İranda molla rejiminin dairəsi daralır

İranda molla rejiminin dairəsi daralır

Ənvər BöRüSOY, ekspert

2-ci yazı 

Hazırda qatı fars şovinist siyasəti daha da qəddar mərhələyə qədəm qoymuşdur. Belə ki, paniranizm və panfarsizm 1925-ci ildən sonra bölgədə dövlət siyasətinin tərkib hissəsinə çevrilməklə digər etnosların milli kimliyi və varlığı ötən 87 il ərzində inkar yolunu tutmuşdur.

Bu gün İranda hər hansı bir inqilabın baş verməsi, sosial hərəkatın mollakratiya rejimini yıxması həm də, paniranizm və panfarsizmin tamamilə tarixin səhnəsindən silinməsinə bərabərdir. çünki uzaq tarixi dönəmdə sasani ideologiyası çökdükdən sonra farslar 1300 il türklərin hakimiyyəti altında milli azlıq olaraq yaşamağa məcbur olmuşlar. İlkin orta çağda cəfərilik adı altında Beyrut yəhudilərinin yenidən fars şovinist siyasətini qurmaları, bunu 12-ci yüzildə ideoloji silaha çevirmələri, 19-cu yüzilin ortalarında isə Fransa, İngiltərə və Rusiyanın sayəsində fars şovinmizminin siyasi ideologiya üzərində hakimiyyətə gətirilməsi doktrinası hazırlanmışdır. 1925-ci ildə sonuncu türk hökmdarı Əhməd Şah Qacar elə bu güclər tərəfindən hakimiyyətdən devrildikdən sonra paniranizm və fars şovinimizi çiçəklənəmyə başlamışdır. İndiki halda bu siyasi sistemin çöküşü eyni zamanda 87 illik ideologiyasının tam süqutu deməkdir. 

Bütün dünya İranda Türkə qarşı 

Başda ABŞ, İngiltərə və Fransa olmaqla dünyanın bütün gücləri mollakratiya rejiminin devrilməsindən sonra İranda mövcud olacaq hansı dövlət modelinin tətbiq olunması istiqamətində çoxgedişli kombinasiyalar hazırlanmaqdadır. Böyük güclərin mətbəxində hazırlanan "İran üçün yeni dövlət modeli" projelərində təkcə türkə yer yoxdur. Tehrandakı mollakratiya rejimi də bu siyasəti təqdir edir. Son illər Güney Azərbaycanın Türkiyə və Orta Asiya ilə sərhəd bölgələri olan Urmu və Xorasan vilayətlərinə kürdlərin və farsların miqrasiya axınlarının gücləndirilməsi, onların iri torpaq mülklərinə sahib çıxa bilməsi, yerli hakimiyyətlərdə, biznes stukturlarında aparıcı gücə çevrilmələri modeli bir siyasət olaraq gücləndirilmişdir. Kürdlər və farslar türklərə məxsus bu tarixi əraziləri indi özlərinin əzəli torpaqları olması haqqında geniş miqyasda təbliğatlarını qurmuşlar. Elə Avropa dövlətlərinin rəsmi xəritələrində Güney Azərbaycan torpaqlarının tən yarısı "Kürdüstan" kimi qeyd olunur. Tehran rejimi isə həmin bu "elmi" əsərləri fars dilində qısa zaman içində tirajlayaraq ölkə daxilində geniş təbliğat şəbəkəsinə əlavə etmişdir.

