Lənkəran Dövlət Universitetindəki nöqsanlarla bağlı Universitet tələbələrinin "Veteninfo.az"ın elektron poçtuna göndərdikləri bəyanatı olduğu kimi təqdim edirik:
Bu gün Lənkəran Dövlət universitetinin acınacaqlı vəziyyəti bizi - LDU tələbələrini bu addımı atmağa vadar edir və burada baş verən hadisələri bütün təfərrüatı ilə ictimaiyyətin nəzərinə çatdırmağa məcbur edir. Vəziyyət o yerə gəlib çatıb ki, bu universitetin ölkəmizin gələcəyi üçün hazırlamalı olduğu gənclər bu gün təkcə təhsilə deyil bütünlükdə gələcək həyatına inamı sarsılmış şəkildə universitetdən ayrılır. Burada baş verən hadisələr, rüşvətxorluq artıq elə bir həddədir ki, universiteti hər yerdə “Qara bazar” kimi tanımağa başlayıblar. Burada artıq təhsil deyilən bir anlayış qalmayıb. Asəf İsgəndərovun burada qurduğu bazar siyasəti bütün buradakı tələbələri də, ailələrimizi də az qala müflis edib. Burada oxuyan tələbələrdən elələri var ki, evdən ancaq çörək pulunu ala bilir. Onu da almaqdan çəkinmir bu rektor və mafiyası. Nə qədər dözmək lazım olduğunu, nə qədər göz yummaq lazım gəldiyini isə heç kim bilmir! Universitetə gələn üçün də vəziyyət belədir, gedən üçün dəyişməzdir.
Çox heyf burada sərf olunan 4-5 illik ömrlərə. Halbuki Azərbaycanımıza, millətimizə faydalı ola biləcək nə gözəl təhsil almaq olardı və nə çox işlər görmək olardı?!
Bu gün onu demək olar ki, bu universitet yetişdirdiyi tələbələrə təhsili sata-sata öyrətməklə gələcəkdə yüksək təhsilli mütəxəsisslər deyil, gündəlik cörək pulunu qazanmaqda çətinliklərlə üzləşəcək zavallı nadanlar yetişdirir. Bir hiss var içimizdə: Universitetin yüksək amallara xidmət etməsini missiyasını rektorluq öz aciq qazancına və mənfəətinə dəyişib! Qapılarını rektor tələbələrə o qədər möhkəm bağlayıb ki, təhsilə nifrət hissi yaratdığını, tələbələrin qürurunu-şərəfini göndərdiyi müəlimlərin necə alçaltdıqlarından da xəbəri olmur.
Dünyanın harasında görülüb ki, universitetdə informatika texnologiyaları üzrə təhsil alan bir tələbə universiteti qurtarana yaxın gedib başqa bir yerdə kurs keçsin, kompüter öyrənsin? Harada görülüb ki, həmin tələbə oxuduğu müddətdə kompüterin nə olduğunu biməsin, universitetdə kompüter görməsin, nəzəri və təcrübi məlumatı olmasın? Sabah belə tələbələrin başqalarına və özünə faydası nə olacaq?
Həm də başa düşmək olmur ki, niyə tələbələrdən yığılan pullar qarşılığında təhsilin keyfiyyəti getdikcə daha da düşür, tələbələr isə hər keçən gün daha da güclü təzyiqlə üzləşir? Rektor əgər bunları edə bilirsə qanundan necə yayına bilir? Eşidirik universitetə kompüter alınır, kitab alınır, avadanlıq alınır, gözləyirik heç nə dəyişmir! Eşidirik bu olacaq, o olacaq, amma heç nə baş vermir.
Azərbaycan Respublikasının Konstitusiyasında göstərilir ki, hər bir kəsin təhsil almaq hüququ var və dövlət minimum təhsil standartlarına nəzarət edir. Hüquq təşkilatlarına və eləcə də təhsil üzrə aidiyyatı qurumlara bildirmək istəyirik ki, burada konstitusiyanın vətəndaşlara verdiyi hüquqlar ciddi şəkildə pozulur və təhrif edilir. Bu qanun pozuntuları milli maraqlar deyil, şəxsi mənfəətlər hesabına baş verir. Eləcə də aşağıda bənd-bənd göstərilən faktlar deyilənlərin daha konkret təstiqidir və araşdırmaq isyəyənlər üçün bir istiqamətdir.
