İrana qarşı Müharibə hər an başlaya bilər

İrana qarşı Müharibə hər an başlaya bilər

Azərbaycanda fəaliyyət göstərən Radikal.az internet televiziyasının baş redaktoru Rövşən Ziyanın Türkiyənin kafkassam-merkez.com xəbər saytına müsahibəsi. Müsahibəni olduğu kimi sizə təqdim edirik.

- Gözlənilən müharibə İrana necə təsir edəcək?-

Müharibə hər an başlaya bilər. Çünki, bu müharibə ABŞ və müttəfiqləri tərəfindən uzun müddətdir ki, hazırlanan plana əsaslanır. Əsas məsələyə keçməmişdən əvvəl, bir neçə əsas məqama diqqət ayırmaq istəyirəm. Birinci məqam, bu müharibə əslində İran-ABŞ, İran-İsrail müharibəsi deyil. Bu, Qərbin Şərqə, daha doğrusu, Xristian dünyasının İslam dünyasına qarşı apardığı səlib müharibəsidir. Qərb artıq çox gözəl bilir ki, İslam Şərqi 300 illik müstəmləkə həyatından qurtulduqdan sonra sürətlə inkişaf etməyə başladı. Qərb isə sürətlə bataqlığa doğru sürüklənməyə başladı. Hətta Qərbin özündə belə, İslam ehkamları sürətlə inkişafa qədəm qoydu. Fransa, Almaniya, Danimarka, İspaniya kimi inkişaf etmiş Avropa dövlətlərinin əhalisi sürətlə İslam dinini qəbul etməyə və İslam qanunlarına bağlanmağa başladılar. Təbii ki, bunu görən həmin dövlətlərin rəhbərləri “İslamofobiya” adlanan qondarma təbliğata əl atmağa və İslamı ləkələyən addımlar atmağa məcbur oldular. Bundan sonra da İslam Şərqini parçalamaq üçün planlar hazırlamağa başladı. Bu planların ən böyüyü və ən güclüsü isə “Böyük Şərq”layihəsidir. Bu layihədə isə nələrin olduğunui isə geniş izah etməyə ehtiyac görmürəm. Məhz bu layihəyə əsaslanan Qərb İslam dövlətlərini son 10 ilin içində bir-birini işğal etməyə başladı. 11 sentyabr hadisəsini əlində bəhanə edən Qərb ilk öncə Əfqanıstanı, sonra isə İraqı işğal etdi. Ötən ildən isə başlayaraq, əvvəlcə Misiri, sonra Liviyanı işğal etdi. Suriyada vətəndaş müharibəsi başlatdı. İndi isə növbə İranındır. Tehran isə bildiyimiz kimi, o biri Şərq dövlətlərindən fərqli olaraq, dirəniş göstərir və Qərblə “çilingağac” oyunu oynayır. Müharibənin İrana təsirinə gəlincə isə, bəli, müharibə İran üçün çox böyük fəlakətlərə səbəb olacaq. Düzdür, bu ölkə həm iqtisadi, həm də hərbi cəhətdən xeyli inkişaf etsə də, güclü orduya sahib olan qərblə ayaqlaşa bilməyəcək. Düzdür, İran dirəniş göstərərək, müharibədən az itki ilə qurtarmaq üçün bəzi addımlar atmağa çalışır. Məsələn, uzaq vuran raketlər, nüvə reaktoru və dəqiq olmasa da, nüvə silahı istehsal etməklə, gözlənilən hücumların qarşısını almağa çalışır.- İrana şimaldan hücum ehtimalı olarsa, bu, şimal ölkələri üçün hansı nəticələrə səbəb olacaq?- İrana şimaldan hansısa hücum ehtimalı söz konusu deyil. Çünki, bu ölkənin şimal qonşusu olan Rusiya ilə bütün sahələrdə çox gözəl münasibətlərə sahibdir. Əksinə, Rusiya İranı gözlənilən müharibədən qorumaq üçün Dağıstanda, Ermənistanda və Xəzərin İran hissəsinə yaxın yerlərdə qoşunlarını yerləşdirməyə başlayıb. Bu da onu göstərir ki, İran şimaldan tam arxayın ola bilər. Ermənistan sahəsində də tehran çox arxayındır. Çox güman ki, İrəvan bu müharibədə Tehranın yanında olsun. İranın qorxusu bir az Türkiyə və Azərbaycan sarıdandır. Çünki, hər iki türk dövləti Qərblə çox yaxın münasibətdədirlər. Bundan başqa Azərbaycanın İranla 25 milyonluq İran azərbaycanlısı problemi var. Yəni, Rus imperiyasının XİX srin əvvəllərində iki müqavilə ilə Azərbaycanı ikiyə bölməsi nəticəsində torpaqlarımızın əsas hissəsi İranın istilasına keçdi. Məhz bu amili nəzərə alan rəsmi Tehran Azərbaycanla həm ehtiyatlı davranır, həm də ölkəmizə qarşı təxribat xarakterli hərəkətlər etməkdən çəkinmir. Yəni, İran Azəbaycanla ikili oyun oynayır. Ancaq rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan İranla qədim tarixə söykənən dostluq münasibətlərinə sahibdir və heç zaman öz ərazisindən bu ölkəyə qarşı istifadə edilməsinə icazə verməyəcək.- Rusiyanın bu müharibədə rolu nə ola bilər?- Qeyd etdiyim kimi, bu müharibədə Rusiya İranın yanında olacaq. Digər yandan da Rusiya bu müharibədən istifadə edərək Qafqazda və Yaxın Şərqdə itirilmiş mövqelərini bərpa etməyə çalışacaq. Xüsusilə də onu bu fəaliyyəti Gürcüstan və Azərbaycan üzərində daha çox hiss ediləcək.Çox güman ki, hətta yaranan şəraitdən istifadə edərək, yenidən Gürcüstana qoşun yeritsin və hakimiyyət dəyişikliyinə cəhd etsin. Başqa bir məqam da var. Bir çox siyasilər belə düşünür ki, Rusiya İİ Dünya müharibəsində olduğu kimi, öz ordusunu İran ərazisinə yeritsin və ABŞ-la uzun mübarizəyə başlasın. Onlar bu məsələdə müəyyən qədər haqlı ola bilərlər. Bir məsələ var ki, Rusiya bölgədə əvvəlki hegomonluğunu bərpa edə biləcəkmi? Bu suala cavab tapmaq üçün də Rusiya rəhbərliyinin bundan sonrakı siyasətini daim diqqətdə saxlamaq lazım olacaq.

