“Kimdən silah alacağımızı biz seçirik, bizi seçmirlər”
Şair Ramaldanov: "Azərbaycan istənilən ölkədən silah ala bilər”
KİV-də yer alan məlumata görə, NATO-nun Brüssel sammitindən sonra Fransa Azərbaycana silah satmağa hazır olduğunu, bu məsələdə heç bir problem görmədiyi vurğulayıb.
Frasanın silah bazarını ölkəmizə açması Azərbaycana nə vəd edir? Bu, ölkəmizə öz müdafiə və təhlükəsizlik sistemini yeni silahlar hesabına möhkəmləndirməsi baxımından əlavə imkanlar yarada bilərmi?
Moderator.az-a açıqlama verən hərbi ekspert Şair Ramaldanov Azərbaycanın istənilən ölkədən silah ala biləcəyinə diqqət çəkdi:
"Fransanın ölkəmizə silah satmayacağı ilə bağlı məsələ ilk olaraq erməni mətbuatı tərəfindən ortaya atılıb. Ermənilər qeyd etmişdilər ki, guya Fransanın səfiri bildirib ki, münaqişəyə cəlb edilən ölkələrə silah satmırıq. Yadınızdadırsa, müdafiə naziri Zakir Həsənov Belarusa gedəndə də ermənilə belə bir şaiyə yaymışdılar ki, guya Belarus öz raketlərini Azərbaycana satmayacaq. Lakin keçirilən paradda Belarus istehsalı olan raketlər də nümayiş olundu.
Hər bir sənaye sahəsi kimi hərbi sənaye müəssisələri də öz məhsullarını xarici bazarda satmaqda maraqlıdır. Bunun üçün beynəlxalq sərgilər keçirilir. Bu sərgilərdə Fransa da çıxış edir. Bu sərgidə nümayiş edilən silahlar satış üçündür. Əgər bu silahalr hər hansı bir ölkədə maraq oyadırsa, onların alınması istiqamətində də müvafiq addımlar atılır.
Azərbaycanın Fransadan silah alıb-almaması ölkəmizin iradəsindən asılı olan bir məsələdir. Azərbaycan istənilən ölkədən silah ala bilər. Hansı ölkədən, hansı bazardan silah alınmasına Azəbaycan qərar verir. Azərbaycan Rusiyadan silah alır. Paradda ABŞ helekopterlərinə də şahid olduq. Türkiyə, İsrail, Belarus, Ukrayna da ölkəmizin silah aldığı dövlətlərdir. Bu ölkələrin hərbi-sənaye kompleksi öz müasirliyi, keyfiyyəti ilə heç də Franmsadan geridə qalmır.
Fransa tərəfinin son açıqlaması isə bir daha onu göstərdi ki, Fransa hərbi məhsullar bazarı Azərbaycan üçün açıqdır”.
Miq.Az