Universitetdə mövcud problemləri bu məktubla başda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olmaqla, hüquq təşkilatlarına, KİV-nə, nazirliklərə və digər aidiyyatı orqanlara göndərməklə məsələnin ciddiliyini ən kiçik detalları ilə vurğulamaq istəyirik. Eləcə də bu qurumların vəziyyətə biganə qalmayacağını, lazımı tədbirləri görəcəyinə də şübhəsiz inanırıq. Biz eləcə də vicdanını və şərəfini qorumuş müəllimlərə də susmamağı, bütün haqsızlığa və ədalətsizliyə qarşı çıxmaları üçün səslənirik!
Aşağıda LDU-də mövcud olan problemləri bir araya gətirməyə çalışmışıq.
1. Korrupsiya halları
§ Korrupsiyanın yaranması şəraitinin formalaşdırılması korrupsiyanın yaranması üçün hər iki tərəfin iştirakı vacib olduğundan bəzi müəllimlər elə şərait yaradırlar ki, oxumayan və ya oxumaq istəməyən tələbə məcburi sürətdə bu prosesdə iştirak edirlər. Bu da istər-istəməz tələbələrin nəticədə təhsilə qeyri-ciddi yanaşmasına gətirib çıxarır və universitetimizdə dərsə qarşı həvəsi-marağı öldürür. Elə təəssürat yaranır ki, müəllimlər üçün əsas olan puldur. Tələbə oxuyub-oxumamasının heç bir fərqi yoxdur...
§ Tələbələrdən alınması üçün müəyyən olunmuş pulun miqdarı (bu rəqəm fakultədən-fakultəyə dəyişir)
3 qiyməti - 40Azn (30 Azn)
4 qiyməti - 50Azn (40 Azn)
5 qiyməti - Qrup nümayəndəsi və "DayDay"ı olanlar...
Müəllimlərdən soruşanda nəyə görə qiymətlər bahadır, cavab o olur ki, “Siz gələcəkdə pul çox görəcəksiniz”...
§ Burada pul verməyənlərə qarşı münasibət çox təzadlıdır. 3-4 % tələbə xaricində bütün tələbələrdən məcburi pul yığılır. Elə tələbə də var ki, semestr ərzində 1 və ya 2 imtahana pul vermir, qalanlarına verir. O da qalır müəllimin insafına. Böyük ehtimalla (80%) kəsilir.
§ Pulun yığılması az qala bütün tələbələrə diktə olunub və qəbul etdirilib. Pul qrup nümayəndələrinə yığdırılır. İmtahan olan günü imtahan keçirilən imtahan zalının qabağında hamı əlində pulla qrup nümayəndəsini axtarır. Hər qrup bir kənara çəkilib pulu verirlər. Sonra isə imtahan başlamamış pul və adlar qeyd olunmuş siyahı həmin müəllimə çatır.
§ Müəllim imtahanı qiymətləndirəndən sonra Qorxmaz Ağayev ilə görüşür. Müəllim, Qorxmaz Ağayev və rektorun arasında pullar "dədə malı" kimi bölüşdürülür. Universitetdə qiymətlər tapşırıqla adətən müəllim uşaqlarına verilir. Amma bəzi hallarda tələbə yalnız bir müəllimlə iş görür. Yəni, pulu yalnız o müəllimə verir. Həmin müəllim də o birilərinə tələbəni keçirməyi tapşırır və ya əlavə bir miqdar pul verir ki, narazılıq olmasın.
§ Akademik borcu olan tələbələrdən də eyni qayda ilə imtahandan keçmək üçün əlavə pul yığılır.
2. Tədris korpusu - istilik sistemi
§ Mövcud magistratura binası demək olar ki, tədris üçün əlverişli deyil. Otaqların qızdırılmasında isə yalnız elektrik qızdırıcılardan istifadə edilir və nəticədə otaqlar qış zamanı həmişə adi otaq temperaturu normasından çox-çox aşağı olur. Bəzən istinin hərarəti o qədər aşağı olur ki, otaqların pəncərələrinin olması belə insanda şübhə yaradır.
