“Kapital Bank”la DSMF-nin Bərdə FIRILDAĞI - Şəhidə verilən vəsait MƏNİMSƏNİLİB
Olanları cəmiyyətdə məmur özbaşınalığını qiymətləndirmək üçün test indiqatoru da hesab eləmək olar.
Deməli, haqqı tapdanan, ədalətsizliyin qurbanı olan, faciə girdabına atılanların sayı az deyil. Eldar Mahmudov nümunəsi təklikdən kənardı, digər nazirlik və dövlət orqanlarında da mahmudovsayağı işlər var. Fərq bundadır ki, Eldar Mahmudov varlı, pullu adamların, məmurların boğazına çökəndə, hələ də dövlətin rahat kreslolarında əyləşənlər yazığın, yetim-yesirin, gününü qara edirlər. Əmək və Əhalinin Sosial Müdafə Nazirliyi işçilərinin Bərdə rayonunda şəhid ailəsinin başına açdıqları oyundan Miq.az saytında silsilə yazılar gedib. Ya haqq deyib fəryad edənlərə aidiyyatı vəzifə sahibləri görəsən, niyə laqeyd yanaşırlar?
SHXÇDX-i də yarandığı gündən bu günə kimi ancaq özünə aid olmayan işlərlə məşğüldur. Və bu qurum yarandığı gündən indiyə kimi beş jurnalistin şahidliyi ilə gedib bir şəhid albomu varaqlamaq əvəzinə, göz yaşı hələ də qurumayan şəhid ailələrinin məhz göz yaşlarıyla yazdıqları məktubları da ya cavabsız buraxıblar, ya da məktublara təyinatı üzrə düzgün cavab verməyiblər.
Miq.az-ın oxucuları yaxşı bilir ki, bu mövzuya bəlkə də onuncu dəfədir ki, müraciət edirik. Və əgər Bərdə rayonu, Mustafaağalı kənd sakini şəhid ailəsi Əsli Muradovanın məmurlarımız tərəfindən pozulmuş hüqüqları bərpa olunmasa, bu mövzuya müraciətimiz davam edəcək. Çünki Azərbaycan şəhidinin adına, ailəsinə şər atan məmurun cəzası həmişə ağır olub.
"Şəhid ailəsinə verilən təqaüdü DSMF-nin Bərdə filialının müdiri ilə "Kapital Bank”ın Bərdə filialının hansısa işçisi əlbir olaraq hər ay alıblar”
"Bərdə rayon Dövlət Sosial Müdafiə Fondunun əvvəlki rəhbəri illər ərzində şəhid ailəsinə düşən təqaüdü mənimsəyib. Yeni müdir gələndə müəyyən miqdar vəsaitin mənimsədiyini görüb və şəhid anasını məhkəməyə verərək, 2008-2014-cü illərdə aldığı təqaüdü dövlət büdcəsinə qaytarmasını tələb edib. Halbuki şəhid ailəsinə verilən təqaüd 2008-ci ildən kəsilib”, – deyir, vəkil Xaqani Məmmədov.
Xaqani Məmmədov Bərdə rayonu, Mustafaağalı kəndinin sakini Əsli Muradovanın nümayəndəsidir. Əsli Muradovanın oğlu Mübariz Muradov 1995-ci ilin iyulunda hərbi xidmətə çağrılıb və həmin ilin dekabrında şəhid olub. Vəkil deyir ki, bundan 12 il sonra Bərdə Rayon İcra Hakimiyyətinin başçısı şəhid Mübariz Muradovun ailəsinə şəhid ailəsi adı verib:
"Bununla bağlı ailəyə 174 nömrəli şəhadətnamə də təqdim edilib. Ailə, 2007-ci ili bütövlükdə şəhid ailəsi təqaüdünü alıb. 2008-ci ilin yanvarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu xanıma məktubla müraciət edib ki, oğlunun sənədlərinin içində bir arayış çatmır. Bərdə Rayon Hərbi Komissarlığından bununla bağlı arayış alıb, onlara təqdim etməsi istənilib. Yoxsa, təqaüdün kəsiləcəyi deyilib”.
Vəkil bildirir ki, müvəkkili dəfələrlə Bərdə Rayon Hərbi Komissarlığına getsə də, sənədi ala bilməyib. Amma işin içində Mübariz Muradovun xidmət etdiyi hərbi hissə rəhbərliyinin onun hansı şəraitdə şəhid olmasını təsdiq edən sənədi olub:
"Buna baxmayaraq, təqaüd 2008- ci il yanvarın 1-dən dayandırıldı. Bundan sonra Əsli Muradova aidiyyatı qurumlara, prezidentə müraciət edib. Ancaq problemi həll edə bilməyib. Sonra hesab edib ki, yəqin DSMF qanunla hərəkət edib, həqiqətən də onlara təqaüd düşmür. İşin başını buraxıb, daha heç yerə müraciət etməyib”.