- İrana gözlənilən müharibə ilə eyni zamanda Azərbaycan Dağlıq Qarabağı Ermənistan işğalından qurtarmağı düşünə bilərmi?- 

Əvvəla, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır və bizim bu torpaqları azad etməyə mənəvi haqqımız çatır. Sadəcə, ölkə rəhbərliyi münaqişəni sülh yolu ilə həll etməyə və regionda yeni savaşın başlamamasına cəhd edir. Düzdür, 1994-cü ildə bağlanan atəşkəs müqaviləsindən keçən 18 il keçsə də, hələ heç bir nəticə əldə edilməyib. ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi və Ermənistana yardım kimi hesablanan birtərəfli mövqeyi münaqişənin həllinə hərtərəfli mane olur. Məhz buna görə Azərbaycan, İranla müharibənin başlanacağı təqdirdə bütün hüquqlardan istifadə edərək Dağlıq Qarabağı azad etmək haqqında düşünə bilər. - İrana gözlənilən hücumlar zamanı Türkiyəyə və Azərbaycana qaçqınların axını baş verərsə, bu, bölgəyə necə təsir edəcək?- Zatən bu müharibədə adları çəkilən ölkələrə qaçqınların kütləvi axını başlayacaq. Artıq Azərbaycanda bunu 5 milyona qədər olacağını proqnozlaşdırılır. Təbii ki, bunun tək Azərbaycana deyil, bütün bölgəyə mənfi təsiri olacaq. Ölkəmizə gəldikdə isə onu deyə bilərəm ki, onsuz da ölkədə 1milyondan artıq qaçqın və köçkünlər problemi var. Rəsmi Bakı bu problemin qismən də həll olunması üçün müəyyən addımlar atır. Məhz bu problemə görə, Azərbaycan iqtisadiyyatı və sosial həyatında çoxlu problemlər var. Baxmayaraq ki, iqtisadiyyatımızda inkişaf gedir və bir çox sahələr artıq formalaşaraq öz yerini tutub. Türkiyəyə gəldikdə isə, deyə bilərəm ki, Suriyadan gələn qaçqınlar zatən bu ölkəyə ciddi problemlər yaradıb. Düzdür, rəsmi Ankara bu problemin öhdəsindən gəlməyə çalışır, ancaq problemlər olduğu kimi qalmaqdadır. Məhz bu amilə görə, Türkiyənin yeni qaçqın problemi ilə qarşılaşmaq istəmədiyini və bunun üçün bütün vasitələrdən istifadəı edəcəyini fikirləşirəm. Ümumiyyətlə, İran-ABŞ hərbi qarşıdurması bölgəyə böyük fəlakət gətirəcək.

