"İslam ümməti daxilində həmrəylik vacibdir"

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İyad bin Amin Mədəni birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə Azərbaycanı təbrik edərək, 2017-ci ildə keçiriləcəl İslam Həmrəylik Oyunlarının da eyni səviyyədə keçiriləcəyinə əminliyini vurğulayıb.

O, Azərbaycanın İƏT-in üzvü kimi fəal rolunu yüksək qiymətləndirib.

Azərbaycanın İƏT ilə əlaqələrinə xüsusi önəm verdiyini vurğulayan nazir Elmar Məmmədyarov İƏT-in üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli mühit yaratdığını nəzərə çatdırıb. İslam ümməti daxilində həmrəyliyin vacibliyini qeyd edən nazir Elmar Məmmədyarov İƏT-in İslam dünyasının üzləşdiyi problemlərin müzakirəsi və həlli üçün vacib mexanizm olduğunu bildirib.

Elmar Məmmədyarov İƏT tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzünün qəti şəkildə pislənilməsi, münaqişənin beynəlxalq hüququn prinsipləri, xüsusilə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin dəstəklənməsinə dair mövqeyinin yüksək qiymətləndirdilyini diqqətə çatdırıb.

O, xüsusilə Avropada olmaqla, İslamafobiya meyllərinin artmasına münasibətdə narahatlığı ifadə edərək, Azərbaycanın bütün səviyyələrdə bu məsələni qaldırdığını qeyd edib.

Görüşdə həmçinin İƏT-in fəaliyyət mexanizmləri, prioritet istiqamətləri, qarşıdan gələn yüksək səviyyəli tədbirlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

"Report"



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az