§ Tədris binasında isə yerə qar düşməmiş “atepleniləri” yandırılmır. Yandıranda da otaq qızan kimi söndürülür. Ümumilikdə tələbələr hər qışda istilik problemi ilə qarşı qarşıya qalırlar. Auditoriyalar soyuq olur. Kitabxananın oxu zalında istilik sistemi kimi elektrik qızdırıcısından istifadə edilir. O da ki, zalın qızmağında kifayət etmir. Tələbələrin müxtəlif yollara istilik problemini bildirməsini rektorluq indiyədək məhəl qoymayıb
3. Resurs mərkəzləri və Lazımi Resurslar
§ Müasir təhsil texnologiyaları ilə bağlı universitetdə heç bir resurs mərkəzi yoxdur. Mövcud 2 kompüter otağının qapısına “kənar şəxslərin girişi qadağandır” sözləri yazılıb və tələbələrin o otaqlardan hansısa halda istifadəsinə icazə verilmir. Toplam bu otaqlardakı kompüterlərin sayı 20-ə çatır və burada təhsil alan 1500 tələbəyə bu kompüterlərdən istifadəyə icazə verilsə hər 75 tələbəyə 1 kompüter düşəcək. Bu səbəbdəndir ki, sadəcə riyaziyyat - informatikadan təhsil alan tələbələr kompüteri öyrənmək üçün son kurslara gəldikdə universitetdən kənarda əlavə kompüter kurslarında təlim keçir və kompüter biliklərinə yiyələnir. (Tələbələr illər ərzində az qala bir dəfə belə kompüterdən istifadə edə bilmirlər). Universitetdə ümumilikdə elmi ədəbiyyatların əksəriyyəti rus dillində olduğundan əksər tələbələr kitablardan istifadə etmir və ya edə bilmir. Kitabxanada olan kitabların böyük qismi (ən axırıncı buraxılışlar) 6-7 il bundan qabaq dərc olunan kitablardır. Tələbələrin informasiyaya çıxışı yalnız kitabladır və digər yol və metodlar isə universitetdə yoxdur-mövcud deyil. (İnternet - resurs mərkəzləri, dərnəklər və s.) Universitetdə olmaması səbəbiylə tələbələrin 99%-i referativ jurnalların nə olduğunu bilmir. Bu universitetdə referativ jurnallar istifadə edilmir.
§ Elmi və elmi tədqiqat laboratoriyasındakı bütün elmi vəsaitlər müəllimlər tərəfindən evlərdə saxlanılır və oğurluqdan qorunur! Universitetimizin heç bir xarici elmi-məlumat bazasına çıxışı yoxdur, əlaqələr varsa da bizim olanlar barədə xəbərimiz yoxdur.
§ Bütün deyilənlərlə yanaşı yaxşı bir hal kimi universitetin bir ksereks aparatı var və 10 qəpik qarşılığında xidmət göstərir
4. istedadlı tələbələr üçün şəraitin yaradılması
§ LDU-da konfrans, elmi cəmiyyətlər var. Amma bunların heç birinin tələbələrə nə faydası, nə aidiyyatı var. (sadəcə sözdə mövcuddur)
§ TGT (Tələbə Gənclər Təşkilatı) bir neçə il bundan əvvəl istedadlı tələbələrin aşkarlanması, üzə çıxarılması və onların inkişafı istiqamətində universitetimizdə müxtəlif işlər görürdü. Lakin sonralar sadəcə rektorun istəyi ilə fəaliyyətlərin istiqamətləndirilməsi başladığından tələbələrin bu təşkilata inamı itdi və indi sadəcə adı ilə mövcuddur. İstedadlı tələbələrin həvəsləndirilməsi üçün hər hansı maddi-mənəvi dəstək sistemi yoxdur? “Mənəvi” dəstək olsa da maddi olaraq heç vaxt, heç nə olmayıb.