- Ermənistan bu müharibədən necə təsirlənəcək?- 

Fikrimcə, əgər İran bu müharibədən qalib çıxarsa, Ermənistan elə böyük təsirə məruz qalmayacaq. Çünki, Ermənistanla İran arasında hər tərəfli mwnasib’tl’r qurulub. Həm də gözlənilən müharibədə Rusiyanın Ermənistandakı qoşunları vasitəsi ilə müdaxilə ediləcəyi güman olunduğu üçün Ermənistanın bu savaşdan zərər görməyəcəyini düşünürəm. Ancaq burda bir məqam da var. Belə ki, əgər ABŞ və müttəfiqləri bu müharibədə qələbə ilə çıxarlarsa, Ermənistan çoc çətin vəziyyətə düşə bilər. Məlumdur ki, ABŞ-da yaşayan Erməni lobbisinin hesabına Ermənistan dövləti yaşayır. Hətta bu lobbinin səyi nəticəsində Senatda və Konqresdə bu ölkənin xeyrinə bəzi qərarlar çıxarılır vıə maliyyə yardımları edilir. Qənaətimcə, əgər Ermənistan bu müharibə zamanı bitərəf mövqe tutmasa, bu yardımlardan da mərhum ola bilər və onsuz da qğır vəziyyətdə olan erməni xalqı bu dəfə səfalətə məruz qalacaq.

- İran müharibə yolu ilə hakimiyyət dəyişikliyinə məruz qala bilərmi? -

Əgər ABŞ bu müharibədın qələbə ilə çıxarsa, təbii ki, İranda İslam hakimiyyəti yıxılacaq və özlərinə sərf edən yeni hakimiyyət quracaqlar. İslam Hakimiyyəti də bunu çox gözəl bilir. Buna görə də çalışır ki, müsəlman dövlətlərindən özünə yeni müttəfiqlər tapsın və bununla da özünü gözlənilən fəlakətlərdən sığorta etsin. Onu da qeyd edim ki, burda tək Amerikanın deyil, Rusiyanın maraqları var. Buna görə də hər iki dövlət çalışacaqlar ki, öz maraqları çərçivəsində İranda yeni hakimiyyət qursunlar. Əgər bu dövlətlər İranda hakimiyyət dəyişikliyi etsələr, bu ölkədə Rza şah Pəhləvinin dövründə olduğu kimi post-modern quruluş yaranacaq. Yəni, Avropada olduğu kimi, açıq-saçıqlıq, qadınların kütləvi şəkildə çadralardan imtina edərək, müasir geyimlərə üstünlük verməsi prosesi başlayacaq. Bir sözlə, İranı Misirin və Liviyanın aqibəti gözləyir. 

- İran türkləri İrak kürdlərinin düşdüyü duruma düşə bilər, yoxsa onlar İranla bərabər hərəkət edəcəklər?- 

Azərbaycan türkləri ilə İran türkləri bir can, bir qandırlar. Yəni, bir millətdirlər. Tarixdən də məlumdur ki, 1824-cü ilin fevral ayında Türkmənçay kəndində Rusiya ilə İran arasında bağlanan müqavilə Azərbaycanı iki yerə ayırdı. Şimal hissə Rusiyanın, cənub hissəsi isə İranın tabeliyinə keçdi. Tam 250 ilə yaxındır ki, millət iki yerə ayrılıb. Bir sözlə, Vətənin o tayı, bu tayı olmaz. Qaldı ki, sizin sualınıza, bəli, İran türkləri bu gün fürsət axtarır ki, İran Fars rejimindən xilas olsun və müstəqil Azərbaycan dövləti ilə yenidən bir araya gəlsin. Yalnız türklər deyil, o cümlədən, kürdlər, bəluclar, ərəblər və digər az saylı xalqlar da çalışacaqlar ki, yaranan şəraitdən istifadə edib, öz müstəqilliklərini elan etsinlər. Zatən İranda bir neçə Azərbaycan ostandarlığı (vilayəti) və Kürdüstan vilayəti mövcuddur. O cümlədən hər iki xalq zaman-zaman İran rejiminə qarşı birgəöz azadlıqları uğrunda mübarizəyə qalxıb və qanlar töküblər. 

“Vətəninfo.az”



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az