Hər il Qara Yanvarla gələn qara fitnə

Hər il Qara Yanvarla gələn qara fitnə

Dinimizə görə hər bir şəxs vətənini sevməli, qorumalı və lazım gələrsə, özünü fəda edib şəhidlilk zirvəsinə yüksəlməlidir. Çünki vətən bizim milli-mənəvi dəyərlərimizi özündə yaşadan elə bir coğrafi ərazidir ki, hər qarışı bizə əzizdir və hər bir vətəndaşın düşüncəsində bölünməzdir, toxunulmazdır, qorunulması vacibdir. Təkcə vətəni səngərdə qorumaq vacib deyildir. Hər bir insan əlində olan imkanlardan istifadə edib vətənini qorumalıdır. Bu işdə ön cərgələrdə sinəsini sipər edənlərdən biri də Qafqazın Şeyxülislamı Allahşükür Paşazadə həzrətləridir.

Şeyxülislam həzrətləri erməni qəsbkarlarının ərazi iddialarına başladığı ilk gündən bütün imkanlardan istifadə edərək Azərbaycanın haqq səsini dünyanın hər bir tərəfinə, dini liderlərə, ölkə başçılarına həm keçirtdiyi görüşlər də, həm də ünvanladığı məktublarda çatdırıb. Sonuncu Vətən müharibəsi zamanı 100-dən çox ölkəyə məktubla müraciət etməsi bunun bariz nümunəsidir.

20 yanvar faciəsi zamanı qətliama öz hiddət və etirazını bildirən, dünya ictimaiyyəti qarşısında Moskvada SSRİ rəhbərliyini ifşa edən Ümummilli lider Heydər Əliyev, Azərbaycanda isə M. Qorbaçova – azərbaycanlıların qatilinə nifrət və qəzəblə dolu açıq müraciət ünvanlayan Şeyxülislam Hacı Allahşükür Paşazadədir. 21 yanvar 1990-cı ildə ünvanlanan müraciətin tam mətni aşağıdakı kimidir.

"Nə qədər olsa da, mənim sözlərim Azərbaycan xalqının sonsuz kədərini, milyonlarla insanın ürəyinə hakim kəsilmiş müsibəti heç cür çatdırmaq iqtidarında deyil. Mən bunları ona görə demirəm ki, siz bizim dərdimizə şərik olasınız, bizimlə bölüşəsiniz. Bu, mənim xalqım üçün təhqir olardı. Bu, mənim şəhid olmuş həmvətənlərimin ruhunu təhqir etmiş olardı. Yanvarın 19-dan 20-nə keçən gecə və sonrakı günlər Bakıda törədilən vəhşiliklər heç bir ölçüyə sığmır. Şəhərin küçələri yüzlərlə günahsız qurbanların qanına boyanmışdır. Bunların arasında uşaqlar, qadınlar və qocalar vardır. Onların tankların tırtılları altında qalmış, pulemyot və avtomatlarla tikə-parça edilmiş cəsədləri insanı dəhşətə gətirir.

Bir dövlət başçısı kimi sizin imzanızla törənən bu qanlı qırğına, bu dəhşətli cinayətə heç bir bəraət ola bilməz. Qoşunların yeridilməsi üçün uydurulmuş bütün səbəbləri Azərbaycan xalqı nifrət və qətiyyətlə rədd edir.

Həmin səbəblərdən biri - guya Sovet dövləti üçün təhlükə sayılan qondarma "İslam faktoru” ortaya atılmışdır. Bununla əlaqədar mən aşağıdakıları bildirirəm. İman əhli olmaq, o cümlədən, islama mənsubiyyət, əslində günah hesab edilən şovinizmdən, milli lovğalıqdan uzaq olmaq deməkdir. Çox yaxşı bilirsiniz və bunu mənim sizə vaxtilə dediklərim də sübut edir. Zaqafqaziyanın müsəlman ruhaniləri siyasi və millətlərarası münaqişələrində dindən silah kimi istifadə etmək niyyətində olmamışlar. Çox yaxşı bilirsiniz ki, diyarımızda baş verən hadisələrin ən ağır anlarında İslam ağılla və bütün məsələlərin dinc yolla həllinə çağırmışdır.

