Lerikin qəhrəman və ŞƏHİD ÖVLADLARI-"Əbədiyyət yolçuları"

Lerikin qəhrəman və ŞƏHİD ÖVLADLARI-

Bildiyiniz kimi, vətənimiz Azərbaycan zaman-zaman xarici işğalçıların, ərazi bütövlüyümüzə göz dikən qəsbkarların hücumlarına məruz qalıb. Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımız bu yolda çoxlu itkilər vermiş, qalibiyyətlərlə yanaşı, məğlubiyyətlər də yaşamışdır. Bu savaşlarda isə xalqımızın mərd övladları qanları və canları bahasına tarixin şanlı səhifələrində yeni mübarizlik səhifələri açmışlar.

Hər qarışı şəhid məzarı, hər ovuc torpağı şəhidlərin qanı ilə yoğrulan bu müqəddəs torpaq dəfələrlə parçalanaraq bugünkü Azərbaycan halına düşmüşdür.
Bu müharibələrdən biri də çoxlu insan tələfatına səbəb olmuş 1-ci Qarabağ savaşıdır.
 
Azərbaycanın digər rayonları kimi Lerik rayonu da Qarabağ savaşında iki yüzə yaxın şəhid və itkin verərək tarixin ağrılı səhifələrinə adını yazmışdır. Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağa göz dikən erməni qəsbkarlarına qarşı mübarizə aparan və bu yolda canlarından keçərək şəhidlik zirvəsinə ucalan vətən oğulları haqqında çoxlu əsərlər yazılmış, filmlər çəkilmişdir. Eyni zamanda, Lerik şəhidləri haqqında da bir sıra kitablar, poemalar, şeirlər, publisistik əsərlər yazilaraq onların adları əbədiləşdirilmişdir. Belə ki, ölkənin tanınmış qələm adamları - Şəkər Aslan, İdris Şükürlü, Hüsaməddin Abbasov, Novruz Nəcəfoğlu, Dəstəgül Zamanlı, Qədiməli Əhməd və digərləri zaman-zaman bu mövzularda bədii və publisistik əsərlərlə çıxış etmişlər.
Bu mövzuda Əməkdar jurnalist, şair-publisist İdris Şükürlünün qələmə aldığı "Ölsən, inanma” kitabını və yazıçı publisist Hüsaməddin Abbasovun publisistik məqalələrini xüsusi qeyd etmək olar.
"Əbədiyyət yolçuları” kitabında da biz Lerik rayonundan olan 148 şəhid və itgin haqqında məlumat verərək az da olsa, vətən qarşısında öz vətəndaşlıq borcumuzu yeri-nə yetirməyə çalışmışıq.
Onu da qeyd edək ki, bu mövzudakı əsərlər təkcə ağrı-acılı tarix deyil, həm də gələcək nəsillərə mesajdır. Bu mövzuda əsərlər yazan həmkarlarımıza da təşəkkür edirik. 

Uzun və çətin əziyyətdən sonra Xalid Ağayevin müəllifi olduğu Lerikin qəhrəman şəhid övladlarından bəhs edən "Əbədiyyət yolçuları" kitabı bu gün işıq üzü gördü. Bu işi görməklə şəhidlərin ruhu qarşısında vəzifə borcunu  yerinə yetirən Xalid Agayevə təşəkkür etməklə bahəm,  həm də onu təbrik edirik!!!

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az