Millət vəkili: "Gənc nəslin yoldan çıxmasına yönəlik çağırışlar..."

Millət vəkili:

"Bunlar polisə, icra başçısına qarşı silah işlədənləri "milli qəhrəman” elan edirlər”

"Gəncə olayları sosial şəbəkələrə nəzarəti gücləndirməyin vacibliyini bir daha göstərdi”

Məlum olduğu kimi, Gəncə olaylarında bəzi qüvvələrin sosial şəbəkələr vasitəsi ilə insanlara müraciət edərək onları iğtişaşa, qarşıdurmaya dəvət edib. Hansı ki, bu şəxslərlə bağlı hüquq-mühafizə orqanlaırnda genişmiqyaslı araşdırma aparılır. 

Xatırladaq ki, hələ bir müddət bundan öncə millət vəkili Siyavuş Novruzov sosial şəbəkələrə nəzarətin gücləndirlməsi təklifi ilə çıxış etmişdir. Millət vəkili hesab edirdi ki, sosial şəbəkələrdən istifadə edənlərin kimliyinin şəffaflığı bu kimi təxribatların qarşısının alınmasında, qanunsuz çağırışlar edənlərin kimliyinin operativ şəkildə müəyyənləşməsində mühüm rol oynaya bilər. 

Moderator.az-a açıqlama verən millət vəkili S.Novruzov vurğuladı ki,  Gəncə olayları sosial şəbəkələrə nəzarəti gücləndirməyin nə qədər vacib olduğunu bir daha göstərdi:

"Mən bu hadisələri görürdüm. Sosial şəbəkələrdə hələ "ərəb baharı” dövründə müəyyən çağırışlar olunurdu. Bilinmirdi ki, bu çağırışları edən kimdir. Tutaq ki, Ermənistanda Azərbaycan dilini bilən hansısa qüvvələr bu çağırışları edir. Yaxud bizi istəməyən hansısa bir dövlət, onun nümayəndələri bu cür çağırışlar səsləndirir. O baxımdan da mən belə bir təklif vermişdim ki, istənilən çağırış edən şəxs şəxsiyyət vəsiqəsini təqdim etsin, bundan sonra müraciət etsin. Qadın kişi şəkli, kişi qadın şəkli ilə çağırış edir. Başqa adlar altında yazırlar. Kimisə təhqir edir, dövlət çevrilişinə çağırış edirlər və s. 
Hüquq-mühafizə orqanları bu məsələ ilə əlaqədar cinayət işi qaldırıblar. Dövlət çevrilişinə cəhdlə bağlı çağırışlara görə bir qrup şəxsin məsuliyyəti məsələsi gündəmdədir. Onların axtarışı və ölkəmizə gətirilməsi ilə əlaqədar artıq aidiyyatı strukturlara müraciət olunub. 

Bəzi şəxslər var ki, xaricdə oturublar. Erməni lobbisi tərəfindən maliyyələşirlər. Heç nədən xəbəri olmadığı halda belə, yalandan çağırış edir, polisə, icra başçısına qarşı silah işlədənləri "milli qəhrəman” elan edir, gənc nəslin yoldan çıxmasına yönəlik çağırışlar edirlər. Hesab edirəm ki, bunun qarşısı ciddi şəkildə alınmalıdır”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az