Hal-hazırda Almaniya, Kanada, ABŞ, İngiltərə, Fransa, Belçika, Danimarka, İsveç, İtaliya və digər dövlətlərdə fars dilində yayınlanan "Simayi Şəms", "Səbahənd", "Simayi -İRAN", "Cebheyi Azadi", "Cebheyi Milli", "Persian TV" tipli 340-dan çox televiziya və radio kanalları İranda dəyişəcək rejimin alternativi olaraq yenə də fars şovinist siyasətini təbliğ edirlər. Bu KİV-ləri İranın hər yerində izləmək heç də problem deyil. Digər yandan İranın özündə belə, təşəkkül tapmaqda olan yeni siyasi və ictimai qurumlar da mərkəziyyəçi fars şovinizmi və paniranizm ideologiyasına söykənilməkdədir. Son illər daha da aktuallaşan "Yaşıllar Hərəkatı" əslində modern dona girmiş liberal zahirən liberal baxışları təbliğ edən, ancaq fars şovinizmi xəstəliyindən uzağa gedə bilməyən bir qurum olduğu üçün Güney Azərbaycanda təqdir olunmur. Elə üzdə Tehran rejiminə qarşı müxalifətdə olduğunu elan etmiş keçmiş şahpərəstlər, xalq mücahidləri, solçu təşkilatlar, İran milli burjuaziyası və digər güclər Avropa dövlətlərinin dərin dəstəyi ilə "İran məsələsində Türkü inkar etmə" strategiyası ilə hərəkət edirlər. Bu yöndə Əşrəf Dehqani tipli milli manqurtlarımızı da irəli çıxarmaqda səxavətlə hərəkət edirlər. Beləcə, İranla bağlı milli siyasət masasında Azərbaycan və Türkmən türklərinə yer yoxdur. Kürd, lor, bəluc, gilək, mazandarani, ərəb, erməni, aysor və digər toplumlara isə səxavətlə qucaq açılır. 

Mollaların hədəfi "Suriya", "Şiə İraqı" və "Fələstin" 

Tehranın mollakratiya rejimi indi onun devrilməsi üçün dünya birliyinin hərəkətə keçdiyi məqamda ölkədaxili inqilabi proseslərdən əhalini yayındırmaqla bütün diqqətləri Suriya, İraq və Fələstin məsələsinə yönəltməkdədir. Belə ki, Qərbin BOP (Böyük Orta Doğu) planına görə, İraq "Şiə İraqı", "Sünnü İraqı" və "Kürdüstan"a bölünməlidir. Belə olduğu təqdirdə, "Əhli beytə" və "cəfəri" dindaşlara dəstək adı altında Tehran rejimi ölkənin bütün siyasi, ideoloji, sosial və hətta iqtisadi mənada gücünü bu üç bölgəyə yönəltməyə çalışır. "Şiə İraqı"nın İrana birləşdirilməsi tipli siyasi avantüranı dərinləşdirməyə ən azından ictimailəşdirilməkdədir. "Böyük İran" (əslində fars şovinizminin təsir dairəsi) doktrinası olaraq bu yöndə xeyli sayda qurumlar və fondlar da yaradılmışdır. Bununla yanaşı indi Suriyada BƏƏS partiyası adı altında 40 ildir hakimiyyətdə olan şiə hakimiyyətinin müdafiə olunması üçün İran bu ölkəyə 35 min nəfərlik xüsusi cəza hərbi dəstələrini göndərmişdir. Guya onlar Suriyada "kafir"lərə, beynəlxalq "imperializm"ə qarşı cihada göndərilmişlər. Başqa bir tərəfdən isə Fələstində "radikal şiə" qruplaşmalarının daha da aktiv olması, böyük bir sosial gücə çevrilməsi üçün İran özünün dövlət büdcəsindən xeyli miqdarda vəsait ayırmaqla yanaşı, ölkədə çoxlu sayda hərbi təlim düşərgələrini də yaratmışdır. Dotasiyaya möhtac olan Tacikistanla isə hələ ki, Tehran rejiminin işləri düz gətirmir. İran ötən 20 il ərzində Tacikistan üzərindən bütün Orta Asiyaya təsir etmək kimi dərin siyasətlər yürütsə də, başda özbəkistan olmaqla, Türkmənistan və Qazaxıstanın səyləri nəticəsində bütün bunlar baş tutmamışdır.

İran Suriya, İraq və Fələstin modelinə üz tutmaqla yanaşı, həm də bu ölkələrdə özünün hərbi və siyasi mənada yedəkdə dayanmış güc amilinə də xüsusi əhəmiyyət verir. Belə ki, həmin üç region üzərindən İrana yönəlik beynəlxalq koalisiya güclərinin qarşısını almaqla proseslərin coğrafi dairəsini genişləndirməyə ümid edir. Bu üç bölgədə davamlı şəkildə terror siyasətinin idarə olunması da İranın işləklərindən biridir. Bu incə və zərif siyasəti fars şovinistləri hələ 11-12-ci yüzilliklərdə "Ələmut şeyxləri", "İsmaili hərəkatı" və "Həsən Sabbah-Nizamülmülk-ömər Xəyyam" üçlüyündə tətbiq etmişdi. Yəni farslara məxsus terror, dövlət siyasəti və mənəviyyat paralel şəkildə inkişaf etdirilirdi. Bu gün İraqda "müqəddəs torpaqlar", Suriyada "Orta Doğunun taleyi" və Fələstində "bütün islam aləminin lideri" uğrunda həmin üçlük modelindən yararlanılmaqdadır.

