İlham Əliyev hərbi parad vasitəsilə hansı mesajı verdi?- "Müharibə...vacib və əhəmiyyətli..."
Azərbaycan ordusunun yaradılmasının 100 illiyi ilə bağlı Bakıda 26- iyunda keçirilən hərbi parad regionda, xüsusən də Ermənistanda xüsusi maraqla qarşılanıb. Hətta düşmən ölkənin mətbuat səhifələrində paradda nümayiş etdirilən silahlarımızın yaxın günlərdə hərbi əməliyyatların başlaması üçün bir hərbi mesaj olduğu da vurğulanır. Hətta Ermənistanın birinci kəşfiyyat-diversiya dəstəsinin banisi və komandiri Vova Vardanovun Birinci kanala müsahibəsi Ermənistanı matəmə çevirib. Belə ki, bu adam açıqca bəyan edir ki, genişmiqyaslı əməliyyata hazırlaşmaq lazımdır.
Azərbaycan ordusunun yaradılmasının 100 illiyi ilə bağlı Bakıda 26- iyunda keçirilən hərbi paradın vacib əhəmiyyəti ilə bağlı tanınmış poltoloq Elxan Şahinoğlu Miq.Az saytının suallarını cavablandırır:
-Elxan müəllim, Azərbaycan ordusunun yaradılmasının 100 illiyi ilə bağlı Bakıda 26 iyunda keçirilən hərbi paradın siyasi, hərbi, tərbiyəvi əhəmiyyəti ilə bağlı fikirləriniz çox maraqlıdır.
-Bakıda 26 iyunda Azərbaycan ordusunun yaradılmasının 100 illiyi ilə bağlı keçirilən hərbi paradın bir neçə səbəbdən vacib əhəmiyyəti var.
Əvvəla, Azərbaycanda sonuncu dəfə hərbi parad 2013-cü ildə keçirilmişdi. Son 5 ildə Azərbaycan ordusu xeyli inkişaf edib, modern silahlar və hərbi texnikalar alınıb, yerli hərbi istehsal artıb. Azərbaycan hərbçilərinin maddi-texniki bazası möhkəmləndirilib. Azərbaycan ordusu tədricən sovet hərbi məktəbindən uzaqlaşır. Bunu son hərbi parad da göstərdi. Əgər 2000-ci illərə qədər Azərbaycan ordusu daha çox Rusiyadan aldığı silah vər hərbi texnika ilə təhciz olunmuşdusa, son illərdə vəziyyət dəyişib. Azərbaycan ordusu NATO standartlarına yaxınlaşır. Bu özünü həm hərbçilərin geyimində, həm də alınan hərbi texnikada göstərir. Azərbaycanın silah aldığı ölkələrin sayı artıb. Bütün bunların dünyaya, o cümlədən Azərbaycan torpaqlarını işğal edən Ermənistana göstərilməsinə ehtiyac var idi;
-Azərbaycan bu paradla Ermənistana və beynəlxalq ictimaiyyətə hansı mesajı verdi?
-Azərbaycan prezidenti İlham Əliyev hərbi parad vasitəsilə vacib mesajlar verdi. Bu da əhəmiyyətli idi. Doğrudur, İlham Əliyev Azərbaycan ordusu ilə bağlı mütəmadi olaraq mesajlar verir, işğal faktoruna toxunur. Ancaq hərbi parad elə bir müstəvidir ki, orada verilən mesajlar daha diqqətlə analiz edilir və Azərbaycan ordusunun gələləcək hədəfləri müəyyənləşdirilir, Azərbaycan və dünya ictimaiyyətinə çatdırılır. Bu mesajları isə diqqətlə analiz etməyə ehtiyac var.
İlham Əliyevin hərbi paradda çıxışı zamanı əsas mesajı bu oldu: "Müharibə başa çatmayıb, müharibənin yalnız birinci mərhələsi başa çatıb”. Bu nə deməkdir? Ermənistan 1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarını işğal etdi və yanlış olaraq düşündü ki, məsələni öz xeyrinə həll etdi. Təxminən 10 il atəşkəsə riayət edildi. Azərbaycanda siyasi sabitlik yaradıldı, daha sonra isə yeni enerji layihələri hesabına maliyyə imkanları artdı. Bunun nəticəsində orduya əlavə vəsait ayrıldı və ordu xeyli peşəkarlaşdı. Bunun nəticəsində Azərbaycan ordusunun Ermənistana təzyiqi artdı. Bu obyektiv prosesdir. Ermənistanda anlayırlar ki, Azərbaycan ordusu əbədiyyətə qədər işğala dözməyəcək. Ancaq bunu anlasalar da Dağlıq Qarabağ ətrafındakı torpaqları azad etməyə hazır deyillər. Ermənistanda heç bir siyasətçi Azərbaycan ordusunun real gücünü görməyənə qədər geri addım atmayacaq. Deməli, bütün hallarda son sözü Azərbaycan ordusu deyəcək. İlham Əliyevin "Azərbaycan heç vaxt işğalla barışmayacaq və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək” sözləri də bundan xəbər verir.
-Paşinyan Bakı paradı ilə bağlı danışarkən deyib ki, vəziyyət hələ də ümidsiz deyil.Sizcə Ermənistan nəyə ümid edir və bizim gücümüzün qarşısında vəziyyətlərini anlayırmı?
-Azərbaycanda ordu yeganə sahədir ki, xərcləri sürətlə artır. 2003-cü ildən bu günə qədər Azərbaycanın hərbi xərcləri 15 dəfə artıb. Hərbi şəhərciklərin 80 faizi son illər yenidən tikilib və təmir edilib. Növbəti hədəf yaxın 2-3 il ərzində bütün hərbi şəhərciklərimiz təmir olunmasıdır. Hərbçilər mənzil-məişət məsələləri həll olunur. Orduda 20 il qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Digər yenilik hərbi hissələrdə 20 mindən çox mülki vətəndaş çalışır. Başqa sözlə əsgərlər məişət işlərindən azad edilib.
İlham Əliyev beynəlxalq hüquqa inanmır və bunu zaman da sübut edir. Beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, Ermənistanın Azərbaycan torpaqlarının işğalına son qoymur, mexanizmlərini işə salmır. Ona görə də prezident də əmin olub ki, torpaqların işğaldan azad olunmasının yeganə alternativi ordunun əməliyyyatları ilə bağlıdır. "Düşmənin istənilən strateji obyektini məhv etməyə qadirik. Bütün strateji məntəqələr Azərbaycan ordusu tərəfindən məhv edilə bilər” - deyən İlham Əliyev Azərbaycanın artan gücü qarşısında Ermənistanın zəifləyəcəyi qənaətindədir. Ermənistanı cəzalandırmaqdan başqa yol qalmayıb.
Ərşad Əhədzadə
Miq.Az