Vətəninfo.az-a daxil olan məlumata görə, hakim Yeni Azərbaycan Partiyası açıqladığı seçki siyahısında 3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsindən namizəd irəli sürməməsinin səbəbi var. Məlumata görə, qeyd olunan dairədən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, hazırda Milli Məclisin üzvü Səttar Mehbalıyevi dəstəkləyəcək.
Elə bu səbəbdən də 3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki dairəsindən YAP öz namizədin irəli sürməyib.
Qeyd edək ki, 1955-ci ildə Naxçıvan Muxtar Respublikası Kəngərli Rayonunun Qıvraq kəndində anadan olan Səttar Mehbalıyev 1979-cu ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1973-cü ildə Bakı şəhərində müxtəlif müəssisələrdə əmtəəşünas, mühəndis-iqtisadçı və baş mühasibin müavini vəzifələrində işləyib, 1980-93-cü illərdə Avtonəqliyyat və Şosse Yolları İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində müfəttiş-təlimatçı, maliyyə şöbəsinin müdiri işləyib. Səttar Mehbalıyev 1991-ci ildə isə demokratik seçki nəticəsində Respublika Komitəsinin sədri vəzifəsinə seçilib. Respublikamız müstəqillik qazandıqdan sonra ölkənin bütün sahələrində olduğu kimi, həmkarlar ittifaqlarında da islahatların həyata keçirilməsi zərurəti yarandıqdan sonra, 1992-ci ildə S.Mehbalıyevin rəhbərliyi ilə Azərbaycan Həmkarlar İttifaqları Şurasının və ümumilikdə həmkarlar ittifaqlarında struktur islahatlarının aparılması və yeni nizamnamənin hazırlanması məqsədi ilə təşkilat komissiyası yaradılıb və 1993-cü ilin fevralında AHİK-in təsis qurultayı keçirilib. Təsis qurultayının iştirakçılarının yekdil təklif və səsi ilə S.Mehbalıyev AHİK-in sədri seçilib. 1998, 2003, 2008-ci illərdə AHİK-in I-II və III qurultaylarında yenidən bu vəzifəyə seçilən Səttar Mehbalıyev 2006-cı ildə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Məclisində İttifaqın sədri seçilib. Səttar Mehbalıyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edir.
Milli Məclisin deputatı, respublikada aparılan islahatlarla bağlı yaradılmış bir sıra dövlət komissiyalarının üzvüdür. Elmi məqalələri var. Bir sıra dərsliklərin və tədris metodiki vəsaitlərin müəllifidir. İqtisad elmləri doktoru, professordur. Polşa-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Fransa, Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycan Respublikası Milli Məslisinin İqtisadi Siyasət Daimi Komitəsinin, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Sədrlər Şurasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin üzvüdür.
Evlidir, üç övladı var.