Belə olduğu halda uydurma "İslam faktorunu” hərc-mərclik törədən bir səbəb kimi ortaya atmaq qəzəb doğurmaya bilməz.

Tamamilə aydındır ki, bununla müəyyən məqsəd güdülmüşdür. Demək müsəlmanları xristianlara qarşı qoymaqla millətlərarası toqquşmaları daha kəskinləşdirmək niyyəti güdülmüşdür.

Siz bilin ki, bu faciə ilə bağlı əsl həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni edəcəyik. Çünki o dövlət ki imperiya hökmranlığı niyyəti ilə millətlərarası çaxnaşmanı aradan qaldırmaq əvəzinə onu daha da qızışdırır, o dövlət ki, öz ordusunu öz vətəndaşlarının qatilinə çevirir, o dövlət ki, öz adamlarına layiqli güzərandan daha çox ölmək hüququ verir, belə dövlət ancaq nifrətə layiqdir.

Bakıda canlı insan ürəklərinə tuşlanmış güllələr milyonlarla insanın yenidənqurmaya olan son ümidlərini məhv edən bir atəş idi.
Özlərini əsl işğalçı kimi aparan cəza qoşunlarını Bakıya yeritməklə siz sovet hökumətini rüsvay etdiniz və bununla təsdiq etdiniz ki, müstəqillik və xalqların ləyaqəti kimi anlayışlar bu hökumətə tamamilə yaddır. Siz bununla özünüzü bir siyasi xadim və bacarıqsız bir dövlət başçısı kimi ifşa etdiniz. Sizin haqqınızda yaranmış bir əfsanə də puç oldu, çünki bir əli ilə xarici məmləkətlərə sülh sazişi, o biri əli ilə öz vətəndaşlarına qarşı cəza tədbirləri imzalayan adamı "sülh uğrunda mübariz” adlandırmaq ən azı ləyaqətsizlikdir.
Ən qanlı müharibələrdə həkimlərə, tibb yardımı göstərənlərə atəş açılmamışdı. Sizin əmrinizlə Bakıya hücum edən qoşunlar isə yaralananlara kömək göstərən iki həkimi də güllələmişlər.
Bütün Azərbaycan xalqının iradəsini ifadə edərək mən Bakıdan qoşun hissələrinin dərhal çıxarılmasını qətiyyətlə tələb edirəm. Heç bir xalqla, həmçinin azərbaycanlılarla silah gücüylə danışmaq olmaz.
Bu, 10 gün, yaxud Əfqanıstandakı kimi 10 il davam edə bilər. Amma gec-tez ədalət və haqq işi qələbə çalmalıdır. Allah-taalanın izni ilə bu haqq işi Azərbaycanda da qalib gələcəkdir. Məhz buna görə, mənim xalqımın ən yaxşı oğul və qızları özlərini sovet qoşunlarının güllələrinə sipər etdilər. Dərin inamla və iman hissilə üzümüzü Allah-Təalaya tutur və Onun ulu dərgahından bu gün şəhid olan balalarımız üçün rəhmət diləyirik. Qoy, Allahtaala bu fəlakəti mənim xalqımın başına gətirənləri, bu işə rəvac verənləri zəlil eləsin!

Ya Rəbb, Vətənimin, elimin bu ağır günündə bizlərə özün kömək elə, Amin!”

Maraqlı məqam odur ki, hər il 20 yanvar faciəsinin ildönüm mərasimi yaxınlaşdıqca Şeyxülislama qarşı qarayaxmalar, böhtanlar müəyyən sayt və youtube kanallarında gündəm mövzusuna çevrilir.  Qurani-Kərimin "Rəd” surəsinin 25-ci ayəsində Uca Allah buyurur: "...yer üzündə fitnə-fəsad törədənlər isə lənətə düçar olacaqlar. Onları pis yurd (Cəhənnəm, o biri dünyanın pislikləri) gözləyir.”