Xaqani Məmmədov deyir ki, bu yaxınlarda məlum olub ki, Əsli Muradovaya verilən təqaüd dayandırılmayıb. İllərdir həmin təqaüd kimlərsə tərəfindən alınıb.
Əsli Muradova bugünlərdə DSMF-nin Bərdə rayon şöbəsinin onu məhkəməyə verməsi ilə bağlı məktub alıb:
"Guya o, 2008-ci ilin yanvarından 2014-cü ilin sentyabrınadək qanunsuz 9825 manat şəhid ailəsinə verilən təqaüdü alıb. Şikayətə əsasən, Əsli Muradova 9825 manatı geri, dövlət büdcəsinə qaytarmalı imiş. Bərdə Rayon Məhkəməsində işə hakim Əhməd Sarıyev baxdı. DSMF-nin şəhid ailəsinə qarşı qaldırdığı iddia rədd edildi. Ekspertiza keçirildi və aydın oldu ki, Əsli Muradova pulu almayıb”.
"Kapital Bank”ı su basıb?
Miq.az-a araşdırmasına görə, noyabrın 11-də Bərdə ƏSMM-inin şəhid anası Əsli Muradovaya qarşı qaldırdığı iddia üzrə Bərdə rayon Məhkəməsinin iclası keçirilib. Hakim Əhməd Sarıyev iddiaçının nümayəndəsi Səriyə xanımı kürsüyə dəvət edərək ötən dövr ərzində məhkəmə araşdırılmasının aparıldığını onun nəzərinə çatdırıb. Fakt üzrə işlərin araşdırılması zamanı əngəllərin yaradılmasından da danışılıb. Kapitalbankdan xətti ekspertizaya təqdim etmək üçün cəmi bir sənəd əldə etmək mümkün olub. Guya bankı su basıb, sənədlər məhv olub. Xətti ekspertizaya göndərilən həmin bir sənəddə də şəhid təqaüdünün alınmasına görə çəkilən imzanın Əsli Muradovaya aid olmadığı aydın olub. Beləliklə, Ə. Muradovaya qarşı qaldırılan iddia təmin edilməyib.
Hakim Əhməd Sarıyev
Vəkil bildirir ki, həmin illər ərzində şəhid ailəsinə verilən təqaüdü DSMF-nin Bərdə filialının müdiri ilə "Kapital Bank”ın Bərdə filialının hansısa işçisi əlbir olaraq hər ay alıblar:
Şəhidə hörmətsizlik...şəhid anasına atılan şər və böhtan
"Görün nə qədər dəhşətlidir. DSMF və "Kapital Bank”ın Bərdə filialında şəhid ailəsinə qarşı belə biabırçılıq törədiblər. Pulunu yedikləri bəs deyil, hələ bir məhkəməyə verib, almadıqları pulu tələb ediblər”.
X.Məmmədov deyir ki, hazırda sənədlər araşdırılması üçün Baş Prokurorluğun yanında Korrupsiya Baş İdarəsinə göndərilib. Vəkil bildirir ki, Əsli Muradovaya pulu almamaq yox, oğlunu vətənin uğrunda şəhid verməsinə baxmayaraq, ona şər atılması təsir edir:
"Ona təsir edən bu amansızlıqdır”.
"Kapital Bank”ın baş ofisindən məsələyə münasibət bildirəcək şəxs tapılmayıb. Bankın Bərdə rayon filialından da suallar cavablandırılmayıb.
"Müdir burada yoxdur. Biz bu barədə məlumat verə bilmərik”.
Bir müddət öncə Əsli Muradovanın təqaüdü ala bilməməsi ilə bağlı şikayətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev mətbuata açıqlama verərək Bərdə rayonu Mustafaağalı kənd sakini Mübariz Muradovun şəhid olmadığını, xəstəlikdən öldüyünü bildirmişdi. Nazirlik rəsmisi qeyd etmişdi ki, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi tərəfindən verilən arayışda M.Muradovun Murovdağ ərazisində məhz xəstəlik nəticəsində vəfat etdiyi yazılıb: "Buna görə də ailəyə verilən təqaüd dayandırılıb”.
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev hətta şəhid təqaüdünün ağbirçək ana Ə. Muradovanın şəxsən özü tərəfindən alındığını, pulu geriyə qaytarmadığından yalan danışdığını demişdi.
