İsmayıllıda toyda qətl-Polis qatili axtarır

İsmayıllıda toyda qətl-Polis qatili axtarır
İsmayıllı rayonundakı qətlin bəzi təfərrüatları məlum olub.

APA-nın xəbərinə görə, hadisə bu gün axşam rayonun Topçu kəndində keçirilən toy mərasimində qeydə alınıb. Kənd sakini, 1976-cı il təvəllüdlü Hüseynov Canpolad Firudin oğlu toy mərasimində spirtli içki qəbul etdikdən sonra şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı bibisi oğlu, 1976-cı il təvəllüdlü Feyzullayev Hikmət Kazım oğluna çoxsaylı bıçaq xəsarətləri yetirib. Döş qəfəsi, qarın boşluğu və sol bud nahiyəsindən 3 bıçaq xəsarəti alan Hikmət Feyzullayev təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da orada dünyasını dəyişib. Hadisəni törədən Canpolad Hüseynov bıçaqlanma zamanı öz əlindən də xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Həkimlər ona tibbi yardım göstərib. Canpolad Hüseynov bibisi oğlunun öldüyünü eşidərək xəstəxanadan qaçıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları qətli törədən Canpolad Hüseynovun tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

Qeyd edək ki, Canpolad Hüseynov 20 il məhkumluq həyatı yaşayıb və həbsxanadan azadlığa bu yaxınlarda çıxıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma davam etdirilir.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az