Lavrov Bakıya niyə gəlir? - Dağlıq Qarabağ üzrə növbəti görüş olacaqmı?
Rusiya xarici işlər naziri Sergey Lavrov iyulun 4-də İrəvana səfər etdikdən sonra Bakıya gələcək.
Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdəki sədri, almaniyalı həmkarı Frank Valter Ştaynmayerlə birgə keçirdiyi brifinqdə deyib. Nazir bildirib ki, prezidentlər səviyyəsində Dağlıq Qarabağ üzrə növbəti görüşün keçirilib-keçirilməyəcəyi Lavrovun səfərindən asılı olacaq: "Fransa tərəfindən təklif var, biz buna etiraz etmirik. Əsas odur ki, danışıqlarda nəticə əldə olunsun. Sülh yolu ilə irəliləyiş istəyiriksə, danışıqlar üçün danışıqlar olmamalıdır”.
Lavrovun gəlişi həqiqətən də Dağlıq Qarabağ üzrə növbəti görüşün keçirilib-keçirilməyəcəyini müəyyən edəcəkmi?
Politoloq Arzu Nağıyev ATV.az-a açıqlamasında bildirib ki, Qarabağ münaqişəsinin həll edilməsi bağlı müvafiq addımlar atılır və bununla bağlı sanki bir intensivləşmə var: "Eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədrləri bu istiqamətdə müvafiq addımlar atır və Rusiya da özünün nüfuzu ilə bağlı regionda təşəbbüsü ələ almağa çalışır. Məhz buna görə də, müxtəlif tribunalardan Rusiyanın xarici siyasətlə məşğul olan məmurları belə şimal qonşumuzun açar fiqur olduğunu tez-tez təkrarlayırlar. Məhz buna görə də Lavrovun səfəri belə müsbət hal kimi qarşılanır ki, məhz Rusiyanın xarici siyasətdə sözünü deyə bilən bir şəxsi Azərbaycana səfər edəcək və ola bilsin ki, ATƏT-in Minsk Qrupu həmdsədrlərinin ölkələrindən biri kimi müvafiq söhbətlər aparsın.
Məhz buna görə də, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov belə bir açıqlama ilə bəyənat verir. Bundan başqa bildiyiniz kimi, ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Ştaynmayer də Azərbaycana səfər etdi. İstər Vyana görüşündən, istər Sankt-Peterburq görüşündən sonra artıq görüş naminə görüş keçirmək bir tərəfə qoyulur və konkret addımlar atılması üçün işlər görülür. Eyni zamanda, dünən Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri həm Azərbaycan prezidenti İlham Əliyevlə, həm də Ermənistan prezidenti Serj Sarkisyanla telefon əlaqələri yaradıb. Əsas mövzu yenə də Dağlıq Qarabağ münaqişəsinin həlli oldu.
Bütün bunları birləşdirib belə bir nəticəyə gəlmək olar ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sanki buzlar əriməyə başlayıb. Artıq konkretliyin vaxtı çatıb, istər Madrid prinsiplərinin, istər Kazan görüşləri ilə bağlı müvafiq addımlar atmağın vaxtı çatıb. Eyni zamanda qeyd etmək lazımdır ki, bütün görüşlərin məğzi bir istiqamətə yönəlməlidir. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, ondan sonra artıq hər hansı millətin öz müqəddəratını həll etmək istiqamətində atılan addım, bunların hamısı Azərbaycanın ərazi bütövlüyü çərşivəsində baş verməlidir.
- Elmar Məmmədyarov çıxışı zamanı bildirib ki, sənəd var, bununla bağlı razılaşma əldə olunub. Burda hansı razılaşmadan söhbət gedir?
- Ortada bir sənəd var, Madrid prinsipi. Madrid prinsipi də o deməkdir ki, Azərbaycanın suverenliyi məsələsi birinci şərt olmalıdır, işğal olunmuş ərazilərimiz erməni quru qoşunları, silahlı qüvvələri tərəfindən qeyri-şərtsiz çıxarılmalıdır, ondan sonra isə digər addımlar atılmalıdır. Düşünürəm ki, əsas sənəd bundan ibarətdir.
Miq.az