İstanbul terrorçusu: "Oğlumu tapın, hər şeyi danışım"
Türkiyə polisi Reina əyləncə klubunda həyata keçirilən terror aktı ilə bağlılığı olan İŞİD əmirinin izinə düşüb
"Övladımı tapın, sizə məlumatların hamısını verim”, - deyə terrorçu şərt qoyub.
İŞİD terrorçu qruplaşmasında sürətlə yüksələn əmir köməkçisi olan Əbdülqadir Maşaripovun Əl-Qaidə və Taliban terrorçu qruplaşmalarında təlim keçmək üçün Əfqanıstana göndərildiyi müəyyən olunub.
İstiPress-in məlumatına görə, Özbəkistan İslami Hərəkatının üzvü olarkən İŞİD-ə qatılan terrorçunun Reina əyləncə klubundakı terror aktı ilə bağlantısı olan daha bir şəxslə əlaqəli olduğu deşifrə edilib.
Kəşfiyyat mənbələrindən YeniŞəfəq qəzetinə verilən məlumata görə, həmin terrorçunun adı Əbu Cihaddır. İŞİD-in əmirlərindən biri olan Əbu Cihad Maşaripovu Türkiyədə terror aktı törətməyə vadar edən və hazırlayan şəxs olduğu bildirilir. Terrorçunun telefonunda Əbu Cihadla mesajlaşdığı məlum olub. Hazırda Əbu Cihadın əsl kimliyi araşdırılır.
Əbdülqadir Maşaripov Terrorla Mübarizə İdarəsinin əməkdaşlarına daha çox məlumatlar verəcəyini deyib. Qəzetin yazdığına görə, terrorçu sorğu-sual zamanı mütəmadi olaraq oğlundan bəhs edir. Maşaripov polislərdən oğlunun tapılmasını istəyib.
"Övladımı tapın, sizə məlumatların hamısını verim”, - deyə terrorçu şərt qoyub.
Uşağın İŞİD-in kuryerləri tərəfindən İstanbulun Pendik rayonuna aparıldığı iddia edilir. Polis bəzi ünvanlara basqın etsə də, hələlik uşağı tapa bilməyib.
Son məlumatlara görə, məsciddə terror aktı törətmək üçün plan hazırlayan İŞİD-çilərə qarşı aparılan əməliyyatlarda 15 terrorçu-kamikadze yaxalanıb, daha sonra 28 İŞİD-çi də tutulub.
"Reina” gecə klubuna silahlı basqın dekabrın 31-də yeni il gecəsində həyata keçirilib. Terrorçu avtomatla 700-dən çox adamın olduğu gecə klubuna girib və atəş açmağa başlayıb.
Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, terror aktı nəticəsində 39 nəfər həyatını itirib, 69 nəfər yaralanıb. Ölən və yaralananlar arasında azərbaycanlılar da olub.
Qeyd edək ki, yanvarın 16-da gecə saatlarında Maşaripov İstanbulun Esenyurt rayonunda xüsusi əməliyyat nəticəsində saxlanılıb.
Miq.Az