Bu gün İraqda şiələrin hakimiyyətdə üstün mövqelərə sahib çıxması üçün İran dövlət büdcəsindən milyardlarla dollar vəsait xərcləməkdə heç də xəsislik etmir. İraqda "Mehdi Ordusu"nun yaradılması, "Əs Sədrin döyüçüləri", baş nazir Hüseyn əl Malikinin olması İranın bölgədəki əsas dayaqları hesab olunurlar. Bu iki taktiki gedişlə İran həm də İraq üzərindən Suriyaya mümükn olan təsirini qorumağa cəhd edir. Halbuki bu həmin Hüseyn əl Malikidir ki, onun Əl Qaidə ilə isti münasibətlərdə olduğunu bilməyən yoxdur.

İranın digər bir üçlük modeli olan "İran-Pakistan-Əfqanıstan" üçlüyü istiqamətində irəli sürdüyü təkliflər isə iflasa uğramışdır. Fələstin məsələsində "Hizbullah", "XAMAS" və "Qüds" tipli hərbiləşdirilmiş stukturları uzun müddətə maliyyə cəhətdən təmin etmək indiki məqamda İran üçün çox böyük itkilərə səbəb ola biləcəyindən soraq verir. çünki İrana qarşı beynəlxalq səviyyədə tətbiq olunan embarqoların hesabına, indi bu ölkədə demək olar ki, hər gün inflyasiya kimi dəhşətli olan bir bəla dərinləşməkdədir.

İranın siyasi ekspansiya siyasətinin Afrika, Orta Doğu, Qafqaz və Orta Asiyada iflasa uğraması da ölkənin çevrəsində baş verən proseslərin daha ciddi olduğunu bir daha təsdiq edir. ölkənin Sistan, Bəlucstan, Rezavi və Güney Xorasan əyalətlərində son illərdə yaradılmış hərbi düşərgələrdə "Bəsici Hərəkatı" adı altında kasıb ailələrdən çıxmış gənclərin hazırlanması, onların narkotika bəlasına tutulması və bunun ardınca "cənnət"ə getmələri üçün istənilən döyüş meydanına göndərilməsi siyasəti gücləndirilməkdədir. 11-12-ci yüzilliklərdə "Ələmut şeyxləri" və "Həsən Sabbah" hərəkatları məhz bu sınanmış taktikadan istifadə edərək görkəmli Səlcuq hökmdarlarını, ordu komandanlarını, ziyalıları, alimləri terror edirdilər. İndi bu siyasət "bəsic" adı altında İraq, Suriya və Fələstində tətbiq olunur. 

Təcrid oyununda xəyanət 

Keçmiş SSRİ-nin dağılmasından sonra soyuq savaş da başa çatmışdır. Elə bunun ardınca SSRİ-nin varisi olaraq Rusiya "Şərqi Avropa Sosialist Dövlətləri" coğrafiyasında və Balkan yarımadasında mövqelərini necə itirmişdirsə, bunun ardınca Afrika və Orta Doğu ölkələrində də son 20 ildə 60-dan çox dövlətə təsiri yox olmuşdur. İraq, Suriya və indi də İranın beləcə, Rusiyanın strateji müttəfiqi missiyasının başa çatması erası sürətlə baş verməkdədir. Rusiya uzun müddət xarici siyasətini neft və silah üzərində qurduğu üçün indi həmin dövlətləri itirməklə, həm də ənənəvi bazarları əlindən çıxmaqdadır. Elə çin də diktator rejimi olaraq Rusiyanın getdiyi yolla addımlamışdır. İrandakı rejimin bu gün beynəlxalq dəstəyi rolunda çıxış edən Rusiya, çin və Hindistanın Orta Doğuya təsir imkanları azaldığı üçün çətin duruma düşmüşlər. Belə ki, Qərbə məxsus koalisiya qüvvələri Oman, Hörmüz, Fars körfəzlərini, Hind okeanına çıxış yollarını nəzarətə ala bildiklərinə görə İrana dəstək verən dövlətlərin çevik şəkildə manevr imkanları da tükənmişdir. Boliviya, Nikaraqua, Kuba, Argentina, Braziliya, Panama tipli ölkələrin İrana verdikləri siyasi dəstək isə qlobal səviyyədə o qədər də effektli deyildir. çünki İrana dəstək verən ölkələrin heç birində demokratik azadlıqlar yoxdur. Siyasi müşahidələrə görə, Rusiya, çin və Pakistan 2003-cü ildə "İraq ssenarisi"ndə olduğu kimi, bu dəfə də İranı yalnız qoyacaqlar. 