Həzrət Əli də (ə) fitnə törətmiş birinə xitabən buyurmuşdur: "Ey lənətlənmiş, xeyirsiz, köksüz, budaqsız kişinin oğlu! Ey özündən də xeyir gəlməyən, nəsli kəsiləcək, törəməyəcək kişinin oğlu! Köməkçisi sən olanı Allah üstün eləməz. Allah sənin qaldırdığın adamı da ayaq üstə saxlamaz. Allah səni iraq etsin!”

Fitnə və fitnəkarlar, böhtan atan şəxslər barədə dinimizdə kifayət qədər ayə və hədislər mövcuddur. Hər bir müsəlman bilməlidir ki, fitnə və böhtan əməli düzgün yol deyildir. Bu yolda olanlar Allah yolundan çıxmışlar.

Həmin dövrdə dünyanın ən nəhəng dövlətinin vətəndaşı ola-ola böyük imperiyaya qarşı hər hansı fikri səsləndirmək insanın ölümü ilə nəticələnə bilərdi. Vətəni uğrunda ölümünü belə göz önünə alan 41 yaşlı Şeyxülislamın həmin dövrdə səsləndirdiyi fikirlərə nəzər salaq:

 "Mən müharibə istəmirəm, evimizdə uzun müddətdir ki, uzaq müharibənin izi görünür: atam cəbhədə bir ayağını itirmiş, üç dəfə yaralanmışdır. Və mən tələb edirəm ki, xristian qardaşlarımız həqiqəti bilsinlər. İnanıram ki, Vatikanın da səsini eşidəcəyik. Bütün dünyadan xahiş edirəm ki, bizi başa düşsünlər, bizə tərəfdar çıxsınlar və bizimlə əlaqə saxlasınlar ki, indiki vəziyyətdən xilas olaq”. 

Çıxışlarında M.S.Qorbaçova xitabən "Yanvarın 19-dan 20-nə keçən gecə və sonrakı günlər Bakıda törədilən vəhşiliklər heç bir ölçüyə sığmır. Şəhərin küçələri yüzlərlə günahsız qurbanların qanına boyanmışdır. Qətlə yetirilənlər arasında uşaqlar, qadınlar və qocalar vardır. Tankların tırtılları altında qalmış, pulemyot və avtomatlarla tikə-tikə edilmiş cəsədlər insanları dəhşətə gətirir. Dövlət başçısı kimi sizin imzanızla törədilən bu qanlı qırğına, bu dəhşətli cinayətə heç bir bəraət ola bilməz!”

"20 Yanvar faciəsi Qiyamət gününə qədər unudulan deyil. Fəqət biz bir şeyi dəqiq bilirik: Yolumuz haqq yoludur. İslam haqq yoluna çağırışdır. Ona görə də, Allah – Təalanın köməyi həmişə bizim xalqımızın, dövlətimizin üzərində olacaq. 20 Yanvar faciəsi bir tərəfdən xalqımızın sinəsinə çəkilən çalın – çarpaz dağ olsa da, digər tərəfdən onun mübarizə ruhunun, azdlıq istəyinin əbədiliyini sübut etdi. Qanlı şənbə gecəsində şəhid olanlar minlərin deyil, miliyonların qəlbinə azadlıq toxumu səpdilər”.