§ LDU tələbələrinin gözünü elə qorxudublar ki, haqqı olanı istəməyə, düzgün sözü deməyə də çəkinirlər. “Birdən qovarlar”, “qiymətimi kəsərlər”, ”ilişdirərlər” və s. kimi qorxular həmişə var və tələbələr bu mövcud vəziyyəti artıq qəbul edib. Amma hər şeyə göz yumub sözünü deyənlər də olur bəzən. Tələbələr hər hansı bir fəaliyyətə etirazlarını bildirdikdə universitet rəhbərliyi buna özünə məxsus şəkildə cavab reaksiyası verir. Bəzən tələbə təzyiqə məruz qalır, bəzən də dekanlıq özünə “məxsus şəkildə” tələbəni sakitləşdirir.
§ Buradakı təhsili təhlil etdikdə daha çox bu Universitetin sadəcə “xüsusi maraqlarına” xidmət etdiyini görmək olur. Tələbənin yüksək təhsil aldığını ictimaiyyət və digər qurumlara göstərmək universitet rəhbərliyi əsas məqsədidir... Nəyin bahasına olursa-olsun. İlkin kurslardan başlayaraq tələbədə yaranmış olan “Mədəni Bazar” anlayışı və fikri təhsilin sonuna qədər təhsilə nifrət hissini yaratmağa kifayət edir (burada olan bütün tələbələr bu fikirdədir). “İstedadlı tələbələr” tanınmış və ya ciddi təsirə malik biri tərəfindən tapşırılıbsa ona diqqət ayrılır və ya əksər hallarda “universitetin bu və ya başqa işə ayırmağa imkanı məhduddur” cavabı alınır.
5. Universitetlərin beynəlxalq əlaqələrinin vəziyyəti
§ Bu Universitetdən xarici ölkə universitetlərinə heç bir tələbə göndərilmir, tələbə mübadiləsi proqramları yoxdur və heç bir birgə elmi tədqiqatlar aparılmır. Xarici əlaqələr bir tərəfə, cəmi bir neçə müəllim istisna olmaqla Bakı müəllimlərini belə görmək mümkün deyil. Eləcə də xaricdə təhsil almaq istəyən tələbələrə universitet rəhbərliyi müsbət baxmır və gedib-gələn tələbəyə münasibət pisləşir.
6. istehsalat (çöl təcrübəsi) təşkili üçün şərait
§ Universitet rəhbərliyi tərəfindən çöl təcrübələrinin keçirilməsi üçün lazımı şərait yaradılmayıb. Ümumiyyətlə burada çöl təcrübəsi olmur. Tələbələr ancaq kağız üzərində müəssisələrə göndərilir. Ən yaxşı halda tələbələrin davamiyyəti yoxlanılır. Olan təcrübələr (əgər olursa) hər il eyni müəllimlər tərəfindən aparılır. Bir sözlə təcrübələr formal olaraq aparılır.
7. ictimai fəaliyyətlərdə inzibati qaydalara məhdudiyyətlərin qoyulması
§ Tələbələrin xüsusilə bir yerə toplaşmalarına, sərbəst müzakirələr aparmalarına, universitetimizin ictimai həyatı ilə bağlı yeni təkliflər-ideyalar səsləndirmələrinə ciddi məhdudiyyətlər yaradılır. Təkliflərimiz əgər universitetlə bağlıdırsa qəbul edilmir. Bu artıq bir aksioma kimi qəbul edilib. Tələbələrin nəyəsə etiraz bildirməsi mümkünsüz görünür və belə hallara qarşı qorxu var. Universitetdə hər hansı bir ədalətsizlik faktına münasibət bildirən tələbələrin Universitetdən xaric edilmə təhlükəsi böyükdür (Pərviz Əzimov, Anar Əskərov və s.)
