“İran bütün bölgəni qurban vermək yolunu seçib” - Komitə sədri
"İlk növbədə bu məsələ aydınlaşdırılmalıdır. Çünki İranda hazırda başıpozuq bir vəziyyət var. Mərkəzləşdirilmiş idarə sistemi demək olar ki, sıradan çıxıb. İranın ABŞ və İsrail qüvvələri tərəfindən vurulması, mühüm dövlət obyektlərini məhv edilməsi artıq dövlətin haradan idarə olunduğunu söyləməyə imkan vermir”.
Bunu"Yeni Sabah”a açıqlamasında Böyük Quruluş Partiyasının rəhbəri, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.
O bildirib ki, bütün hallarda bu hadisə məqsədyönlü şəkildə həyata keçirilib:
"Qonşu dövlətləri də sanki alova bürümək xətti yeridirlər. Dronun İrandan atılması ehtimalı ona görə böyükdür ki, İranın son hadisələrlə bağlı yeritdiyi strategiya budur. Hətta son anda belə vəziyyəti dəyişməyə imkanları olsa, özlərinin ölümü ilə fanatik bir dindarlıq göstərərək bölgəni də intihara sürükləməyə niyyətli olduqlarını ortaya qoydular. Bu zehniyyətlə, molla kafası ilə idarə edilən dövlətlərdə hər zaman belə olur. Onlarda insan həyatı ilə bağlı məsuliyyət hissi yoxdur. Onlar insanı ideologiyaya görə qurban verirlər. Ona görə də bütün bölgəni qurban vermək yolunu seçiblər”.

Deputat bu istiqamətdə məsləhətləşmələr etmənin vacibliyini vurğulayıb:
"Belə hadisələr bir ölkəyə qarşı həyata keçirilərsə, təəssadüf ola bilər. Lakin eyni anda bütün ərəb ölkələrinə qarşı bu addımı atmaq, eyni zamanda Türkiyə və Azərbaycanın Naxçıvan bölgəsinə qarşı da dronları yönləndirmək heç bir halda təəssadüf ola bilməz. Ona görə biz də bu istiqamətdə məsləhətləşmələr edərək addımlarımızı atmalıyıq. İlk olaraq, İran tərəfdən cavab gözləməliyik və bilməliyik ki, bunu nə məqsədlə ediblər. Ondan sonra bizim atacağımız addımlar dəqiqləşəcək”.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkəkabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Nəticədə 2 nəfər xəsarət alıb.