İmişlidə Əsabil Qasımov, Bağdadda kor xəlifə
Vətəninfo.az xəbər verir ki, namizədliyini 79 saylı İmişli dairəsindən irəli sürən iqtidaryönlü Azərbaycan Azad Respublikaçılar sədri Kamil Seyidov imzaları toplayaraq Dairə Seçki Komisiyasına təqdim edib.
Qeyd edək ki. 79 saylı İmişli dairəsindən hakim Yeni Azərbaycan Partiyası "un maqnatı" kimi tanınan Əsabil Qasımovun namizədliyini yenidən irəli sürüb.
Redaksiyamıza bununla bağlı daxil olan məlumatda vurğulanır ki, hazırda millət vəkili olan və YAP tərəfindən namizədliyi irəli sürülən Əsabil Qasımov "Burda mənəm, Bağdadda kor xəlifə" - deyərək digər namizədlərə süni maneələr yaradılması üçün DSK-na adamları vasitəsilə təzyiqlər etməkdədir.
Bu təzyiqlər hansısa güc nümayişi şəklində olmasa da, sızdırlılan məlumatda iddia edilir ki, "Un maqnat"ı DSK-da təmsil olunan sədri, katibləri özünə xas şəkildə ələ alaraq digər namizədlərin qeydə alınmamasına çalışır.
Yəni iddialara inansaq, Əsabil Qasımov "İmişlidə mənəm, Bağdadda kor xəlifə" demək istəyir.
İmzalarını toplayıb DSK-na təqdim edən AARP-nın sədri Kamil Seyidovla əlaqə saxlayaraq 79 saylı İmişli SD-də namizədlərə hansısa maneələrin yaradılıb-yaradılmadığını da öyrəndik.
Kamil Seyidov bildirdi ki, imzatoplama kampaniyasında hansısa maneələrə rast gəlməyib və imzalar toplanılaraq DSK-ya təqdim olunub.
"İmişli rayonunda normal demokratik bir seçki mühiti abı-havası mövcuddur. Əminəm ki, bu abı-hava namizədlərin imzalarının baxılması prosesində də özünü göstərəcək. Əgər doğurdan da Əsabil Qasımov DSK-ya dolayı şəkildə müdaxilə edirsə, bu, imzaların yoxlanılması başa çatanda bilinəcək. İmişlidə hər kəs bir-birini tanıyır. Bu baxımdan kimin harda nə etdiyi tez bir zamanda bilinir. Ona görə də mən digər namizədlərə maneələrin Əsabil Qasımov tərəfindən yaradıla bilmə ehtimalına inanmıram. Əgər olarsa, bu, artıq qanunsuzluq amili kimi qiymətləndiriləcək".