§ Universitet rəhbərliyi və ətrafındakı şəxslər narazılıqları bildirməyə çalışan tələbələri müxtəlif yollarla (şantaj, tələbə yoldaşlarını onun üstünə qaldırmaq, konfliktlərə cəlb etmək, süni şəkildə fənn müəllimlərinin əli ilə qeyri müvəffəq qiymət yazdırmaq, valideyni universitetimizə dəvət edib övladının xaric edilməsi ilə qorxutmaq və s.) susdurmağa çalışır... Başqa bir yol da dekan tələbəni çağırıb “şirin” dili ilə qaydasına qoyur
§ Universitetin özünə məxsus tədris və inzibati binaları olmadığı kimi (hazırdakı universitetimiz binası uyğunlaşdırılmış və müxtəlif təyinatlı müəssisələrin korpuslarıdır) tələbələrin aktiv fəaliyyətləri üçün heç bir istirahət mərkəzi, klub, resurs və elmi-tədqiqat mərkəzləri, bir sözlə tələbələrin sərbəst şəkildə toplaşa biləcəyi ictimai məkan yoxdur
§ Deyilənlərə ümumiləşdirsək universitetdə tələbələrin mükəmməl təhsil almaları və sosial mədəni inkişafları üçün zəruri şərait yaradılmayıb (bir növ universitet adi orta məktəbdən fərqlənmir və şəhərdə mövcudluğunu yerli ictimaiyyət heç bir halda görmür və hiss etmir)
§ Universitet rektorunun şəxsi maraqlarına (tələbənin universitetimizdə ədalətsizliyə, nöqsanlara qarşı barışmaz mövqedə olması, universitetimizdə korrupsiya, qohumbazlıq hallarına etiraz etməsi və s.) qarşı çıxan tələbələrin ciddi təzyiqə məruz qalması (onlara hədə-qorxu gəlinməsi, təhqir edilməsi, alçaldılması, hətta döydürülməsi) halları mövcuddur. Belə hallar olanda universitet daxilində həll edilməyə cəhd edilir və mümkün qədər gizli saxlanılır. Məsələni bəzən həmin tələbədən başqa demək olar ki, heç kim bilmir
8. Fənlərin ixtisas üzrü müəllimlər arasında bölünməsi
§ Universitetin professor və müəllim heyətinin cəmi 3%-i elmlər doktorudur. Elmi dərəcəsi olmayan müəllimlərin sayı 30% -dan artıqdır.
§ Universitetdə 5-8 və daha çox müxtəlif fənlərdən dərs deyən müəllimlər vardır. (Misal üçün avropa ölkələrində bir müəllim bir fənni aparır və ya bəzən bir fənni tematik mövzular üzrə bir neçə müəllim aparır). Düşünürük ki, aparılan mühazirələrin elmi səviyyəsi bu gün mövcud şəraitdə rəqabət apara bilən kadrların hazırlığı üçün kifayət və yetərli deyil
§ Psixolojik olaraq qeyri ixtisas müəllimlərinin universitetimizdə mühazirə aparması bu universitetdə təhsil alan tələbələrin elmə və seçdikləri ixtisasa olan marağını öldürür, onlarda həmin təhsil müəssisəsinə, müəllimlərə qarşı aqressiv münasibət yaradır
9. Regiona xas ixtisasların mövcudluğu
§ Bütün turizm ixtisasları, balıqçılıq, dənizçilik, aqrar sahələrlə bağlı ixtisaslar və s. olmaması və ya mövcud olanların bağlanması universitetin Bölgəyə və bölgə insanlarına faydasını minimuma endirir.
§ 2008-ci ildə “Dəmirağacı parkı” salınması xaricində Lənkəran-Astara iqtisadi rayonunun tarixini, coğrafiyasını, etnoqrafiyasını, təsərrüfat xüsusiyyətlərini öyrənilməsi sahəsində LDU-da heç bir iş görülməyib və nəticə əldə edilməyib... Qeyd etmək lazımdır ki, “Dəmirağacı parkı”nda heç bir dəmirağacı yoxdur
§ Tələbələr tələfindən dəfələrlə rektora bölgə üçün əhəmiyyətli və vacib ixtisasların (ekotuzim, fransız dili və ədəbiyyatı, bank işi, gözəl sənətlər və s.) açılması təklif edilsə də nəticədə təkliflər qəbul edilməyib və gözardı edilib.
P.S. Məktubda tələbələrin və universitetin ümumi problemləri göstərilib deyə heç bir tələbə adını ayrıca göstərməmişik. Ad hallandırmamağımızın başqa səbəbi bizdən əvvəl az da olsa buna cəhd edənlərin ciddi cəzalandırılması olmuşdur. Qeyd edək ki, bundan sonrakı fəaliyyətlərdə daha lakonik və konkret olmağa çalışacağıq.