Fransa, İtaliya, Almaniya, Avstriya, İsveç, Norveç, Hollandiya və digər Qərb dövlətləri 1978-ci ildə İranda şahlıq rejimi devrilsə də, bu ölkə ilə bütün siyasi, iqtisadi, sosial və humanitar əlaqələrini saxlayırdılar. Son bir ildə İrana qarşı tətbiq olunan sanksiyalardan sonra Tehran rejiminin Avropa dövlətləri ilə iqtisadi və maliyyə əlaqələri 90 faizdən 10 faizə enmişdir. Hər il 4,5 milyon ton Avropaya buğda eksport edən İran, indi 1 ton belə Avropaya buğda eksport edə bilmir. İranın xarici ticarət əlaqələri daraldıqca, uzun müddət onun strateji tərəfdaşları olan ölkələr də digər altrenativ ticarət əlaqələri və yollarını aramağa başlayıblar. Rusiya, çin və Hindistanın son bir ildə tədricən İranla olan əlaqələrinin zəifləməsi elə bunun təsdiqidir.

***

Hal-hazırda İran xarici iqtisadi və ticarət əlaqələrini daha çox kasıb ölkələrlə qurmaqla başını girləməkdədir. Oman, Sudan, Fələstin, Pakistan, Əfqanıstan, Tacikistan və digər kasıb ölkələr indi İranın əsas ticarət əlaqələrə malik olduğu ölkələr sırasındadır. İran Hörmüz körfəzində mövqelərini itirməklə həm də dünya bazarında neftin 40 faizinin bu bölgədən eksport olunması məsələsində də payının azalmasına görə daha da qəzəbli bir duruma düşmüşüdür.

Əksər mütəxəssislərin fikrincə, son 33 ildə ilk dəfə olaraq İranın milli təhlükəsizliyi ciddi şəkildə təhlükəyə məruz qalmışdır. Belə ki, Tehran rejimi tədricən onun iqtisadi və maliyyə ortağı olan ölkələrlə belə əlaqələri zəifləməyə başlamışdır. "Ərəb Baharı"nın ardınca İranın milli gəlirlərinin azalması, strateji müttəfiqlərinin dünyada baş verən proseslərə görə ehtiyatlı davranış qaydalarına keçməsi, ölkə daxilində inflyasiyanın sürət götürməsi və beynəlxalq sanksiyaların əhatə dairəsinin daralması bu böhranı sübut edən əsas amillər hesab olunur. İndiki məqamda bütün dünyada gözlər Suriyaya dikilmişdir. Burada 40 illik Əsəd ailəsinin diktator rejiminin çökməsinin ardınca İranın da belə bir aqibəti yaşayacağı şəksizdir. Bütün bunlardan Azərbaycan bir dövlət olaraq örnək götürməlidir. ölkədə hakimiyyətin sabitliyi deyil, sabit demokratiyanın yanında durmaq 21-ci yüzilin əsas siyasi şərtlərindən biridir. Totalitar və ya yarımtotalitar rejimləri digər ölkələrdə olduğu kimi eyni aqibəti gözləyir. İran artıq bunun düz bir addımlığında dayanıb. Təcrid oyununda strateji müttəfiqlər belə, onu yalnız qoymağa başlayıblar. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az