Amma az keçməmiş Əsli Muradova Bərdə ƏSMM-yə dəvət olunur. Mərkəzin baş mühasibi tərəfindən ona nazirliyin müraciəti əsasında kapitalbankın bankomatına baxıldığını, kartla pul çıxaranların təsvirlərinin aşkar edildiyini, pulun çıxarılmasının ona aidiyyatının olmadığı bildirilmişdi. Nazirlik adından pulun alınmadığına dair notarial imza təsdiqiylə izahat da alınır.
Şəhid anasının prezident İlham Əliyevə müraciətindən
Cənab prezident!
...Bir daha nəzərinizə çatdırıram ki, övladım Muradov Mübariz Heydər oğlu 04 iyul 1995-ci ildə Bərdə rayon Hərbi Komissarlığından hərbi xidmətə aparılıb. Həmin ilin 27 dekabrında isə balamın cənazəsi üstümə gətirilib. Hərbi hissədən oğlumun şəhid olduğu bildirilib. 172 saylı hərbi hissənin komandiri, Milli Qəhrəman, polkovnik-leytenant Fəxrəddin Cəbrayılovun imzası və möhürüylə bu fakt təsdiqlənib. Hərbi hissənin verdiyi bildirişdə yazılıb: "Azərbaycan Respublikasının müdafiəsində xidməti borcunu yerinə yetirərkən Muradov Mübariz Heydər oğlu Murovdağ bölgəsində həlak olub.” Bundan sonar digər dövlət orqanlarında, Bərdə RİH-də, Bərdə rayon ƏSMM-də oğlumun şəhid status təmin edilib.
Müdafiə Nazirliyinin, yaxudda SHXÇDX-nin başdan eləmək xatirinə göndərdiyi cavablar məni qane etmir. Mən balamı xidmətə çağıran Müdafiə Nazirliyindən, SHXÇDX-dan izahat istəyirəm. Balamın adı niyə "Qaytarılmaz itkilər”kitabında yoxdur?! Məgər Müdafiə Nazirliyi və SHXÇDX mənim balamı" qaytarılmış itki” hesab edir?! Əgər onlar balamı qaytara bilirlərsə, buyurub qaytarsınlar, onun şəhid adını istəmirəm.
Müdafiə Nazirliyi və SHXÇDX-nin verdyi cavablar dövlətlə mənim aramda əbədi olaraq səpilən nifrət toxumu deməkdir. Bu cavablarla azadlığıma, hüquqlarıma, təhlükəsizliyimə təminat verməli olan dövlətim açıq-aşkar məni aldadıb, məni ələ salıb. Belə çıxır ki, övladımın Azərbaycan Respublikasının müdafiəsində xidməti borcunu yerinə yetirərkən həlak olduğunu yazmaqla məni aldadıblar. Onda öz əlləri ilə yazıb möhürlədikləri sənədin səhvən yazıldığını və etibarsız olduğunu bəyan etsinlər. Və izah etsinlər ki, mənim balam orduda hansı şəraitdə və niyə ölüb.
Cənab prezident! Sizdən xahiş edirəm ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı olaraq oğlumun ölüm faktına hüquqi qiymət verilməsini təmin edəsiniz. Ümummillilider Heydər Əliyevin fərmanıyla əsgərliyə çağırılan, onun komandanlığı altında hərbi qulluq keçən, müharibə şəraitində olan Murovdağda xidməti borcunu yerinə yetirərkən həlak olan balamın taleyinə hüququ qiymət verilməsini xahiş edirəm.
Eyni zamanda diqqətinizə çatdırıram ki, 2008-ci ildə mənə şəhid balamın adına lütf edib verdiyiniz prezident təqaüdünün kəsildiyini bildiriblər.
Cənab prezident! Həmişə olduğu kimi yenə də ümidim sizədir. Mən hələdə məmurların qanunsuz hərəkətlərindən əziyyət çəkirəm. Hüquqlarım tapdanır, mənə mənəvi cəhətdən əzab verirlər. Ümid edirəm ki, Siz mənə haqqımın bərpasında yardımınızı əsirgəməyəcəksiniz.
Sizdən xahiş edirəm, şikayətlərimin diqqətlə araşdırılması, həlak olmuş oğlumun statusunun müəyyən edilməsi, ƏƏSM-də baş verən qanunsuzluğun aradan qaldırılması, Azərbaycan Respublikasının vətəndaşı olaraq mənim hüquqlarımın bərpası istiqamətində qətiyyətli tapşırıq verəsiniz. Hepatit xəstəliyindən əziyyət çəkən, ahıl şəhid anasının bu ağrı və acılarına laqeyd qalmayacağınıza inanıram.
Miq.az