç bir ölkənin daxili və xarici siyasətinə qarışmadan təmsilçi ölkələrdə fəaliyyət göstərən iş adamlarının problemlərinin aradan qaldırılmasına yardımçı olmaq niyyətindədir. Düşünürük ki, fəaliyyətimiz irəlilədikcə bu faydalı təşəbbüsün coğrafiyası da genişlənəcək. 

Belə bir assosiasiyanın yaradılması ideyası isə hörmətli professorun yanvar ayında Bolqarıstanda kitabının bolqar dilində nəşri zamanı yaranıb. Yaxın dostu Zaxari Zaxariyevə və yaxşı dostlara təşəkkürünü çatdıran İlham Rəhimov sözarası onu da etiraf etdi ki, belə bir Assosiasiyanın yaradılması onun təşəbbüsü deyil, bolqar həmkarlarının ideyasıdır və təşəbbüs qaldırılarkən assosiasiyaya rəhbərliyə onun namizədliyini irəli sürmələrinə etiraz etsə də, sonda dostların - Rusiya, Türkiyə, Makedoniya, Serbiya ictimaiyyəti nümayəndələrinin təkidiylə məsuliyyəti boynuna götürməli olub və... assosiasiya Bolqarıstanda qeydə alınıb. Hazırkı toplantı isə ötən müddət ərzində hazırlanan Nizamnamə və Əsasnamənin qəbulu, Assosiasiyanın fəaliyyət strukturunun formalaşdırılması üçün keçirilir.

İlham Rəhimovun dediklərini təsdiqləyən Zaxari Zaxariyev həm də Bolqarıstan Elmlər Akademiyasının doktoru olan İlham Rəhimovun onun həmkarı olmasından əlavə, eyni zamanda ən yaxşı dostu olduğunu da nəzərə çatdırmağı vacib bildi. Ümumiyyətlə isə, ölkələrimiz - Azərbaycanla Bolqarıstan arasındakı isti münasibətlərə faktlarla aydınlıq gətirən Zaxari Zaxariyev Assosiasiyanın da gələcəkdə Azərbaycanın digər ölkələrlə münasibətlərinə hüquqi müstəvidə xüsusi ilə faydalı olacağını vurğuladı.

Bolqarıstan Hüquqşünaslar Birliyinin başqanı Vladislav Slavov və "Slavyane” Fondunun prezidenti Zaxari Zaxariyev yığıncaq iştirakçılarına qurumun qeydiyyatı və təsis sənədləri ilə bağlı geniş bilgi verdilər. Toplantıda səslənən təkliflər nəzərə alınmaqla sənədlərdə düzəlişlər edildi. Qərara gəlindi ki, təsis toplantısı Sofiyada keçirildiyi üçün qurum Bolqarıstanda qeydiyyata alınsın, üzv ölkələrdə isə nümayəndəliklər yaradılsın. 
Toplantıya sədrlik edən İlham Rəhimov onu da iştirakçıların nəzərinə çatdırdı ki, hüquq ictimaiyyətinin elmi yaradıcılığının dərc edilməsi məqsədilə Assosiasiyanın saytı və dərgisi yaradılacaq. Bundan başqa, professor yaxın günlərdə Bakının mərkəzində müxtəlif dillərdə olmaq şərtiylə hüquq ədəbiyyatı üzrə ixtisaslaşan kitab mağazasının açılacağını bəyan etdi. Onun sözlərinə görə, bu, Azərbaycanda bir ilkdir və həm hüquq ictimaiyyəti, həm də tələbələr mərkəzdən dünyanın ən müxtəlif ölkələrində çap edilən hüquq ədəbiyyatını əldə edə biləcəklər.
Beynəlxalq Slavyan Elm, Təhsil, Mədəniyyət və İncəsənətlər Akademiyasının və Rusiya Hüquq Universitetləri Assosiasiyasının prezidenti Sergey Baburin quruma yeni üzvlər qəbul edilməsi, İdarə Heyətinin və komissiyaların formalaşdırılması və Assosiasiyanın beynəlxalq qurumlarla əməkdaşlığı üzrə konkret təkliflərlə çıxış etdi. 