Bütün bunlardan narahat olan SSRİ rəhbərliyi ikinci hiyləyə əl ataraq Şeyxülislama ölkənin rəhbəri olma təklifini verir. Bu iş SSRİ müdafiə naziri D.Yazov və Azərbaycan KP MK-nın ikinci katibi V.Polyaniçkoya tapşırılır. Bu barədə Şeyx həzrətləri verdiyi müsahibələrinin birində qeyd edir ki, "Primakov mənə belə bir təklif etdi ki, biz Qorbaçovla danışmışıq, məsləhət eləmişik, ançaq bir şərtlə biz bura girməyə bilərik. Əgər sən respublikaya rəhbərliyi öz üstünə götürsən, onda biz söz verirk ki, hər cəhətdən həm sizə dövlətinizi saxlamaq üçün köməklik edərik, həm də qoşunlar bura girməyəcəklər”, –Allahşükür Paşazadə  Primakovun bu təkilfini sərt şəkildə rədd cavabı verib dedi:

 "Mən sizin  məqsədinizi  anladım, ona görə, qəti deməliyəm ki, təklif  etdiyiniz  vəzifəni  tuta  bilməyəcəyəm. Mənim 2  rükət  namazım  sizin  təklif  etdiyiniz hakimiyyətdən qat–qat üstündür! Mən Buxaradakı  Mir-Ərəb mədrəsəsinə daxil  olmuşam, Moskvadakı Ali  Komsomol məktəbinə yox!”.

Bu cavablardan sonra Yazov hədə və kobudluqlara keçir. Bu anda böyük bir risqə yol verdiyini anlayan  Şeyx həzrətləri  haqqı, ədaləti söyləməkdən çəkinmir, yalnız Allaha sığınaraq həqiqəti sərt bir sillə kimi D.Yazovun üzünə çırpır.

Başqa bir böhtan Vətən müharibəsi zamanı şəhidlərin dəfnində iştirak etməməsi, ümumiyyətlə, səssiz qalması barədə olan fikirlərdir. İlk növbədə qeyd edək ki, İslama görə görülən əməllər Allaha xatir olmalıdır. Hansı şəhidin və ya qazinin evinə gedilməsinin ictimailəşməməsi məhz bu səbəbdəndir. 

Şəhidlərin dəfninə gəlincə, şəhidlərmizin nəşinin qəbul edilərək yuyulub kəfənləmə yerləri Respublikada bir neçə ərazidə məscidlərə tapşırılmışdı. Qəbul edilən şəhidlər həmin yerlərdə islam şəriətinə uyğun əməllər tətbiq edildikdən sonra yaşadıqları ünvanlara göndərilirdi. Bu ərazilərdə məsul şəxslərlə gün ərzində bir neçə dəfə əlaqə saxlayıb onları lazımi vasitələrlə intensiv təmin edən məhz Şeyxülislam idi.

Regionlar üzrə dəfn zamanı xalqın qarşısında gedən, şəhidlik və onun dərəcəsini insanlara çatdıran, çox vaxt göz yaşları ilə şəhidləri torpağa əmanət edən də Şeyxülislamın bölgələr üzrə təyin etdiyi şəxslər idi. 
Vətən müharibəsi zamanı yuxarıda da, qeyd etdiyimiz kimi, yüzlərlə ölkəyə müraciət etmiş, virtual olaraq iştirak etdiyi Beynəlxaql Konfranslarda bütün fikirlərini Qarabağda haqq savaşmıza yönəldən də Şeyxülislam həzrətləri idi. Böyük Vətən müharibəsi zamanı Türkiyəyə işgüzar səfəri də bu hadisələrə əhəmiyyətli dərəcədə təsir etmişdir.

Son olaraq müqəddəs Qurani-Kərimdən bir ayəni dəyərli oxucularmıza xatırlatmaq istəyirəm: "... Biz batili haqla (küfrü imanla) rədd edərik (haqqı batilin təpəsinə atarıq) və o da onu (batili) yox edər. (Bir də baxıb görərsiniz ki) o yox olub getmişdir. (Batil sözlərlə Allaha) isnad etdiyiniz sifətlərə görə vay halınıza!”  "Ənbiya” surəsi, ayə:21

Samid Quliyev
İlahiyyatçı






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az