AMEA İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafayeva qurum üzvlərini tibbi hüququn yaradılması işinə dəstək verməyə çağırdı: "Bir sıra ölkələrin, o sıradan Azərbaycanın qanunvericiliyində bu sahədə boşluqlar var. Düşünürəm ki, Assosiasiyada təmsil olunan hüquqşünaslar uğurlu beynəlxalq təcrübənin milli qanunvericiliklərdə də əks olunması üçün konkret təşəbbüslərlə çıxış edəcək və hökumətlərlə işbirliyi quracaq”.
Serbiya Təsərrüfat Palatası arbitrajının sədri Aleksandr Çiriç bildirib ki, dünyada ticarətdən üstün diplomatiya yoxdur: "Bu gün azad ticarət zonalarının, əlverişli investisiya mühitinin yaradılması, ticarətin liberallaşdırılması inkişaf etmiş ölkələr üçün prioritetdir. Çünki bunlar ölkələrarası münasibətlərin möhkəmlənməsi, yeni iş yerlərinin yaradılması, əhalinin rifahının yüksəldilməsi deməkdir. Düşünürəm ki, Qara dəniz və Xəzər dənizi hövzələri ölkələri də bu siyasəti davam etdirəcəklər”.

Tanınmış vəkil Aslan İsmayılov isə Assosiasiyanın daha çox praktik fəaliyyət göstərən qurum kimi faydalı olacağını düşünür: "Həm Qara dəniz, həm də Xəzər dənizi hövzəsi faktiki konfliktlər zonasıdır. Konfliktlər ya hərb, ya da danışıqlar yolu ilə nizamlana bilər. Hərbi yol seçiləndə dövlətlər hərbi birliklər yaradır, dinc yollara üstünlük veriləndə isə hüququn təkmilləşdirilməsi üzrə qurumlar meydana gəlir. Konfliktlərin olması həm də o anlama gəlir ki, regionda fəaliyyət göstərən iş adamları hüquqi problemlərlə üzləşir. Yeni yaranan Assosiasiya bu problemlərin aradan qaldırılması üçün faydalı ola bilər. İnanıram ki, qurum fəaliyyətini effektiv qura bilsə, hökumətlər onunla əməkdaşlıqda maraqlı olacaq”.

Türkiyə prezidentinin hüquq məsələləri üzrə müşaviri Özləm Zəngin çıxışında diqqəti bəzi beynəlxalq qurumların ədalət  prinsipindən uzaqlaşmasına çəkdi: "Bu gün dünya hüquq sisteminin ən böyük problemlərindən biri hüququn aliliyi prinsipindən uzaqlaşaraq güc mərkəzlərinin himayəçisi rolunda çıxış etmələridir. Ümid edirəm ki, yaradılan Assosiasiya bu sistemdə yaradılan boşluğu doldurmaq üçün ciddi işlər görə biləcək. Türkiyə hər zaman beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq yerli problemlərin həlli üçün çözüm bulunmasına yardımçı olub və biz bundan sonra da bu yöndə bütün təşəbbüsləri dəstəkləyəcəyik. Hesab edirəm ki, Qara və Xəzər dənizi ölkələrinin problemlərinin çözümü üzrə yaradılacaq hüquqi praktika digər ölkələrdə də uğurla tətbiq ediləcək”.

Sonda növbəti toplantının 6 ay sonra Moskvada keçirilməsi qərarlaşdırılıb. Assosiasiyanın prezidenti İlham Rəhimov yekun nitqində bildirib ki, qurumun həm Avropa strukturları, həm də Avrasiya İttifaqı ilə sıx işbirliyinin tərəfdarıdır: "Biz regionda çox ciddi bir təşəbbüsün əsasını qoyuruq. Ümid edirəm ki, qurum praktik məsələlərin operativ həllində böyük işlər görə biləcək və beynəlxalq hüququn təkmilləşdirilməsinə böyük töhfə verəcək".

Əlavə olaraq onu da bildirək ki, Assosiasiyaya üzvlük ancaq bu iki dəniz regionu dövlətlərinin deyil, həm də dünyanın istənilən ölkəsinin nümayəndələri üçün açıqdır. Fərdi və kollektiv üzvlük üçün heç bir maneə yoxdur.

Assosiasiyanın nə dərəcədə əhəmiyyətli olmasını isə Belarusdan olan nümayəndə S.Kamenkov gözəl ifadə etdi: "Bu assosiasiya yalnız "quru ərazi"yə malik Belarusu iki dənizə çıxardı".

Biz də öz növbəmizdə dünyanın 15 ölkəsindən  olan hüquqşünasların və eyni zamanda mətbuatımızın böyük önəm verdiyi bu assosiasiyanın yaradılmasını, hörmətli professor, hüquq elmləri doktoru İlham Rəhimovun belə bir ciddi quruma prezident seçilməsini alqışlayır, uğurlar diləyirik.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az